“Escada” şirkəti 1976-cı ildə Almaniyada ailə biznesi kimi Marqaret və Volfqanq Ley tərəfindən yaradılmışdır. Lakin həmin vaxta qədər Marqaret Ley artıq öz karyerasını qurmuşdu. O, Vyana və Parisdə model işləyirdi. Ancaq bu karyerası ilə kifayətlənməyib, İsveçdə geyim dizaynı sahəsində çalışırdı.
   Volfqanq və Marqaret 1974-cü ildə evlənəndən sonra öz brendi olan şirkət yaratmağa başlayırlar. Volfqanq maliyyə və inzibati işlərlə, Marqaret isə geyim kolleksiyasını genişləndirməklə məşğul olurdu. Cütlük “Escada” adını şirkətə üç il sonra, İrlandiyada at yarışlarında iştirak edərkən vermək qərarına gəlir. Belə ki, at yarışında Portuqaliyadan Escada adlı cins at qalib gəlir. Onun şərəfinə şirkət “Escada” adlandırılır.
   Bundan sonra şirkətin işləri daha da parlayır. Dəbli və bahalı paltarların istehsalı ilə “Escada”nın illik gəliri 22 milyon alman markasına çatır. 1980-ci illərdə Avropa şəhərlərində, ABŞ və Yaponiyada “Escada”nın butikləri açılır. Cütlük daha bir brendi - “Laurel”i yaratmaq qərarına gəlir. Bu brend heç də “Escada”dan geridə qalmırdı. 1990-cı illərin əvvəlində “Escada” brendi ilə 1200 ad və çeşiddə məhsul - zərgərlik əşyaları, aksesuarlar, əlcəklər və ayaqqabılar və s. istehsal olunurdu.
   1990-cı ildə ilk “Escada” adlı ətir, onun ardınca da brendin kosmetika məhsullarının satışı başlanır. Lakin 1992-ci ildə 57 yaşlı Marqaret Leyin vəfat etməsi ilə şirkətdə maliyyə böhranı başlayır. Nəticədə şirkətin adından istifadə digər alman firmalarından birinə satılır və 1994-cü ildən “Escada sport” idman paltarları satışa çıxır. Lakin şirkətin gələcəyi sual altında qalırdı. “Escada” 2008-ci ildə düşdüyü növbəti böhrandan çıxmağı bacarır.
   Bu gün “Escada” şirkətlər qrupunda “Escada AG” və “Primera” brendleri adı altında müxtəlif məhsullar hazırlanır. Fabriklərdə dörd mindən artıq işçi çalışır və hazırlanan geyimlər dünyanın hər yerində satışa çıxarılır.
   
    Hazırladı: Səbinə Məmmədova