ABŞ-nin Kaliforniya ştatındakı Okeanologiya İnstitutunun mütəxəssisləri Sakit okeanda dünyanın ən hündür sualtı dağını aşkar ediblər.

Məlumata görə, Çili sahillərindən 1448 kilometr məsafədə yerləşən dağın hündürlü 3109 metrdir. Bu, qədim mərcanlar və nadir dəniz növlərinin yer aldığı sualtı dağ silsiləsinin bir hissəsidir.

Müqayisə üçün deyək ki, Azərbaycan ərazisində ən hündür dağ – Bazardüzü (Baş Qafqaz silsiləsi) 4466 metr hündürlüyə malikdir.

Okeanoqraflar hesab edirlər ki, dünyada hündürlüyü 1000 metrdən çox olan ən azı on minlərlə sualtı dağ var. Onlar dünya okeanında bir çox növ canlı və bitkilər üçün yaşayış mühiti təmin edirlər.