Şəhər 1 saylı Musiqi məktəbinin ilk məzunu doğma məktəbində dərs deyir
   
   Hərdən adama elə gəlir ki, XXI əsrin əvvəlində hansısa sahədə birinci olanı tapmaq çətindir... Hər necə olsa, dünya da köhnəlib, onun yenilikləri də. Amma söhbət Sumqayıt kimi cavan şəhərdən gedirsə, onun artıq qocaman, ahıl sakinləri arasında birinciləri tapmaq o qədər də müşkül deyil. Bununla belə, heç ağlıma da gəlməzdi ki, gənclik şəhərindəki 1 saylı Uşaq Musiqi məktəbinin 1 nömrəli diplomunun sahibi ilə rastlaşım. Bəli, bəli, heç bir yanlışlıq yoxdur. Bu məktəbin ilk buraxılışının məzunu, məktəbin 1 nömrəli şəhadətnaməsinin adına yazıldığı Vaqif Əliyev həm də əlli ilə yaxındır ki, həmin məktəbdə dərs deyir. Bu gün bizə nə qədər uzaq görünsə də, ötən əsrin əllinci illərinin ortalarında yenicə salınan Sumqayıtda təməli qoyulan musiqi təhsilinin qaranquşlarından biri ilə söhbət edirəm. 
   
   - İndiki kimi yadımdadır... Yay tətili idi. Sumqayıtdan Corata nümayəndələr gəlib bir-bir uşaqlarla söhbət etməyə başladılar. Dedilər ki, musiqi məktəbi açırıq, kim orada oxumaq istəyir. Mənim də tar çalmağa həvəsim var idi deyə, adımı yazdırdım. O vaxt Sumqayıt təzə salınırdı. Bəlkə də şəhərdə heç uşaq yox idi. Buna görə də 1 saylı Musiqi məktəbi Corat uşaqlarının hesabına yarandı. Əvvəlcə, tar sinfi ilə fortepiano sinfi açıldı. Sonra bir-birinin ardınca skripka, kamança, digər musiqi alətləri üzrə siniflər fəaliyyətə başladı. O vaxt qəzetdə ilk tar müəllimim Əminə xanımla birlikdə şəklim qəzetdə də çıxmışdı.
   Yəqin ki, o vaxt balaca Vaqifin, onunla birlikdə iki sinif otağı və bir dəhlizdən ibarət 1 saylı Musiqi məktəbində təhsil alan uşaqların heç ağlına da gəlməzdi ki, adi bir həvəs onların çoxunun tale yolunu müəyyən etdi.
   - Orta məktəbi, musiqi məktəbini bitirib əsgərliyə getdim. İki il yarım əlimə tar almadım. Amma əsgərlikdən gələndən sonra cəmi iki ay hazırlaşıb o vaxt A.Zeynallı adına Orta İxtisas Musiqi məktəbinin Sumqayıt filialına daxil oldum. Sonralar həmin filial Sumqayıt Şəhər Musiqi Texnikumuna çevrildi.
   Vaqif müəllimin musiqiyə olan məhəbbəti övladlarına da keçib. Dörd övladından ikisi - bir qızı və bir oğlu musiqi müəllimidir. Amma Vaqif müəllim öz yetirmələrilə övladlarından az fəxr etmir:
   - Bu gün istər musiqi texnikumunda, istərsə də Sumqayıtın bütün musiqi məktəblərində mənim şagirdlərim çalışır. Neçəsi elə bizim 1 saylı Musiqi məktəbində mənimlə birgə dərs deyir. Peşəkar musiqiçi, musiqi müəllimi olmayan şagirdlərim də çoxdur. Bir də görürsən, dərs ilinin əvvəlində ortayaşlı sanballı bir kişi məktəbə gəlir ki, istəyirəm mənim oğlum öz tar müəllimimin sinfində oxusun... Minnətdarlıq edir ki, sizdən tərbiyə almışam, sizin məsləhətinizi eşitmişəm, sizin çörəyinizi yeyirəm. Baxıram, ilk baxışdan tanıya bilmirəm. Fərəhlənirəm ki, belə tələbəm olub. Builki buraxılışımdan bir oğlan, Əfqan İsgəndərov da məni sevindirdi, musiqi texnikumuna daxil oldu. Hərçənd musiqi təhsili alan hər uşağın peşəkar musiqiçi olacağını gözləmək düz deyil. Musiqi məktəbində təhsil alan uşağın həm bədii zövqü formalaşır, həm də məktəbdən sonrakı vaxtı səmərəli keçir.
   Vaqif müəllim danışır ki, bir zaman yeni salınan şəhərdəki ilk musiqi məktəbində təhsil olan coratlı uşaqlar 1956-cı ildə Coratda qəsəbə mədəniyyət evində ilk xalq çalğı alətləri ansamblını yaradırlar, həm də Sumqayıtda, Bakıda fəaliyyət göstərən bir neçə özfəaliyyət kollektivində çıxış edirlər.
   - Həmişə şagirdlərimə deyirəm ki, yaxşı ifaçı olmaq üçün mütləq ansamblda çalmaq lazımdır. Ansambl həm də insanda yoldaşlığı, bir-birini anlamağı öyrədir, səhnə mədəniyyətini tərbiyə edir. Amma indiki uşaqlar, hətta ən qabiliyyətliləri də səhnəyə çıxmağa o qədər də maraq göstərmirlər.
   Bəlkə də Vaqif müəllim, onun kimi Sumqayıtın neçə-neçə musiqi müəllimi ifaçılığı pedaqoqluqdan üstün tutsaydılar, bu gün onların adlarını ən azı, respublikada tanınan, adlı-sanlı ifaçıları sırasında çəkərdilər. Amma Vaqif müəllimin şöhrət, fəxri ad barədə fikirləri bir qədər fərqlidir. Deyir ki, mənim şöhrətim - mənimlə çiyin-çiyinə çalışan yetirmələrim, övladlarım, fəxrim, mükafatım isə musiqini sevdirib qəlbində tara, milli musiqimizə məhəbbət oyatdığım yetirmələrimdir.
   
   Cəmalə Kazımova