Müsabiqənin qalibləri ölkəmizi beynəlxalq muğam festivalında təmsil edəcəklər
Azərbaycan Dövlət Filarmoniyasının Kamera və orqan musiqisi zalında (“Kapellhaus”) Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm, Təhsil nazirlikləri və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə II Respublika muğam müsabiqəsi keçirilir. Fevralın 21-də müsabiqənin açılış mərasimi keçirilib.
Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, təhsil nazirinin müavini Elmar Qasımov, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi çıxış edərək ümummilli lider Heydər Əliyevin milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini vurğulayıblar.
Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mədəniyyətimizə göstərdiyi böyük diqqət və qayğıdan danışan natiqlər, Azərbaycan muğam sənətinin dünyada şöhrət tapdığını qeyd ediblər.
II Respublika muğam müsabiqəsinin üç qalibi mart ayında Bakıda keçiriləcək II Beynəlxalq Muğam Festivalında Azərbaycanı təmsil edəcəklər.
Müsabiqəyə qatılan 40 iştirakçıdan 18-i ilkin mərhələni keçib. Üç qalib ifaçı isə fevralın 24-də müəyyənləşəcək. Həmin gün qaliblər mükafatlandırılacaq və festivala yekun vurulacaq.
Siyavuş Kəriminin rəhbərlik etdiyi müsabiqənin münsiflər heyətində xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ramiz Zöhrabov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova və Zabit Nəbizadə təmsil olunurlar.