Teatr və kino tariximizdə maraqlı ifa tərzi, özünəməxsus yaradıcılıq yolu ilə seçilən sənətkarlar çox olub. Onlardan biri də görkəmli aktrisa, Xalq artisti Nəcibə Məlikovadır. Təbəssümlü çöhrəsi, məlahətli səsi və parlaq istedadı onda aktyor olmağın başlıca şərtlərini birləşdirib.
   
   O, 1921-ci il oktyabrın 25-də Bakının Buzovna kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra sənədlərini Bakı Teatr məktəbinə verir və qəbul olur. Xalq artisti Fatma Qədrinin sinfində oxuyur (1940-1943). Təhsilini müvəffəqiyyətlə başa vurur. Öz istəyi ilə təyinatı Gəncə Dövlət Dram Teatrına verilir. Xeyli vaxt orada çalışdıqdan sonra Bakıya qayıdır. Sənədlərini yenicə yaradılmış Azərbaycan Dövlət Teatr İnstitutuna verir. 1951-ci ildə təhsilini başa vurur. Milli Dram Teatrında işə düzəlir.
   Sonra müxtəlif teatrlarda və "Azərbaycanfilm" kinostudiyasında çalışır. Lirik, komik və xarakterik rolların mahir ifaçısı kimi tanınır. M.F. Axundovun "Lənkəran xanının vəziri" tamaşasında Şölə xanım, H.Cavidin "Şeyx Sənan" əsərində Xumar, S .Vurğunun "Vaqif" əsərində Xuraman, M.S. Ordubadinin "Qılınc və qələm" pyesində Sofiya xatun obrazlarını ustalıqla yaradır.
   Onun kinoda oynadığı rollar tamaşaçıların yaddaşında xüsusilə dərin iz qoyub. “Ögey ana”da Dilarə, “Aygün”də Aygün, “Əhməd haradadır”da Nərgiz xala rolları bu qəbildəndir.
   Nəcibə Məlikova milli kinomuzda ana obrazlarının mahir yaradıcısı olub. 1958-ci ildə rejissor Həbib İsmayılovun çəkdiyi “Ögey ana“ filmi bu sırada müstəsna yer tutur. O, “Aygün” filmində də baş rolda oynayır. Filmdə ailəsini, sənətini və övladını intəhasız sevən bir azərbaycanlı qadınının obrazını yaradır. Kinoda yaratdığı obrazlar arasında “Əhməd haradadır?” komediyasındakı Nərgiz xala rolu xüsusilə diqqətəlayiqdir. O, dramatik rolların mahir ifaçısı kimi Azərbaycan qadını timsalında Nərgiz xalanı çox ustalıqla yaradıb.
   Nəcibə Məlikova teatrdakı məhsuldar fəaliyyətindən fərqli olaraq kinoya az çəkilib. Buna baxmayaraq oynadığı rollar, yaratdığı obrazlar milli-mənəvi dəyərlərimizin daşıyıcısı olub. Məhz buna görə də xalq tərəfindən rəğbətlə qarşılanıb və sevilib. Nəcibə Məlikova 1992-ci ildə vəfat edib.
   
   Savalan Fərəcov