Xəbər verdiyimiz kimi, 28-30 sentyabr 2011-ci il tarixlərində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Əl Oyunları İdman Sarayında II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunan sərginin hazırlıq işləri başa çatmaq üzrədir. Tədbirin şərtlərinə görə, sentyabrın 15-də iştirakla bağlı sənədlərin qəbulu başa çatıb. İndiyədək Azərbaycandan 100-dən çox, xarici ölkələrdən 20-dən artıq çap-poliqrafiya müəssisəsi və kitabxana qeydiyyatdan keçib.
Məlumat üçün bildirək ki, I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası 2009-cu ilin sentyabrında Muzey Mərkəzində uğurla keçirilmişdi.
II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının zəngin proqramı vardır. Buraya kitab təqdimatları, tanınmış yazarlarla görüşlər, ədəbi-bədii gecələr, simpoziumlar və s. daxildir.
Sərginin sonunda Təşkilat Komitəsi tərəfindən ən yaxşı nəşriyyat və ən yaxşı kitab mükafatlandırılacaq.