Dahi İtalyan rəssamının yubileyi qeyd edildi
Aprel ayının 16-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında görkəmli italyan rəssamı Leonardo da Vinçinin 560 illik yubileyinə həsr olunmuş “Leonardonun sehrli dünyası” mövzusunda tədbir keçirildi.
Akademiyanın sənətşünaslıq fakültəsinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə çıxış edən Əməkdar incəsənət xadimi, dosent Ziyadxan Əliyev Leonardo da Vinçinin dahi rəssam olmaqla yanaşı, ensiklopedik biliyə malik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, heykəltəraş, memar, musiqiçi və yazıçı olduğunu diqqətə çatdırdı. Bildirildi ki, Leonardo da Vinçinin yubileyi təhsil ocağında ilk dəfə qeyd olunur və bundan sonra görkəmli rəssamların yubileyləri ilə bağlı silsilə tədbirlər təşkil olunacaq.
Sonra tədbir iştirakçıları dahi rəssam haqqında ayrı-ayrı mövzularda çıxış etdilər. Sənətşünas Aslan Xəlilov Leanoardo da Vinçinin ədəbi fəaliyyəti, Gülşən Sultanova ixtiraları, Mənsurə Məmmədəliyeva isə rəssamın əsərlərində dini baxışlardan söz açdı. Türkanə Abbaszadə isə rəssamın həyat və yaradıcılığı, əsərlərinin təhlili ilə bağlı bəzi faktları nəzərlərə çatdırdı.
Qeyd olundu ki, yaratdığı təkrarolunmaz əsərləri ilə bütün dövrlərin dahi sənətkarı mərtəbəsinə yüksəlmiş rəssam 1452-ci il aprelin 15-də İtaliyanın Florensiya şəhərində doğulub. Rəssam 1516-cı ildə Fransa kralı I Françiskadan dəvət alır və bu ölkəyə köçərək ömrünün sonuna qədər burada yaşayır. Onun rəsm əsərlərindən ən məşhurları “Mona Liza” portreti və “Sonuncu şam” əsəridir. Dahi rəssamın yalnız 15 əsəri müasir dövrümüzə gəlib çatıb. Lakin azsaylı rəsm əsərləri, eləcə də rəssamlığın nəzəri əsaslarına aid fikirlərinin əks olunduğu əlyazmaları sonrakı nəsillər üçün misilsiz elmi mənbə rolunu oynayıb. O, mühəndis kimi yaşadığı dövrün insanlarının qavraya bilməyəcəyi mürəkkəb ixtiralar edib.
Tədbirin sonunda tələbələrin iştirakı ilə viktorina keçirildi. Rəssamın məşhur əsərlərini bir sözlə ən yaxşı ifadə edən tələbələrə rəsm əsərləri hədiyyə olundu.
Lalə Azəri