Məşhur italiyalı aktyor və müğənni Andriano Çelentano özünün yazdığı «Çernobl barədə yuxular» mahnısına klip çəkdirib. «Deutsche Welle»nin yazdığına görə, Çelentano bu kliplə insan fəaliyyətinin planetə hansı zərbə vurduğunu düşündürməyə çalışır.
Müğənni «Heyvan» adlı albomuna daxil olan 12 dəqiqəlik «Çernobl barədə yuxular»ın rejissoru kimi də çıxış edib. Mahnının nəqaratında apokaliptik «Biz hamımız havaya uçacağıq, bum!» ifadəsi səslənir.
Çelentano çəkdiyi klipin montajı ilə də şəxsən məşğul olub. Tənqidçilər bildirirlər ki, bu klip «insan gözünün önündən getməyən əsl şokdur». Müğənni özü isə etiraf edib ki, məhz belə bir effektə nail olmaq istəyib. O, əlavə edib ki, bu klipdən sonra insanlar fəaliyyətləri ilə Yer kürəsinə hansı zərbəni vurduqları üzərində daha ciddi düşünməyə başlamalıdırlar. Mahnıda buzlaqların əriməsi, Venesiyanın yox olmaq təhlükəsi, nüvə silahı, qətl və zorakılıqlar da xatırlanır. Bulanıq fonda isə vaxtaşırı Çernobl AES-in kölgəsi əks olunur.