Rumıniyanın paytaxtı Buxarestdə eyni vaxtda, eyni yerdə yığışaraq hədiyyə paylayan Santa Klausların sayı ilə bağlı yeni rekord vurulub. Bu barədə «BBC News» agentliyi məlumat yayıb.
Ginnesin Rekordlar Kitabının ekspertlərinin hesablamasına görə, üzərində Santa Klausun qırmızı-ağ geyimi olan 3939 adam Rumıniya parlamentinin qarşısından yürüşə başlayaraq şəhər küçələrində insanlara hədiyyələr paylayıblar. Ginnesin Rekordlar Kitabının nümayəndələri bildiriblər ki, rekordun qeydə alınması üçün ən azı 3 min adamın toplanması tələb olunub.

Təşkilatçılar isə rekordı qırmaq üçün qoyulan «planı» artıqlaması ilə yerinə yetiriblər. Rumıniyalı Santa Klausların əvvəlki rekordu qırdıqları elan ediləndən sonra Ginnesin Rekordlar Kitabının nümayəndələri alqış sədaları altında təntənəli şəkildə Buxarest merinə sertifikat təqdim ediblər.
Qeyd edək ki, 2008-ci il dekabrın 14-də Portuqaliyanın Portu şəhərində 14 min 200 adam Santa Klaus geyimində parad keçiriblər. Lakin onlar rumınlardan fərqli olaraq, şəhər küçələrini gəzən zaman hədiyyə paylamayıblar. Buna görə də onların rekordu ayrıca olaraq qeydə alınıb.