Çexiya "Eurovision" mahnı müsabiqəsində iştirakdan imtina etmək niyyətini açıqlayıb. BBC-nin məlumatına görə, Çexiya televiziyası bunu ölkəni təmsil edən müğənnilərin ənənəvi pis nəticə göstərməsi ilə əlaqələndirib.
Müğənnilərin çox aşağı nəticə göstərməsi sonda çexiyalı televiziya tamaşaçılarının müsabiqəyə marağının itməsinə gətirib çıxarır. Qeyd edək ki, Moskvada keçirilən "Eurovision-2009" mahnı müsabiqəsində Çexiyanı təmsil edən "Gypsy.cz" kollektivi ilk yarımfinalda 0 səs toplayıb. Bu, "Eurovision"un son 5 illik tarixində iştirakçı ölkənin, ümumiyyətlə, xal toplaya bilməməsi ilə bağlı ilk hal olub.
Çexyanın nəticələri bundan əvvəl də ürəkaçan olmayıb. 2007-ci ildə Çexiya təmsilçiləri yarımfinalda axırıncı yeri tutublar. 2008-ci ildə isə bu ölkə yarımfinalda sondan əvvəlinci yeri tutaraq, ancaq Macarıstanı qabaqlaya bilib.
Xatırladaq ki, "Eurovision-2009" mahnı müsabiqəsi Moskvada keçirilib. Müsabiqəni bütün dünyada 122 milyon adam izləyib. Müsabiqənin finalı mayın 16-da baş tutub və Norveçi təmsil edən belaruslu Aleksandr Rıbakın qələbəsi ilə başa yatıb. Azərbaycanə təmsil edən Aysel və Araş cütlüyü isə üçüncü olublar.