yaxud rituallaşanlar
   
   Gəlin əvvəldən başlayaq. 19 yanvar 2010. Axşam işdən çıxıb evə gedirdim və ətrafdakı insanlara tamaşa edərək sabahkı tarix haqqında düşünürdüm. Həmişəki həyat idi. Yenə mağazaların qarşısında səsgücləndiricilərdən müxtəlif mahnıların sədası gəlir, qayğılı-qayğısız çöhrələr evə tələsir, kimi də dönərxanaların qarşısında ayaqüstü dönərlə “müharibə”də idi. Necə deyərlər, köhnə hamam, köhnə tas. Zatən insanların vay-şivən qaldırıb 20 Yanvara belə faciəvi şəkildə hazırlaşmasının tərəfdarı da deyildim. Sadəcə o toy-büsat mahnıları heç olmasa 19 yanvar gecəsində səslərini qısa bilsəydi...axı düz 20 il bundan öncə bütün qanlı hadisələr o gecədən başladı... İndi o gecəni hər tində oxunan “vur çatlasın” mahnılarla yad etmək ürəyimi sıxırdı. Evə tez çatıb otağıma keçmişdim ki, bu dəfə divarın o tayından gələn əcnəbi mahnının səsi diqqətimi çəkdi. Qonşumuz yenə dostlarını başına yığıb “gənclik” edirdi...19 yanvar gecəsində.
   
   Doğrudanmı, tarix və o tarixdə baş verən hadisə heç kəsin yadına düşmürdü? Düz 20 il bundan öncə şəhidlərimizin qanıyla azadlığımıza qovuşduq. Məhz o gün şəhidlərimizin tökülən qanı azadlığımıza sipər olmuş zəncirləri qırdı. O vaxtlar bizim nəsil gəncləri 1-2 yaşında uşaq idi və sövq-təbii, heç baş verənlər yadımıza da gəlməz. Lakin böyüklərimizin danışdıqları, ekrandan izlədiklərimiz, tarixdən oxuduqlarımız bizə bu haqda kifayət qədər bilgi verir. 20 Yanvara belə soyuqqanlı yanaşmağımız heç də doğru hal deyildi. Hər şey bir kənara, sizə əsas məsələdən danışım. 20 Yanvar günü camaatın Şəhidlər Xiyabanına axınından. Həmin gün içimdə həqiqətən o ağrı-acını hiss etdiyimdən və ən əsası bu günümüzün azadlığı üçün mən də xiyabana üz tutdum. Şəhərin hər tərəfində qərənfillər satılırdı. Qiyməti də 50 qəpikdən başlamaqla. Kimi “Ay evi tikilmiş, 50 köpüyə də qərənfil olar?” deyib əlini cibinə atmağa qorxur, kimi də məcbur qalıb 1-2 manata bazarlıq yolu ilə 2-3 dənə qərənfil alırdı. Bu da bizim millətin belə günlərdə gülün qiymətini qaldırıb camaata satmaqla qazandığı biznes üsulu... nə isə. Keçək bizi Şəhidlər Xiyabanına aparan avtobusa. Elə təzəcə oturmuşdum ki, birdə gördüm arxada bir qrup qızlı-oğlanlı gənclər hay-həşirlə doluşdu avtobusa. Qızların yüngülcəsinə hər sözə gülməsi, hələ bu azmış kimi avtobusun içində “Bu basabasda deyəsən, biz də şəhid olub xiyabana çatacağıq” deyib arsız-arsız hırıldamaları lap əsəblərimi qıcıqlandırdı. Məşədi İbadın “Beləsini yıxasan yerə, ağzına-ağzına vurasan” kəlməsi bu məqamda necə də məqsədəuyğun olardı. Birtəhər hamı kimi yaşıdlarının şit-şit zarafatlarına dözüb xiyabana çatdım. Yollar bağlı olduğundan Fəxri Xiyabandan bir az yuxarıda düşən camaatla bərabər bir xeyli elə yoldaca dayanıb gözləməli olduq. Polislər adam çox olduğundan onları hissə-hissə ayırıb xiyabana ötürürdü. Hər dəfə yarım saata yaxın mitinqdəymişəm kimi mən də adamların arasında qalıb onların söhbətlərinə istəmədən (bəlkə də istəyərək) qulaqdaşı olurdum. Əslində o an Şəhidlər Xiyabanına gedən insanların etdiyi söhbətin mövzusu mənə çox maraqlı idi. Arxamda iki oğlan dünənki yeyib-içmək məclisindən danışırdı: “Ayə, ayə, heyif yox idin. O qədər yeyiv işdiy ki, axırda da dava saldıq, çıxdıq aradan. Bütün şotu Şahin verdi” - bu yerdə özlüyümdə “Daha de ki, Şahinin evini yıxmısınız ki” deyib qulaqlarımı başqa tərəfə şəklədim. Sağ tərəfimdə məktəbli uşaqlar qərənfilləri kimlərin qəbrinin üstünə qoyacaqları haqda mübahisə aparırdılar:
   - O bəynən gəlin varee, mən bu gülü onların qəbrinin üstünə qoyacağam.
   - Mən də Çingiz Mustafayevin.
   - O da ölüb?
   - Kül başına, bilmirsən? O da burdadır da.
   Bu söhbətə də sonadək qulaq asa bilməyib gedən axına qoşuldum. Birdən sol tərəfimdəki kişinin telefonla ucadan danışması diqqətimi çəkdi:
   “Onun boyu yerə girsin, mənsiz bir işi də bacarmır. De ona pəncərələri qoysun bir yerə özüm gəlib həll eləyəcəyəm”.
   ... Yox, bu qədər də olmaz- deyib qulaqlarımı kar etmək istəyirdim. Nədənsə mən o matəmi və azadlığımızın şirinliyini camaatın üzündən hiss edə bilmirdim... O an “Görəsən, bu qədər adamın içindən neçəsi sidq ürəklə şəhidlərimizi ziyarətə gəlib?” deyə ürəyimdə götür-qoy edirdim ki, bayaq adamların arasında qadınların danışdığı söhbət yadıma düşdü. Deyəsən, iş yoldaşları idi, özlərinin dediyinə görə müdirin gözündən pərdə asıb şirin olmaq məqsədiylə bura üz tutmuşdular: “Əşşi, 1 saatlıq gedib dəyərik, təki müdir bilsin ki, burda olmuşuq”.
   İlahi, bu ölkənin vətəndaşı olan kəs bu sözləri axı necə də belə rahatlıqla deyə bilirdi? Özü də belə bir gündə?!! Əsl cinayət bax bu idi!
   Birtəhər qulaqlarımı kar, gözlərimi kor edib xiyabana çatdım. Qara mərmərlərə həkk olunmuş soyuq üzlər... Gənclik hərarəti ilə alışıb yanan gözlər... Bu yaşda həlak olmuş yaşıdlarını izləmək dəhşət idi. Axı bu gün onlar da bizim kimi azadlığın dadını çıxarıb (zayını yox!) gənclik illərini yaşamaq istərdilər. Amma bu gün onlar soyuq qəbirlərdə uyuyurdular...Kənardan bu məzarları soyuqqanlılıqla izləmək qeyri-mümkün idi. İnsan olan kəs bu ağrını ürəyində belə normal sükutla qarşılaya bilməzdi. Amma nə yazıq ki, həmin gün ətrafdakı mühitdə nə o qüruru, nə də o faciəni duya bildim. Hətta bəlkə də oxucular dediklərimə inanmayacaqlar, məzarlıqda quraşdırılan, birbaşa canlı yayıma bağlanan kameralara görə bura gələnlər də var idi. Bəli, axmaq düşüncə tərzi!... Nə yazıq!..
   Axşam evə çatdım. Yenə köhnə həyat davam edirdi. Qonşumuz bu gün musiqinin səsini daha çox artırmışdı. “Niyə belə edirsən? Özünə, insanlara hörmət edə bilmirsənsə heç olmasa bu günə, şəhidlərə hörmət et” desəm də cavabında o mənə “Onlar azadlıq uğrunda şəhid olmayıblar və mən hələ yaxşıyam, öz klubumu bu gün işlətmədim, baxmayaraq ki başqaları işlədirdi” dedi. Susdum... Radiolarda eşq-məhəbbətdən, ayrılıqdan köz olmuşların mahnıları... Adi günlərdə bir-birinin ardıyca mənasız-məntiqsiz söz yığınından ibarət sms-lər yazan xalqım bu gün “Gəncliyin 20 Yanvar anlayışı” mövzusuna göstərdiyi sükut məni heç çaşdırmırdı. Çünki bir neçə saat öncə gəncliyimizin avtobusda, xiyabanda, küçədə şəhidlərimizə olan münasibətinin canlı şahidi olmuşdum. Bütün bunlardan sonra başa düşdüm ki, əksəriyyətimiz bu matəmi kütləviləşdirərək ənənəvi hala gətirmişik. Bəlkə də ən böyük bəlamız bu günü rituallar çərçivəsində haşiyəyə almağımız idi. 20 Yanvar yalnız robot kimi xiyabana gedib qəbirlərə gül qoymaq, həmin gün hər yerdə kədərli musiqilər oxutdurub gecə saat 12-dən sonra 21 yanvar tarixinə keçər-keçməz sanki bu gündən qurtulurmuş kimi yenidən vur-çatlasın mahnılarına üz tutmaq, hər il eyni filmləri bu gündə yayımlamaq demək deyil! 20 Yanvar faciəsi və azadlıq sevincini yalnız qəlbən duyduğumuz an onu dərk edə bilərik.
   
   P.S. Xiyabanda öz nəvələrini bura gətirib bizim bu günün həyatımızda həm də qürur günü kimi olmasını deyərək bilgi verən yaşlılar məni çox sevindirdi...
   

   Yeganə CANSAİL







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar