Kainat olduqca, mədəniyyət vardıqca - Müşfiq qalacaq!
   
   ...Nolaydı, “o bağ” hələ də olaydı. Demirəm, olduğu kimi qalaydı, heç olmasa saralıb-solmayaydı. Yiyəsiz qalmayaydı. Bütün təbiətinin, nəbatət və cəmadətinin təcəllası görünəydi. Üç gün bundan irəli də, bir çoxları kimi, biz “Mədəniyyət”çilər də bir arzu-dilək, təbrik-təbərrik dəməti tutub, o bağda keçiriləsi 104-cü ad günü adına gedəydik...
   
   “Arzuya bax”, a şair, nəqd təşbeh yox, nisyəmi? O illərin “tellərindən” bu müstəqil çağımızın allı-güllü illərinə, dil-dil ötən dillərinə “su içimi kimi” asan gələn nağılmı, anti-“dosye”mi?
   Bu kəlmələri mən yazmadım, şair. Bu sətirlər Sənin üslubunca yazıldı və hələ elə belə də davam edəcək. Bə nədi, ay yar hüzuruna “qolu bağlı” gedən “qara dağlı”! Bu dünyada davam edən tək elə “37” olmayıb ha, Sənin ecaz-məcaz fikirlərin, qalib üslubların, Azərbaycan-Ana südü ilə mayalanmış saya-boyaların da fəsillərdən-fəsillərə, nəsillərdən-nəsillərə yollar eləyib və hələ çox qollar atacaq.
   Hə, “o bağ”da çağlayası ad gününə gedəydik. O bağın alaqapısında səhər-səhər qarşımıza daha heç vaxt olmayası Müşfiqoğlulardan bir oğlan, Müşfiqqızılardan bir qız nəvə çıxaydı. “Qarabağı mən alacağam!” düşünəsi o oğlanın kişi qırımından “qorxub”, özümüzü itirəydik. Günəşə; sən çıxma, mən çıxacağam!” deyəsi o qıza “Nə gözəlsən, ay gözəl, Sən gözəlsən, Ay gözəl?!” - deyib, mat-məəttəl qalaydıq. Sonra da, az qala bir əsrlik repressiya depressiyalarından ayılıb, bir milli kam alaydıq...
   Belə-belə işlər, əbədi gənc babam! Bir insan ömrünün parasından da az yaşamış bütöv sənətkar, tam şair! Bütün şeirləri kam, özü isə nakam nəğməkar!
   
   Şair yeni-yeni sözlər bulacaq,
   Kainat olduqca, şeir olacaq!..

   
   Hər iki bəndin düpbədüzdür. Bulduğun yeni sözlərin sayı-hesabı yox, kainat da ki, şeirsiz nə karə?! Sən “o bağ”-vətəndəki o hilal qızı bal sözlərə tutuban məlum “Doqquzuncu bal”dan da artıq bədii fırtınalar yaratmasaydın, “əndamını ləpələr qucan” o gözəli dənizə qısqanma istedadına malik olmasaydın, bu kainat kimə lazım, nəyə gərək olardı?!.
   Oxucularımızı deyəmmərəm, bu dəm bəndənizin xəyalında İlahi bir nəğmə xallanır. Milyonlar bir ağızdan dillənir: “Oxu, tar!..” Hərə bir cür hallansa da, hər kəs yanğısını öz sözlərilə söndürməyə cəhd etsə də, sonda ümummilli bir kəlmə sədalanır: “Səni kim unutar?!” “Səsini ruhuma çiləyim” deyirlər. Böyük, qədim bir “millətin acısı, şirini” adlandırırlar “xalqın bu sənət sevgilisi”ni. “Zilin var, bəmin var, alovlu dəmin var”, - deyirlər. Bu majorları deyib susandan sonra qəlblərində bir minor pəncərəsi açırlar. Səni düşünürlər. “Segah” üstündə anırlar bu atəş sözlərin alov müəllifini. Ürəklərdə sarı sim-sapsarı bolşevizm dialoqları başlanır. Sənət mizrabı ilə siyasət əqrəbi qarşılaşması dramlanır. Sarı sim “Oxu, tar!” deyir, qara sim “Oxuma, tar!” Analoqu olmayan bu dialoq davam edir: “-Səni kim unutar?”, “-İstəmir səni proletar! Səndə çalınmır “Qatar”!”
   Sən belə dedin, onlar elə dedilər. Sən sənətdə güllər vurdun, onlar vicdanlı fikrin, namuslu sözün başına küllər ələdilər. Sənin qələmin “Adamın üzündə haya gərəkdir!” yazdı, onların perosu əfəndi Cavidliyə, müştaq Müşfiqliyə inter-quyu qazdı. Sən kişi oğlu kişilərə üz tutub: “Dostdan-aşinadan necə əl çəkim?!”, onlar daşnaklara, bolşeviklərə göz vurub: “gətir, qol çəkim...” Sən: “Nə qədər yaraşır insana gülmək”, onlar: “partbileti sol cibində - ürəyinin başında” olmayanları sıralarımızdan silmək!
   Görəsən, elə bir gözəl olubmu ki, özünü sənin xitablarının nişangahı zənn etməsin? İnanmıram. Olubsa, deməli, problem onun gözəlliyindədir. Özəlliyində yox a, gözəlliyində! Axı gərək həmin işvəkar “Bir qara qulundur - qolları bağlı” deyən nəğməkara layiq ola! Oldumu, həmin misra-bəylərə nişangah olasıdır o gəlin-xanımlar, vəssalam. Elə ki nişangah oldular, o fikirlərə nişanlanasıdırlar. Və əgər nişanlandılarsa, “Sən Müşfiqin yanında qalginən, sənə qurban, İstəsən, bu canımı alginən, sənə qurban!” deyən bəylə birləşmədilərmi? Birləşdilərsə, bəs onda bu şairə niyə nakam deyirik, xalq?!.
   
   Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar