Oktyabrın 30-u Xalq artisti Məmmədbağır Bağırzadənin (1950-2005) xatirə günüdür. Sənətkarın dünyasını dəyişdiyi vaxtdan 5 il keçir. Bu zaman kəsiyində o, həyatda olmasa da, bəstələdiyi, ifa etdiyi mahnılar yaddaşlardan silinməyib.
   
   Oxuduğu şaqraq, şən nəğmələrlə yanaşı repertuarında ayrılıqdan gileyləndiyi mahnılar da vardı. Sanki ömrün ona vəfa qılmayacağını həssas qəlbi ilə duymuşdu. Və qəfil gələcək bu xəbərə sənətinin vurğunlarını hazırlamaq üçün ara-sıra belə mahnılar da oxuyurdu. Amma ölüm onu unutdura, tanıyanlardan, məlahətli səsinin vurğunu olanların heç birindən ayıra bilmədi.
   M.Bağırzadənin vəfatından sonra sənət dostları, yoldaşları dəfələrlə öz xatirələrini, ürək sözlərini sənətkarın pərəstişkarları ilə bölüşüblər, onun gözəl yaradıcılığa malik incə qəlbli insan olduğunu dilə gətiriblər. Bu yazıda isə onun haqqında ən yaxın qohumları, qonşusu öz xatirələrini bölüşürlər:
   Rüxsarə Məmmədova (qudası): - Oğlum Əliyə hələ kiçik yaşlarından deyirdim ki, sənə öz kəndimdən - nardaranlı qızı alacağam. Belə də oldu, elçiliyə Məmmədbağırın qapısına getdim. Məni Naibə qarşıladı, evdəki səliqə-səhman, ananın xoş sifəti, mehribanlığı məni məftun etdi. Seçimimiz düz idi, onlarla aramızda heç vaxt narazılıq yaranmadı, incikliyimiz olmadı.
   Oğul nəvəmiz dünyaya gələndə uşağa atamın adını verdim. Babası Məmmədbağır bu münasibətlə “Yusifim” mahnısını yazdı. “Nəvə” mahnısını isə baldızının ailəsində dünyaya gələn balacaya həsr etmişdi. Qohumluğa, qudalığa böyük dəyər verirdi. Heç yadımdan çıxmaz, ikinci qızının toyu ərəfəsində biz tərəfdən yaxın bir qohum dünyasını dəyişmişdi. Zəng edib dedim ki, bilirəm, toy üçün tədarük görmüsünüz, dəvətnamələr də paylanıb. Biz məclisə gələ bilməyəcəyik, üzrlü sayın, Allah xeyir versin, toyu edin. Heç cür razılaşmadı: “Nə danışırsan, qudalıqda elə iş olmaz, bir-birimizin hörmətini saxlamasaq, daha bu nə qohumluq oldu?”. Toyun vaxtı başqa günə dəyişdirildi.
   Həyat yoldaşı Naibə də, özü də insanpərvər, qonaq sevən, xoş niyyətli adamlar idi. Onlarla bağlı çoxlu xoş xatirələr var. Təəssüf ki, indi hər ikisi barədə keçmiş zamanda danışırıq... Xanımının həyatdan erkən köçməsi ona bərk təsir etmişdi. Naibənin yolunda hər şeyindən keçərdi, amma ölümün qabağını heç nə kəsə bilmədi. Elə özü də bu dərdə tab gətirə bilməyib qubarladı, onsuz cəmi beş il yaşaya bildi...
   Naidə xanım (qızı): - Ailədə üç övlad olmuşuq - qardaşım Rahim, mən və bacım Aidə. Anamın adına uyğun olduğu üçün atam məni belə adlandırıb. İran müğənnisi Haidənin ifasını çox bəyəndiyindən kiçik bacımın adını da onunkuna oxşadıb. Sonralar zarafatla deyirdi ki, Səidə adından da xoşum gəlir, bir qızımız da olsaydı arzum ürəyimdə qalmazdı. Bu ad mənim qızıma nəsib oldu.
   Atam səhnədə, ekranda, məclislərdə təbəssümlü görünsə də, əslində çox ciddi xasiyyəti vardı. Bütün böyüklərimizə belə münasibət vardı. Hətta küçədən maşınının səsini eşidəndə özümüzü “yığışdırırdıq”. Səhərlər atası Məmmədəli kişiylə görüşüb onu görəcəyi işlərdən xəbərdar etməmiş evdən getməzdi. Əgər babam desəydi ki, “filan işi boş burax”, onun dalınca getməzdi. Gecə evə nə vaxt dönsəydi yataq xəstəsi olan Mərziyə nənəm nigaran qalmasın deyə onunla görüşüb üzündən öpər, yanında oturub bir qədər söhbət edərdi. Atam evin böyük övladı olduğu üçün ailənin ağırlığı onun çiyninə düşürdü. O, evə çox vaxt ac gəlirdi, gecə yarısı olsa da anam süfrə açırdı. Toy məclisi başlamazdan əvvəl yemək onun adəti deyildi, sonra da başı oxumağa qarışırdı. Şəhərdə çoxdan evimiz olsa da nənəmə görə ora köçə bilmirdik. Yalnız nənəm dünyasını dəyişəndən bir il sonra şəhərdəki evimizə yığışdıq. Məktəbə də bizi atam aparıb-gətirərdi, tək-tək hallarda anam onu əvəz edirdi. Onda da valideynlər anamı sorğu-suala tutur, ailəmiz haqda özlərində təsəvvür yaratmaq istəyirdilər. Atamın uzaqda - xarici səfərdə olduğunu biləndə isə onu qısqandırmağa çalışırdılar. Amma anam ona çox inandığından bu sözləri vecinə almazdı. Bilirdi ki, həyat yoldaşı onu heç vaxt, heç kəsə dəyişməz.
   Onlar ailə quranda atam 26 yaşında, anam Naidə xanım isə 20 yaşında olub. Atam anamı ilk dəfə görəndə əvvəlcə onun gur, qara saçlarına vurulubmuş. Ailə qurandan sonra isə nəcib, mülayim xasiyyətlərinə, xanımlığına, təmiz ürəyinə, səxavətinə heyran olmuşdu. İndi də onları tanıyanlar valideynlərimin əliaçıqlığından, xeyirxah işlərindən danışırlar. Atam heç vaxt qadınların göz yaşının axmasına baxa bilməzdi. Anam hansısa xanımın ağır vəziyyətə düşdüyündən ona danışanda axıra kimi dinləyə bilməyib “ona nə lazımdısa kömək elə” deyərdi. Həssas qəlbi vardı. Heç vaxt valideynlərimizin küsülü olduğunu görməmişik. Əgər aralarında kiçik bir inciklik olsaydı bu, beş dəqiqədən çox çəkməzdi, pisliyi tez unudur, yaxşılığı yaddan çıxarmırdı. Tez-tez bizi əsgərlik yoldaşı Seyfullagilə - Əli Bayramlıya (indiki Şirvan şəhəri - red.) aparardı. Onun valideyni Gülxar xanıma öz anası qədər hörməti vardı. Təbiətin seyrinə çıxmağı çox sevirdi, respublikamızın bir çox guşələrinə getmişdi. Evimizdə təqvimdə olan bütün tarixi günlər qeyd olunurdu. Sürpriz etməyi, mütaliəni çox xoşlayırdı. Ən çox klassiklərin, Füzulinin, Vahidin qəzəllərini oxuyur, ədəbiyyatşünaslarla görüşüb ifa edəcəyi qəzəllərin dərinliklərinə varırdı. Heç kəsin arxasınca danışmaz, çörəyinə şərik çıxmazdı.
   Yeni mahnılarının ilk dinləyicisi biz olurduq. Yaxşı alınması üçün bir mahnını bəzən dəfələrlə yazdırırdı. Bir dəfə də özünü öydüyünü görmədik, deyərdi ki, insan özü özünə qiymət qoymalı, əməli ilə hörmət qazanmalıdır. İnsanların kasıbına, dövlətlisinə fərq qoymadığı üçün demək olar ki, ayın bütün günləri toylara dəvət olunardı.
   Anamın sağalmaz xəstəliyə tutulması ona ağır zərbə oldu. Sonralar etiraf edirdi ki, həkim onun xəstəliyini mənə bildirəndə sanki içimdə nə isə qırıldı. Anamızın vəfatından sonra isə heç ev-eşiyə sığmırdı, deyirdi ki, divarlar da üstümə gəlir. Həmişə məğrur görkəmdə olan M.Bağırzadə ömür yoldaşından sonra onun üçün tökdüyü göz yaşlarını gizlədə bilmirdi. Meylini bağa salmışdı, tez-tez dəniz kənarına gedirdi. Amma bundan da rahatlıq tapa bilmirdi. Kişik bacım Aidədən nigaran idi. Anamın ilindən sonra - 16 yaşında onu köçürdü ki, özü evdə olmayanda qız tək qalmasın. O, cəmi 4 nəvəsini görmüşdü, indi sayları 8-ə çatıb. Təəssüf ki, digər nəvələrini görə bilmədi. Yeganə təsəllimiz xoş xatirələr, qardaşım balalarının valideynlərimizin adlarını daşımalarıdır. Böyüklərimizin qoxusunu indi onlardan alırıq.
   Dəfn edilməsi üçün 2-ci Fəxri xiyabanda yer ayrılsa da, onu vəsiyyətinə görə anasının ayağı altında torpağa tapşırdıq. Atamı son mənzilə yola salmağa respublikanın bütün rayonlarından insanlar axışıb gəlmişdi. Rəşid Behbudov adına Mahnı Teatrından başlanan izdiham Dənizkənarı parka gedib çatırdı. Elə indi də haradasa Məmmədbağırın övladları olduğumuzu biləndə xüsusi ehtiram, hörmətlə qarşılanırıq.
   Şəfiqə Qafarova (Əməkdar müəllim): - Bir dəfə Məmmədbağır gecə evə gələrkən maşınını öz qapılarında deyil, həyətin bu başında - bizim binanın qabağında saxlamışdı. Səhər gördük ki, bu şıq, gözəl maşını kimsə cızıb. Hamı duruxub qalmışdı: indi nə olacaq? Məmmədbağır maşını götürməyə gələndə cızılmış yerləri görsə də, heç nə olmayıbmış kimi halını pozmadı, bir söz demədi. İki həftədən sonra onu həyətdə gördüm, mənə yol vermək üçün maşınını saxladı. Yanından keçərkən ona dil-ağız etmək istədim, amma çox da özümü yormağa qoymadı, nə deyəcəyimi gözlərimdən oxuyurmuş kimi buna imkan vermədi: “Uşaq-muşaq işi idi, bunu yetkin adam etməzdi. Biz də nadana qoşulub onun səviyyəsinə enməyəcəyik ki... Ana, belə şeylərdən ötrü narahat olma, təki canımız sağ olsun, bunları qazanan bizik”. Bax, belə oğul idi Məmmədbağır, Allah ona qəni-qəni rəhmət eləsin.
   
   İradə Əsədova