Rəhilə Nəcəfova həmkarlarının, keçmiş iş yoldaşlarının xatirəsində hər zaman belə qalacaq
   
   Keçən əsrin 60-cı illərində Azərbaycan mədəniyyətində, incəsənətin müxtəlif sahələrində canlanma, yeniləşmə baş verdi. Bu proses ədəbiyyat, kino, rəssamlıq, musiqi ilə yanaşı, televiziya və radio sahəsinə də təsirsiz ötüşmədi. O dövrdə televiziya Azərbaycanda yeni yarandığı üçün audiovizual sahədə intibah özünü daha çox radioda göstərdi. Azərbaycan Dövlət Radiosuna yeni və istedadlı gənclərin axını redaksiyalarda keyfiyyətli verilişlərin artmasına təsir etdi. Həmin vaxt radioda işləməyə gələn gənc jurnalistlər arasında Rəhilə Nəcəfova da var idi. Bu il həyatını dəyişən Rəhilə xanımın oktyabrın 4-də 75 yaşı tamam olacaqdı.
   
   Rəhilə Nəcəfova 1963-cü ildə Azərbaycan Dövlət Radiosunun Uşaq redaksiyasında fəaliyyətə başlayıb. Uşaq və məktəb verilişlərinin hazırlanmasında böyük əməyi olub. 1985-ci ilə qədər o, radioda müxtəlif verilişlərin aparıcısı və redaktoru kimi çalışıb. Verilişlərində uşaqların və gənclərin həyatında mühüm rol oynayan tərbiyəvi mövzulara toxunub. Bu sahədə müxtəlif alim və professorlarla müzakirələrə geniş meydan verib.
   1985-1989-cu illərdə “Azərbaycan qadını” jurnalında çalışıb. Cəmiyyətdə qadın problemlərini daim diqqətdə saxlayan Rəhilə xanım 1989-1994-cü illərdə Dövlət Televiziyasında “Aygün” qadın proqramının aparıcısı olaraq bu işi davam etdirib. Bütün bunları isə o, 1992-ci ildə “Övlad işıqdır” kitabında əks etdirir. Kitabda cəmiyyətimizə layiq əsl insan, əsl vətəndaş tərbiyələndirməkdə valideyn-övlad münasibətlərindən, məktəblə ailənin əlbir işindən, müəllimin şəxsi nümunəsindən, tərbiyə üsulundan bəhs olunur. Əslində bu sadalananlar Rəhilə xanımın radioda hazırladığı verilişlərin mövzuları idi. Onunla birgə çalışan insanlar da R.Nəcəfovanın insani keyfiyyətlərindən və jurnalist bacarığından həvəslə danışdılar.
   
   Uşaq və ailə problemlərindən danışan verilişlər
   
   Onunla uzun müddət birgə çalışan radio aparıcısı Südabə Nuriyeva Rəhilə xanımı belə xatırlayır:
   “Rəhilə Nəcəfova savadlı, istedadlı jurnalist, gözəl insan idi. Onunla 25 il bir redaksiyada çalışmışıq. Sovet vaxtında da müstəqil işləyən jurnalistlər var idi. Onlar tapşırıqlarını alıb material hazırlamaq üçün obyektə yollanardılar. Yəni saat səhər saat 9-dan axşam 6-dək redaksiyada olmurdular. Yalnız verilişləri olandan olana gəlib gedirdilər. Radioda işlədiyi zaman Rəhilə xanım bu üsulla da çalışıb. Bütün bu fədakarlığı onun əsl jurnalist olmasından xəbər verirdi. Radioda uşaq redaksiyasının aparıcısı olub. Onun verilişində tez-tez indiki Azərbaycan Pedaqoji Universitetinin müəllimləri çıxış edirdilər, universitetin tələbələrini də verilişə dəvət edirdi. Rəhilə xanım tələbələrin yazılarına redaktorluq edirdi.
   80-ci illərin sonlarında televiziyada da işlədi. Televiziyada qadın və ailə tərbiyəsindən bəhs edən “Aygün” verilişini aparırdı. Yəni o dövr üçün bu mövzular mürəkkəb idi. O, işə canını verərdi. Amma televiziyada çox qala bilmədi. Yenidən onun üçün doğma olan radioya döndü.
   Rəhilə xanım həyatda və işdə də tərbiyəvi mövzulardan söz açardı. Hətta bu mövzuda “Övlad işıqdır” adlı kitabın da müəllifidir. Radioda da verilişinin adı “Ailə və məktəb” idi. Yəni bu insan ömrünü ənənəvi Azərbaycan ailəsinin qorunub saxlanmasına, bu formatın daha da inkişaf eləməsinə sərf etdi. Həmişə deyərdi ki, əgər bir uşağın ailədə təməli düzgün qoyulubsa, sonradan cəmiyyətdəki baş verən heç bir neqativ hallar onu dürüst yoldan çəkindirə bilməz. Verilişləri də bu mövzunu əhatə edirdi. Rəhilə xanım qarışıq mövzularla işləmirdi. O, yalnız bir mövzunu özünə hədəf seçmişdi. Bu mövzunu da uğurla ömrünün sonuna qədər davam etdirdi. Təqaüdə çıxdıqdan sonra da onunla əlaqə saxlayardım. Həmişəki kimi gözəl məsləhətlər verirdi.
   
   Maraqlı müzakirələrlə dinləyicilərin rəğbətini qazanırdı

   
   Radio aparıcısı Ruhəngiz Qasımova həmkarı haqqında bunları dedi:
   “O vaxtlar redaksiyada yaxşı kollektiv çalışırdı. Rəhilə Nəcəfova, Rauf İsmayılov, Mailə Muradxanlı, Sona Məlikova, Rəfiqə Əliyeva, Əhəd Məmmədov və mən redaksiyada gənc bir kollektivin üzvləri idik. Baş redaktor da yazıçı Anar idi. Rusdilli olduğum üçün redaktor mənə Azərbaycan dilini öyrənməyi məsləhət bildi. Çünki verilişlər Azərbaycan dilində idi. İlk əvvəllər rusca yazırdım və Rəhilə xanım tərcümə edirdi. Rəhilə Nəcəfova peşəkar radio jurnalisti kimi yadımda qalıb. Mən radioya Mailə xanımla birgə gəlmişdim. O bizdən 2-3 il sonra gəldi. Gələn kimi də kollektivlə dil tapdı. Üzügülər, həyatsevər və şirin dili var idi. Rəhilə xanım işə gələndə bütün qayğılar, problemlər qapı arxasında qalardı. Ailədəki, həyatdakı problemlərini işə qatmaz, kollektivi nəzərə alardı. Sözlə işləməkdə çox dəqiq və həssas bacarığa malik idi. O, əsasən məktəbdən bəhs edən verilişləri hazırlayırdı. Ümumiyyətlə, ciddi mövzuları sevirdi. Mən Rəhilə xanımla birlikdə “Xoruz baba” verilişini hazırlamaq üçün məktublar əsasında rayonlara ezamiyyətə də gedirdim.
   Rəhilə xanım verilişlərinə istedadlı insanları dəvət edirdi. Həmin insanların öz fikirlərini gənclərə çatdırması üçün əlindən gələni edirdi. Nəsihət verməkdən uzaq idi. Məsləhət və maraqlı söhbətlər yolu ilə öz fikirlərini dinləyicilərə çatdırardı. Xəstə olarkən onunla telefonla danışdım. Yenə bütün qayğılardan uzaq kimi danışırdı. Xəstə halında da insanlara sevinc bəxş edirdi, xoş sözlər deməkdən doymurdu”.
   
   Yüksək mədəniyyətə malik xanım
   
   Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Həmkarlar Komitəsinin sədri Sərhəd Qasımovun Rəhilə Nəcəfova haqqında dediklərindən:
   “Rəhilə xanım bacarıqlı jurnalist, mehriban insan, səmimi iş yoldaşı idi. Hazırladığı və aparıcısı olduğu verilişlər aktuallığı ilə yanaşı, cəmiyyətin problemlərini özündə əks etdirirdi. Sosial məsələlərin həllinə kömək edən verilişlər hazırlayırdı. Peşəkar jurnalist olduğunu rəhbərlik də etiraf edirdi. 1974-cü ildən Dövlət Televiziyasında Həmkarlar Komitəsinin sədri işləyirəm. Onun insanlığından, necə bir həmkar olmasından çox danışa bilərəm. Rəhilə xanım ictimai işlərdə fəal iştirak edirdi. O həm də qadınlar şurasının üzvü idi. Qadınlarla bağlı ictimai tapşırıqları ona verərdik. Bilirdik ki, çox aktiv və belə işlərin öhdəsindən gələ bilən bir xanımdır. Onu yüksək mədəniyyətə malik olan bir qadın kimi xatırlayıram. Öz sözünü vaxtında və sərrast deyən Rəhilə xanım özünü sevdirən və insanları sevən həmkar idi. Dövlət teleradiosunda kimi dindirsəniz, Rəhilə Nəcəfova haqqında yüksək fikirdə olduğunu bildirəcək. Rəhilə xanım hər zaman işə məsuliyyəti ilə seçilərdi. O, əsl azərbaycanlı qadınına malik xüsusiyyətləri özündə cəmləşdirən bir xanım idi. Bütün bu sadaladıqlarım hər kəsdə olmur.
   Biz onu unutmurduq. Onun səmərəli əmək fəaliyyətini nəzərə alıb 70 illiyini yüksək səviyyədə qeyd etdik. Gül-çiçək dəstələri, haqqında deyilən xoş sözlər onu sevindirdi. Həmkarları onun haqqında yarım saatlıq veriliş də hazırladılar”.
   
   Sonda Rəhilə Nəcəfovanın “Övlad işıqdır” kitabında “Müəllifdən” bölməsindəki yazısından müəyyən bir hissəni verməklə bu xanıma bir daha Allahdan rəhmət diləyirik: “Hansı ata-anadan soruşsaq, ailə nədən başlayır, yəqin cavab verərlər ki, uşaqlardan. Doğrudan da, məhz uşağın ailəyə gəlişi qadına - ana, kişiyə - ata kimi şərəfli ad verir. Ona görə də biz ailədə, məktəbdə, küçədə, başqa ictimai yerlərdə xoşa gəlməyən hərəkətlərə yol verən uşaqları görəndə, cinayətə əl atan yeniyetmələrlə qarşılaşanda başa düşürük ki, bu haradasa ailənin və məktəbin tərbiyə işində buraxdığı səhvdir. Hamımızı narahat eləyən, ürəyimizi ağrıdan səhv”.
   
   İntiqam Hacılı