Prezident İlham Əliyev avqustun 16-da Siyəzən və Şabran rayonlarının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Siyəzən və Şabran rayonlarında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013-cü illər) uğurla yerinə yetirilir. Qısa müddət ərzində rayonların sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş verib, bir sıra mühüm infrastruktur layihələri yerinə yetirilib, yeni təhsil, səhiyyə, idman, mədəniyyət müəssisələri tikilərək istifadəyə verilib.
   Sərəncama əsasən, əhalini narahat edən sosial əhəmiyyətli problemlərin həlli istiqamətində işlərin davam etdirilməsi və “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin tezləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Siyəzən və Şabran rayon icra hakimiyyətlərinin hər birinə 2 milyon manat məbləğində vəsait ayrılıb.