17 dekabr görkəmli yazıçı və ictimai xadim Mirzə İbrahimovun xatirə günüdür
Xalq yazıçısı Mirzə İbrahimovun dünyasını dəyişdiyi vaxtdan 17 il keçir. Mirzə müəllim təkcə böyük ədib deyil, həm də gözəl alim, ictimai-siyasi xadim, əsl şəxsiyyət idi. O, hansı vəzifədə çalışmasından asılı olmayaraq öz intellektual səviyyəsi, yüksək mədəniyyəti, əsərlərinə hopmuş səmimiyyəti, təəssübkeşliyi, sadəliyi ilə insanların ürəyinə yol tapıb xalq tərəfindən sevilirdi. Ona olan bu məhəbbət indi də yaşayır.
Bu gün Mirzə İbrahimovun qızı - bəstəkar, professor, Xalq artisti Sevda İbrahimova atası haqqında olan xatirələrini bizimlə bölüşür:
- Ana və ata... Mənim üçün bu iki söz ayrılmazdır. Çünki onlar bir-birinə ağlasığmaz dərəcədə bağlı idilər, onların məhəbbəti göylər qədər uca, təmiz və əbədi idi. Mən dünyaya göz açandan bu məhəbbətin ab-havasıyla boy atmışam, bu sözlü-musiqili məhəbbətin gözəlliyi indi də mənim daxilimdə yaşayır. Allah tərəfindən gözəl nemət kimi bəxş edilən bu məhəbbət insanın son dəqiqəsinə qədər onunla olur - həm gözəl, işıqlı günlərində, həm də qüssəli, kədərli anlarında...
Mənim ilk xatirələrim söz və musiqi sədaları ilə bağlıdır. Babam Qurban Pirimovun ilhamlı, bənzərsiz çalğısı, onun özünəməxsus zarafatları unudulmazdır. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmiş ilk azərbaycanlı pianoçu qadınlarından biri, fədakar və qayğıkeş ana, vəfalı həyat yoldaşı, ziyalı xanım - bütün bu gözəl keyfiyyətlər əziz anam Sara xanım Pirimovaya məxsus idi. Azərbaycan xalq mahnıları, Üzeyir bəyin, Baxın, Bethovenin, Şopenin musiqisinin sədaları bizim evdə həmişə səslənərdi. Və əlbəttə, bizim evdə Azərbaycan, dünya ədəbiyyatının, poeziyasının inciləri ilə tanışlıq, gözəl incəsənət əsərləri, teatr tamaşaları və konsertlər haqda şirin söhbətlər olardı...
Bu xatirələr mənim üçün çox əziz bir insan - atam Mirzə İbrahimovla bağlıdır. Bəlkə də “xatırlayıram” sözü burada lazım deyil, çünki o, həmişə mənimlədir, onun sönməz və işıqlı məhəbbəti mənim ürəyimdədir, beynimdədir. O, gözəl insan, gözəl ata, gözəl baba idi, öz xalqını, torpağını ülvi məhəbbətlə sevərdi. Ürəyi açıq idi - bütün səmimi, təmiz qəlbli insanlara. Möhkəm iradə və incəlik, cəsarətli və mərd, çox geniş bilikli və intellektual, böyük mənəviyyat dünyası, həssaslıq - ümumiyyətlə insana xas olan bütün yüksək keyfiyyətləri özündə cəmləşdirirdi.
Kiçik yaşlarından ana, ata, bacı, qardaş məhəbbətindən məhrum olmuş, həyatın ən qayğısız illərində olduqca ağır, əzab-əziyyətli, çətin yollar keçmiş atam insanları böyük məhəbbətlə sevmiş, məhrumiyyətli uşaqlıq illəri onu sərtləşdirməmiş, əksinə, ürəyi daha da yumşalmış, həssaslaşmış, incələşmişdi... Onun uşaqlarla danışmağı, onları əzizləməyi bir nağıl idi!
Ondakı ensiklopedik bilik ağlasığmaz idi. Mirzə müəllimlə söhbət edəndə həm ədəbi, həm tarixi bilgiləri və ümumiyyətlə böyük dünyagörüşü adamı heyran edirdi. O, ömrünün lap axır günlərində də Füzulinin qəzəllərini əzbər elə ifadəli deyərdi ki!
Atamın Ali Sovetdə işlədiyi vaxt qaldırdığı dil məsələsi - Azərbaycan dilini dövlət dili elan etməsi onun həyatının ən vacib, ən yüksək nöqtəsi idi. Bu məsələ ilə əlaqədar ona nə qədər ittihamlar edildi, onu sındırmaq, əzmək istəyənlər oldu... Lakin atamın möhkəm iradəsi, dəyanəti, mərdliyi, cəsarəti və xalqına olan böyük məhəbbəti onu öz əqidəsində, prinsiplərində daha da möhkəmlətdi. Həmin ağır zamanda ona sadə, tanımadığı insanlar zəng edib öz məhəbbətlərini, dərin hörmətlərini bildirirdilər. Deyirdilər ki, “Mirzə müəllim, biz sizinləyik, biz sizin pərəstişkarlarınızıq. Yazın, yaradın. Siz xalqın oğlusunuz”.
Burada mən onun “Böyük dayaq” romanındakı çox məşhur sitatı təkrar etmək istəyirəm: “Ey mənim xalqım, ey mənim ümidim və pənahım! Ürəyimin istiliyi səndəndir, fikrim işığını səndən alır, həyatımın nəşə və sevincinə bais sənsən! Həyat yolunun sürüşkən döngələrində qolumdan tutan, məni yıxılmağa qoymayan sən olmusan. Amansız qorxu başımın üstünü alaraq məni ağır fikirlərə saldığı zaman, xoş günün dönük dostları, zəif və qorxaq yoldaşlar məndən üz döndərdiyi zaman yeganə dayağım sən olmusan. O zaman ki qaranlıq içərimə kölgə salmağa başlayıb, tənhalıq duyğusu ürəyimi qurd kimi yeməyə başlayıb, onda sənin munis, mehriban, müqəddəs səsini eşitmişəm. Bu səs məni həyata bağlamış, yaşamağa, mübarizə etməyə, çirkabları aradan qaldırmağa ruhlandırmışdır. Qoluma qüvvət verən, iradəmi möhkəmlədən bu səs sənin səsindir, ey mənim hər şeydən əziz, hər şeydən gözəl, hər şeydən yüksək, hər şeydən nəcib və mərhəmətli xalqım!”.
Bu sözlər Mirzə İbrahimov şəxsiyyətini, onun mənəviyyatını çox parlaq şəkildə əks etdirir.
Anam dünyasını dəyişəndə atam elə bil yetimləşdi. Onun üçün anamın itkisi təsəllisiz dərd oldu...
Ötən əsrin 80-ci illərinin sonundan etibarən xalqımızın başına gələn müsibətləri, Qarabağ faciəsini çox böyük həyəcanla, ağrı ilə duyur və böyük narahatlıq, iztirab keçirirdi. Ömrünün son illərində onun ürəyinin bütün nazik telləri tarım və gərgin halda idi. Xalqına, torpağına olan məhəbbət hissi onda bütün hisslərdən öndə idi. O, səhhətinin çox ağır vəziyyətində belə, bu müsibətləri unutmur, əksinə, daha çox nigarançılıq çəkirdi. Ancaq onun optimist təbiəti gələcəyə inamı itirmirdi, Azərbaycan xalqının işıqlı, gözəl gələcəyinə inanırdı.
Cənubi Azərbaycana məhəbbəti böyük idi! Deyirdi ki, qızım, görəsən apara biləcəyəmmi sizi Təbrizə? Akademiyada rəhbərlik etdiyi şöbəyə böyük həvəslə gedirdi. Çünki orada səmimi insani istiliyi, məhəbbəti hiss edərdi.
Heç unuda bilmirəm, onu torpağa tapşıranda arxamda bir qadının ağlayaraq “atamız getdi” dediyini eşitdim. Soruşanda ki, “siz onu tanıyırsız?” dedi: “Mən uşaq evində böyümüşəm. 50-ci illərdə Mirzə müəllim Ali Sovetin sədri olanda hər ay bizə meyvədən tutmuş bütün ərzaq məhsullarını göndərərdi. Biz onu həmişə “ata” deyə çağırardıq. Xatirimdədir, anam deyərdi ki, atam Ali Sovetdən aldığı maaşı da uşaq evlərinə göndərərdi. Mənim musiqiçi olmağımda doğmalarımın, yaxınlarımın, həmçinin sevimli müəllimlərimin əməyi danılmaz və unudulmazdır. Lakin sənət aləminə bağlılıq, vurğunluq ilk növbədə mənim əziz atamla bağlıdır. Onun necə böyük həvəslə, məhəbbətlə yaradıcılıqla məşğul olduğunu lap kiçik yaşlarımdan görürdüm. Bu həvəs, məhəbbət onda olduqca güclü və qüdrətli idi. Yazdığım musiqiləri ilk növbədə ona ifa edərdim və o məni yeni əsərlər üzərində işləməyə həvəsləndirərdi. Deyərdi: “Qızım, otur işlə, əsl səadət - yaradıcılıqdır. Əsərin hansı səbəbdənsə indi ifa olunmasa da, nə vaxtsa çalınacaq. Ancaq o şərtlə ki, böyük həvəslə, böyük ürəklə, məsuliyyət və ciddiliklə işləyəsən”.
Sonda 2001-ci ildə atamın 90 illiyi münasibətilə yazdığım “Atama çatmayan məktub”u oxuculara təqdim etmək istəyirəm: “Mən səni körpə vaxtımda necə istəyirdimsə, indi də elə və ondan da artıq... sonsuz bir məhəbbətlə cəni sevdiyimi demək istəyirəm. Mən o zamanlar, sən bizimlə olanda, bu məhəbbəti sənə tam dolğunluqla çatdıra bilmirdim. Hətta səni qucaqlayıb öpəndə də mən utanırdım, sıxılırdım. İndi isə zamanın sürətli axınında, mən sənin məhəbbətini, sənin işıqlı surətini daha da dərindən duyur və hiss edirəm. Hiss edirəm ki, sənin və gözəl anamın məhəbbət işığı mənim daxilimdədir. Mənim şad və fərəhli anlarımda, mənim kədərli və qəmli anlarımda siz mənimləsiz. Sizin mənə bəxş etdiyiniz gözəl günləri, saatları indi mən daha tez-tez xatırlayıram və deyirəm: -Allah, şükür! Şükür ki, sən mənim həyatımı bu insanlarla bağladın və mənə bu qədər xoşbəxtlik bəxş etdin. Səni hər an ürəyində yaşadan, ülvi bir məhəbbətlə sevən Sevda”.
Hazırladı: İradə Əsədova