Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 28-dən 30-dək Əl Oyunları İdman Sarayında II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.
   
   Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunan, 100-dən çox yerli, 20-dən çox xarici çap-poliqrafiya müəssisəsi və kitabxanaların iştirak edəcəyi tədbirə hazırlıq işləri sentyabrın 27-də yekunlaşdı. Həmin gün mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev sərgi-yarmarkaya hazırlıq işləri ilə tanış olmaq üçün tədbirin keçiriləcəyi Əl Oyunları İdman Sarayında oldu. Stendlərin qurulması prosesini izləyən nazir müavini tövsiyə və tapşırıqlarını verdi.
   Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sərgi-yarmarkada iştirak edən nəşriyyat evləri, çap-poliqrafiya müəssisələri ilə əvvəlcədən müqavilələr bağlanılıb, onların iştirakının təmin olunması üçün müvafiq işlər görülüb. Stendlərin qurulması “AzExspoMontage” LTD şirkəti tərəfindən həyata keçirilirdi.
   Sərgi-yarmarkada son üç ildə ölkə nəşriyyatlarında, eləcə də ABŞ, Rusiya, İran, Türkiyə, Macarıstan, Makedoniya, Slovakiya, Belarus, Latviya, Moldova, Özbəkistan, Qırğızıstan, Tacikistan və digər xarici ölkələrdə nəşr edilən kitablar, nəşr məhsulları nümayiş olunacaq.
   Sərgi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təmir edilən mədəniyyət ocaqlarına aid “Heydər Əliyev Sarayı”, “Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı”, “Azərbaycan Dövlət Kukla Teatrı”, “Azərbaycan Dövlət Film Fondu”, “Azərbaycan Dövlət Rus Dram Teatrı” kitablarının, 150 cildlik “Dünya ədəbiyyatı” seriyasından nəşri başa çatmış kitabların, Timuçin Əfəndiyevin “Mədəniyyətdə tarixilik və müasirlik” kitabının təqdimat mərasimləri keçiriləcək,
   “Azərbaycanın dövlət müstəqilliyi və kitab sənətinin inkişafı” mövzusunda simpozium, “20 ilin ədəbi mənzərəsi” - Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş dəyirmi masa və digər tədbirlər təşkil olunacaq. Bundan əlavə müxtəlif nəşriyyatların təşkilatçılığı ilə kitab təqdimatları və müəllif görüşləri də nəzərdə tutulub. Tədbir boyu müvafiq stendlərin qarşısında aşıqlar, simli kvartet və milli musiqi alətlərinin ifaçıları çıxış edəcəklər.
   Sərginin sonuncu günü Təşkilat Komitəsi tərəfindən ən yaxşı nəşriyyat və ən yaxşı kitab mükafatlandırılacaq.