Amerikalı müğənnilər Beyons Noulz və Ledi GaGa 2009-cu il üçün «MTV Video Music Awards»ın 9 mükafatına iddia edirlər. «Reuters» agentliyi qeyd edir ki, bir müddət əvvələ kimi adı qalmaqallarda hallandırılan Britni Spirs də səhnəyə təntənəli şəkildə qayıtmaqda davam edir. O, 7 nominasiyada qələbəyə namizəddir.
   Xatırladaq ki, Britni ötən il də təntənəli şəkildə səhnəyə qayıdaraq Amerikanın musiqi telekanalının eyni zamanda üç mükafatını qazanıb. Münsiflər heyəti o zaman Britninin «A piece of me» mahnısına çəkilən klipi ilin ən yaxşı videoçarxı hesab edib. Spirs özü ən yaxşı ifaçı kimi tanınıb, onun klipi isə həm də «Pop stilində ən yaxşı video» nominasiyasının qalibi olub.
   Britaniyalı komik Rassel Brendin aparacağı «MTV VMA» mərasimi sentyabrın 13-də Nyu-Yorkdakı «Radio City Music Hall» konsert zalında keçiriləcək. Ümumilikdə 15 kateqoriyada «MTV Video Music Awards» mükafatı təqdim ediləcək. Onların arasında «Ən yaxşı hip-hop video», eləcə də ən yaxşı pop və rok videoçarxlar var.
   Bu ilin ən yaxşı videosu adına Ledi GaGanın «Poker Face», Beyonsun «Single Ladies (Put a Ring on It)» və Spirsin «Womanizer» videoçarxları iddia edir. «İlin klipi» adına isə Eminemin «We Made You» və Kanye Uestin «So What»ı da iddialıdır.
   Qeyd edək ki, Ledi GaGanın «Poker Face» klipi «Ən yaxşı qadın videosu» kateqoriyasında da mübarizə aparacaq. Bu kateqoriyada onunla Beyonsdan əlavə, Keti Perri («Hot N Cold»), Kelli Klarkson («My Life Would Suck Without You»), Teylor Svift («You Belong With Me») və Pink («So What») mübarizə aparacaqlar.
   Öz növbəsində «Ən yaxşı kişi videosu» nominasiyasında Eminem və Kanye Uestlə bərabər Jay-Z («Death of Auto-Tune»), reper T.İ. («Live Your Life») və Ne-Yo («Miss Independent») yarışacaqlar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar