O qədər də obrazlı görünməyəsi bir “proloq”; gecə saatlarında başladığım bu yazını iş otağımda parlayan gur elektrik lampası işığında yazıram...

Elektrik enerjisi...
İnsan zehni, insan əməli, insan zəhmətilə yaranmış nur...
Günümüzün yarısını ulu Tanrı işıqlandırır, digər yarısını - bir zamanlar həmin enerjini, əvəzedilməz nuru kəşf etmiş insanların davamçıları; istehsalçılar, paylayıcılar, gecə-gündüz iş başında, xalqa xidmət peşində olan sadə xidmətçilər...

Öncə bu sahənin “Azərbaycan ibtidası”ndan.
Deyək ki, Azərbaycan (xüsusən də Bakı) işığı heç də məlum 70 ildə yazıb-işıqlandırdığımız “İliç lampaları”ndan başlanmayıb. Faktlar göstərir ki, Bakıda - nəinki İliç ölkəsindən, hətta Avropanın ən inkişaf etmiş şəhərlərindən daha öncə elektrik enerjisi istehsal-istehlak olunub. Buna sübut olaraq, 1895-ci ildə “Bakinski dok”da quraşdırılan ilk, 1901-də istifadəyə verilən Bibi-Heybət elektrik stansiyalarını, habelə, “Elektriçeskaya sila”, “Siemens Qalske” (1886), “Algemayne”, “Shukkert”, “Volat”, “Gramma” kimi firma və səhmdar cəmiyyətlərində yaradılan, nəhayət, 1903-cü ildə sayı 70-ə çatan elektrik stansiyalarını qeyd edə bilərik. 1916-cı ildə Abşeron ərazisindəki 4 minə yaxın buruq mədənlərinin yarıdan çoxu elektrikləşdirilmişdi ki, bu da ABŞ kimi derjava-dövlətin neft yataqlarındakı işıqlandırmadan iki dəfə artıq imiş.

Və yeni elektroeramız...

Bu dövranın ən əsas, həlledici addımları və perspektiv yürüsü, bir qədər sonra konkret faktlara müraciətən daha geniş bəhs edəcəyimiz ümummilli lider Heydər Əliyev tərəfindən başlanıb və bu sahədə işlər 2015-ci il fevralın 10-da “Bakıelektrikşəbəkə”nin bazasında “Azərişıq” ASC yaradılması haqqında sərəncam imzalayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində uğurla davam etdirilməkdədir.
Bu işlər o qədər çox ki, bunları nəinki bir səhifəlik qəzet yazısında, hətta, obrazlı desək, “Azərişıq” ASC-nin yaydığı elektronurla da işıqladırmaq mümkün olmaz...
“Azərişıq” ASC-nin sədri Baba Rzayevin mətbuata müsahibələrindən, hökumət və dövlət tədbirlərində çıxışlarından da bəlli olduğu kimi, son illər enerji məsələlərilə bağlı qəbul edilən dövlət proqramları, Prezident sərəncamları Bakıda və regionlardakı istehlakçılara fasiləsiz və dayanıqlı elektrik enerjisi verilməsini, kənd təsərrüfatı, sənaye sahələri və turizm obyektlərinin elektrik təchizatının etibarlılığının yüksəldilməsini tamamilə təmin edir və respublikamızın sürətli inkişafı ilə əlaqədar artan tələbat ölkə rəhbərinin daimi diqqət mərkəzindədir. “Azərişıq” ASC-nin 2015-2025-ci illəri əhatə edən fəaliyyət planı isə bu işlərin daha da genişlənəcəyindən, uğurların dinamikasından xəbər verir.
Vurğulayaq ki, biz, “Azərişıq” ASC-nin fəaliyyət texnologiyaları mənzərəsilə (köhnə stereotiplərin aradan qaldırılması üçün istehlakçılarla maarifləndirmə-tanışlıq işləri, əyani vəsait və sosial reklam çarxları, abonent ödəmələrinin RETSİ-də, rayon, qəsəbə və kəndlərdəki məxsusi məntəqələrdə, bank və poçt şöbələrində, habelə “azerishiq.az” saytı vasitəsilə həyata keçirilməsi və s.) tək elə bu Cəmiyyətin direktiv məlumatlarından deyil, sosial-mədəni həyatımızın ən vacib hissəsi olan bu sahənin nur məhsulu ilə gündəlik, əməkdaşları ilə vaxtaşırı əyani təmaslarımızdan da tanış ola bilirik. Bu təmaslara “Azərişıq” ASC-nin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzlərilə birgə fəaliyyətindən universal bəhrələnmə aktlarımızı da əlavə etsək, məsələnin spektral-sosiallığını tam anlamış olarıq...
Bu gün hər bir Azərbaycan vətəndaşına bəllidir ki, respublikamızın ən müasir, hüquqi və dünyəvi dövlət kimi formalaşmasında, bütün sahələrin inkişafında, beynəlxalq əlaqələr və münasibətlərin qurulmasında olduğu kimi, energetika sektorunun sürətli inkişafının təmini üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, irimiqyaslı layihələrin reallaşdırılmasında da ulu öndər Heydər Əliyevin xidmətləri misilsizdir. Azərbaycanın müstəqil enerji sisteminin formalaşması, bu kontekstdə enerji təhlükəsizliyinin daha etibarlı vəziyyətə çatdırılması ilə bağlı tək elə bu faktı qeyd etmək kifayətdir ki, məhz ümummilli liderin şəxsi təşəbbüsü və rəhbərliyilə 30 il ərzində Azərbaycanın energetika sistemində 3500 meqavata yaxın generasiya gücləri, 70 min kilometrə yaxın elektrik-ötürücü xətlər istifadəyə verilmiş, enerji sisteminin real imkanları iki dəfədən çox artmışdır.
Bir vaxtlar (xüsusən, ötən əsrin 70-80-ci illərində) Azərbaycan qonşu respublikalardan milyardlarla kilovat-saat elektrik enerjisi idxal etmək məcburiyyətində idi. O dövrkü mətbuat səhifələrindən də bəlli olur ki, ulu öndər dünənin bu çatışmazlığına dərhal münasibət bildirərək, tez bir zamanda “Şəmkir” SES və “Azərbaycan” DRES-in inşasına başlanması qərarına gəlib və bununla da Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyulub. Bu “nur özülləri” sonralar dövlət müstəqilliyimizin bərpa edildiyi mürəkkəb siyasi şəraitdə respublikamızı “regionun xüsusi maraqları”nın enerji təhdidlərindən qoruması da çoxlarımıza aydındır. Ümummilli lider ötən əsrin 70-80-ci illərində energetika sahəsində gördüyü işləri belə xatırlayırdı: “Hər dəfə elektrik stansiyası tikilməsi haqqında SSRİ rəhbərliyi qarşısında məsələ qaldırarkən mənə deyirdilər bu, sənin nəyinə lazımdır. Bizdə - SSRİ-də vahid elektrik enerjisi sistemi, bütün ölkəni əhatə edən sistem var. Azərbaycana nə qədər elektrik enerjisi istəyirsiniz, verək. Mən deyirdim ki, yox, istəyirəm bizim özümüzünkü olsun. Mən istəyirdim ki, biz müəyyən sahələrdə asılı olmayaq. Bu gün mən iftixar hissilə deyə bilərəm ki, Azərbaycan elektrik enerjisi sahəsində asılı deyildir...”. Ulu öndərin milli istək süslü bu sözlərindən sonra, məşhur bir atalar sözünü də xatırlayaq: “Qonşuya umudlu olan şamsız qalar”...
Deməli, ovaxtlar düşünülən və bünövrələnən bu strategiya buvaxtlar gözəl paytaxtımızın neçə-neçə beynəlxalq səviyyəli mötəbər tədbirlərə ev sahibliyi etməsi demək imiş.
Xatırladaq ki, ümummilli liderin respublikamıza bəxş etdiyi (və Cənubi Qafqaz məkanının ən iri istilik-elektrik stansiyası sayılan) “Azərbaycan” DRES-in istifadəyə verildiyi tarix - 20 oktyabr Prezident İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli sərəncamı ilə Azərbaycan energetiklərinin peşə bayramı günü kimi qeyd olunur.
Bu məqamda, qısaca olaraq, cari əsrin ilk illərindəki “Barmek Azərbaycan” MMC dövrünü də xatırlatmaq istərdik. Ona görə qısaca ki, kütlələrin “Kənar barmaq” kimi ad-ayamalar da qoşduğu həmin MMC-nin paytaxtımızın, ətraf qəsəbə və kəndlərin, həyati-sosial müəssisələrin elektrik enerjisilə təminindəki çeşidli qüsurlarını nəinki yaşlılar, hətta bugünkü gənclik də yaxşı xatırlayır. “Yarı işıq, yarı qaranlıq” replikası ilə də “səciyyə”ləndirdiyimiz o dövr artıq xatirə, həmin şirkət idarəçiliyinin 2006-cı ilin avqustundan dayandırılması statistik tarixçə, 10 ilə yaxındır qovuşduğumuz işıqlı həyat isə reallıqdır...

Bu reallıqlardan...

Son illərdə gördüyümüz, mətbuatdan oxuduğumuz, ekran-efirlərdən tanış olduğumuz yeni inşalar; “Buzovna”, “Bilgəh”, “Şıx”, “Amburan”, “Hava limanı”, “Xocasən”, “Köhnə Bayıl”, “Badamdar”, “Dağlıq”, “Dağüstü park”, “Kürdəxanı”, “Ağ şəhər”, “Həzi Aslanov”, 99, 111, 215, 203, 227, 249 saylı və digər yarımstansiyalar...
Bu da xüsusi qeyd edilməlidir ki, “Azərişıq” ASC-nin texniki-estetik obrazı 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarında da seçildi.
Bütün bunlar ölkəmizin enerji rəhbərliyi, istehsalçıları və paylayıcılarının Prezident İlham Əliyevin “İşıqlı Azərbaycan” layihəsinin reallaşdırılması ideyasına əsil vətəndaş həmrəyliyi və diqqətcilliyindən xəbər verir.
Azərbaycanın başdan-başa elektrikləşdirilməsi reallığının başlanğıcı hesab edilən (və artıq söhbətlərə, yazılara da düşməkdə olan) “Bakı ənənəsi” az qala işıq sürətilə regionlara, cəbhə bölgəsində yerləşən rayonlara da ayaq açır. Sayı çox, sanbalı böyük olan belə faktlara misal olaraq, “Azərişıq” ASC-nin Gəncədə inşa etdiyi (qədim şəhərsalma-memarlıq üslubunda) yarımstansiyanı göstərmək olar.
Ölkəmizin sərhədləri daxilində dayanıqlı və daim yenilənən enerji sisteminin inkişafı sferasında Prezidentin atdığı mühüm addımlardan olan “Azərbaycan Respublikasında yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) Dövlət Proqramı” bizim region ölkələrilə müqayisəyəgəlməz pozitiv perspektivlərimizdən xəbər verir. Xalqımız bunu da bilir ki, dövlət başçısının göstərişlərinə əsasən, ötən illərdə Azərbaycan İES-in III və IV enerji blokunun yenidən qurulması nəticəsində 200 MVt əlavə güc yaradılıb, 2011-ci ildə Azərbaycan İES-də görülən işlər stansiyanın gücünün 2600 MVt-yə yüksəlməsinə, səmərəliliyin artması ildə 500 min ton yanacağa qənaət edilməsinə imkan yaradıb.
Ölkədə quraşdırılan komplekt transformator məntəqələri, daimi olaraq yenilənən maddi-texniki baza, perspektiv elektrik yüklərinin qarşılanması üçün mövcud paylayıcı şəbəkələrin təmiri və bərpası, 35 və 110 kilovoltluq yarımstansiyaların tikintisi, yeni elektrik verilişi xətlərinin çəkilişi, ölkənin sosial-iqtisadi inkişafı strategiyasına və müxtəlif vaxtlarda qəbul edilmiş dövlət proqramlarına uyğun olaraq, istehlakçıların etibarlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi üçün hazırlanan 6 region üzrə 4 hissədən ibarət “İnkişaf və Yenidənqurma Proqramı” və s. mətbu yazılarda tez-tez işlətdiyimiz “işıqlı gələcək” məzmunlu ifadələrə məcazi və müstəqim bağlılığı olan işıqçılarımızın bizə təminatıdır. Bütün bu ideyalar, layihələr, ən müasir texnoloji nailiyyətlər yaxın gələcəkdə ölkəmizin ən ucqar nöqtələrinin belə ən keyfiyyətli və təhlükəsiz elektrik enerjisilə təmin olunacağı qənaəti üstünə gur işıq saçır, Azərbaycanda 2025-ci ilədək elektrik enerjisinə olan tələbatın 10 min MVt-a qədər artacağı proqnozunu uğurla qarşılamış olur.
İşıq... Bütün situasiyalarda, dillərdə səslənəndə, yazılarda işlənəndə yalnız xoş duyğular yaradan bu ifadənin “muzd”unda sözügedən sahə nümayəndələrinin payı daha çox...
Və ictimai-bəşəri məna tutumu ilə başlanğıcdakı şəxsi “proloq”umdan büsbütün fərqli bir epiloq: “Qaranlıqdan çox şikayət etməkdənsə, bir şam yandır...”

Tahir Abbaslı

Yazı "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar