“Gucci” şirkətinin təsisçisi Guccio Gucci 1881-ci ildə İtaliyanın Florensiya şəhərində sənətkar ailəsində anadan olmuşdu. Onun atası həsir papaq ticarətilə məşğul olurdu. Guccio 23 yaşında ikən “Gucci evi” adlı at yəhəri hazırlanan emalatxana açır. Lakin atası ilə yola getmədiyindən bu işi yarımçıq qoyaraq evi tərk edir. Londona gedir, “Savoy” mehmanxanasında 10 ilə yaxın yükdaşıyan və liftçi işləyir. Dünyanın dörd bir yanından Londona gələn zəngin adamları müşahidə edən Guccio elit təbəqə üçün səfər çantaları və çamadanlar istehsal etmək fikrinə gəlir.
   1921-ci ildə o, İtaliyaya qayıdır. Ailə qurur, Londonda qazandığı pula (təxminən 30 min italyan lirəsi) yeni emalatxana açır. Bir il sonra öz mağazasında yüksək keyfiyyətli dəridən hazırlanmış çamadan və çantaları satışa çıxarır. Qısa zamanda “Gucci” firması bütün Avropada tanınmağa başlayır.
   Guccio Guccinin oğlanları Aldo, Uqo, Vasko və Rudolf bu işdə atalarına kömək edirdilər. 1933-cü ildə böyük oğlu Aldo firmanın emblemini fikirləşir. Bir-birinə keçirilmiş iki G hərfindən ibarət emblem firmanın brendi olur. 1937-ci ildə ailə istehsalı genişləndirərək böyük fabrik inşa etdirir. 1938-ci ildə Romada “Gucci”nin ilk butiki açılır. Müharibənin başlanmasına baxmayaraq, firma çiçəklənirdi. 1940-cı illərin əvvəllərində “Gucci” mağazaları bütün İtaliyaya yayılmışdı.
   Dünya müharibəsindən sonra şirkət fəaliyyətini daha da genişləndirir, 1953-cü ildə Nyu-Yorkda ilk mağazasını açır. Lakin elə həmin il Guccio Gucci vəfat edir.
   Onun ölümündən sonra işlər zəifləyir. Qardaşlar miras üstündə məhkəmə davasına çıxırlar. Nəticədə səhmlərin əsas hissəsi (50 faiz) Aldoya, 20 faizi Rudolfa qismət olur. Qardaşlar arasında məhkəmə sonrakı illərdə də davam edir. 1980-ci illərin ortasında Aldo ABŞ-da vergiləri ödəmədiyinə görə külli miqdarda cərimə edilir və faktiki müflis olur. 1990-cı ildə vəfat edir. Qardaşlar arasında digər səhmdar - Rudolf da dünyasını dəyişdikdən sonra onun oğlu Maurisio atasından qalan payını 100 milyon dollara “İnvestcorp” kompaniyasına satır. 1994-cü ildə isə 45 yaşlı Maurisionu Milanda güllələyirlər.
   Bu gün “Gucci” firmasında ailə üzvlərindən heç kəsin səhm payı yoxdur. “Business Week” qəzetinin məlumatına görə, 2006-cı ildə “Gucci” 3500 milyard dollar qazancla dünyanın məşhur 100 brendi sırasında 46-cı yeri tutub. Hazırda “Gucci” dünyanın ən böyük moda evidir. Nəzarət səhmi Fransanın “Pinault-Printemps-Redoute” (PPR) şirkətlər qrupunda olan firmanın dünya üzrə 420-dən çox mağazası var.
   
   Hazırladı: Səbinə Məmmədova