Bütün dünya bayram əhval-ruhiyyəsindədir. Bir neçə gün sonra hamı 2009-cu ilin başlamasını qeyd edəcək. Amma kim və necə? ABŞ prezidenti Corc Buş ölkənin əsas yolkasının işıqlarını yandıran zaman Yeni ildə qeyri-adi arzusunu dilə gətirib. Prezident kreslosunu tərk edən Buş bundan sonra təyyarə problemi yaşayacağını düşünərək Santa Klausdan xizək xahiş edib.
Onun yaxın dostu, İtaliyanın baş naziri Silvio Berluskoni isə dözə bilməyib və nəvələrinə Yeni il başlamamış hədiyyələr bağışlayıb: məşhur Supermenin oyuncağını. Amma nədənsə, Supermenin başının yerində Berluskoninin öz kiçik əksini qoyublar. İndi mühafizəçilər baş nazirin nəvələrinin oyuncağın başını qırmamasına nəzarət edirlər...


Ümumilikdə isə italiyalılar Yeni ili dəbdəbə ilə qarşılamağa hazırlaşırlar. Məsələn, Milan şəhərinin administrasiyası dilənçiləri qara kürüyə qonaq edəcək. Ümumi çəkisi 40 kiloqram, dəyəri isə 400 min avro olan kürünü qaçaqmalçılardan müsadirə ediblər. Pulu isə havaya atmaq qərarından vaz keçiblər: şəhər dilənçiləri krallara layiq bayram süfrəsində oturacaqlar...
Əvəzində isə Peru hökuməti əhaliyə ənənəvi olaraq bayram süfrəsinə qoyulan hind toyuğunu dəniz donuzu ilə əvəz etməyi məsləhət görüb - ucuz və xeyirli. Bu heyvan cəmi 3-4 dollara başa gəlir. Almaniyanın Köln şəhərində isə Santa Klauslar ixtisasın yüksəldilməsi kurslarına yazılıblar. Məsələn, onlar parfümdən istifadə etməyin Santa Klaus üçün qadağan olduğunu öyrənirlər. Bundan əlavə, onlara «Santa Klausların mövcudiyyətinə inanırsınızmı?» sualına dərhal necə cavab verməyi də öyrədəcəklər.


Yeri gəlmişkən, Böyük Britaniyadakı məktəblərdən birinin müəlliməsi həmin suala düzgün cavab tapmadığı üçün işdən qovulub. Məsələ belə olub: 7 yaşlı uşaqlara dərs deyən müəllimə onlara başa salıb ki, əslində heç bir Santa Klaus-filan yoxdur. Hədiyyəni isə valideynlər gətirir. Müdiriyyət isə uşaqları «doğru yol»dan sapdıran müəlliməni dərslərdən kənarlaşdırıb.


ABŞ-da Santa Klaus dövlət əhəmiyyətli obyektdir. Onun Yer kürəsi ətrafında dövr etməsini hərbi-kosmik müdafiə komandanlığı izləyir. Bu, 1955-ci ildən dəbdədir. Çünki o zaman «Qaynar xətt» telefonunda bir rəqəmin səhv yazılması səbəbindən Santanın səyahəti barədə xəbər tutmaq istəyən uşaqların hamısı hərbi komandanlığın qərargahına düşürmüş. Zabitlər isə tamamilə ciddi şəkildə uşaqlara sehirli xizəklərin koordinatlarını xəbər verirlərmiş...…


Praqada isə Santa Klaus xalq düşməninə çevrilib və persona-non-qrata elan edilib. Çünki şəhərdəki «qar adamlar» «Yejika»nın müdafiəsi üçün etiraz aksiyasına başlayıblar: «Yejika» Çexiya Yeni ilinin həqiqi simvoludur. Biz Şaxta babanı yola sala bildik. İndi də Santa Klausu yola salacağıq».