Kimdənsə müsahibə hazırlayanda bəzən həmin adamı o qədər tərif edirik ki, bu tərifnamədən bəlkə müsahibimizin özünün də başı fırlanır. Oxucu isə bir o yazıya baxır, bir də tanıdığı həmin "qəhrəman"a. Ancaq mənim budəfəki müsahibimin belə tərifnamələrə heç bir ehtiyacı yoxdur. O nə nurdan tökülmüş heykələ, nə də qeyri-adi bir varlığa bənzəyir. O, sadəcə bir insan kiimi saf ürəkli, xeyir əməllidir. Əsl vətəndaş, qayğıkeş ana kimi qəlbi Qarabağ dərdi ilə çırpınan şairə Fəridə Hacıyevanı illərdi ki, tanıyıram. Məlumat üçün deyim ki, o, Aşıqlar Birliyi, Aşıq Pəri Məclisi və Yazıçılar Birliyinin üzvüdür. Altı kitab müəllifi Fəridə xanım "Qızıl qələm" fəxri media mükafatı kimi bir sıra diplom və fəxri fərmanlarla təltif edilib. O, həm də kitabxanaçı kimi öz sənətinin vurğunudur. 17 ildir ki, M.F.Axundov adına Milli Kitabxanada çalışaraq dövri mətbuat bölməsinə rəhbərlik edir. Kitabxananın 85 illik yubileyi ilə bağlı başqa həmkarları kimi bu zəhmətkeş xanım da Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanına layiq görülüb.

- Fəridə xanım, müəllifi istedadı ilə yanaşı, həm də səmimiliyi oxucuya sevdirir. Bu baxımdan  bütün türk dünyasının işıqlı siması olan Mövlana Cəmaləddinə olan  sevginiz sanki Sizi oxuculara daha da doğmalaşdırdı.

- Ümumiyyətlə, mənə elə gəlir ki, insan həyatı boyu səmimi olmalıdır. Səmimi olmayan insan sevilə bilməz. Görün övliyalarımızdan ağamız Mövlana necə söyləmişdir. "Göründüyün kimi ol, ya da olduğun kimi görün". Bu qızıla bərabər kəlmələri dərk etmək kifayət edər ki, səmimiyyətin yolunu tapasan. O ki qaldı qələm sahibinə, səmimiyyət onun yaradıcılığının açarına çevrilməlidir. Şair nə qədər səmimi olsa oxucu tərəfindən başa düşüləcək, seviləcək. Mən deyə bilmərəm ki, Mövlanaya həsr etdiyim yazılar, şerlər məni oxuculara doğmalaşdırıb. Sadəcə sultanımız Mövlananın adı harada çəkilirsə könüllərdə sevgi cücərir. Bu dahi insanın ruhunun enerjisi hər yana saf nəfəs kimi yayılır. Mən bu sevginin şahidi olmuşam. 2007-ci ildə Mövlananın 800 illiyi ilə bağlı Türkiyənin Konya şəhərində "Mövlana və mevləvilik" adlı simpoziumda iştirak etmişəm. Dünyanın hər yerindən qonaqlar var idi. Onların könlündəki sevgi üzlərinə, gözlərinə hopmuşdu. Təsəvvür edin Amerikadan, Kanadadan, Çindən, Almaniyadan və bir çox ölkələrdən nümayəndələr gəlmişdi. Qonaqların arasında ən çox yadımda qalan isə Mövlananın şəcərəsindən olan yeddinci nəslin nümayəndəsi Esin xanım idi. Onunla şəxsi tanışlığım mənə xoş təsir bağışladı. Demək olar ki, bizim bir günümüz birlikdə keçdi. Esin xanımla  Mövlananın türbəsini ziyarət etdik. Həmin gün ömrümün ən gözəl anlarına çevrildi. Ağamızın uyuduğu yerdə o dövrün ərənləri də uyuyur. Türbəni seyr etdikcə göz yaşlarımı saxlaya bilmirdim. Bu aləm məni özünə elə çəkmişdi ki, neyin iniltili səsi iliklərimə qədər işləyirdi

Ney səsinə dönmüşəm mən,
Ruhumun təmiz nəfəsi
Dərgahımın yolundayam
Allah, saflaşır nəfəsim
Ney səslənir, cənnətdəyəm
Ruhlar mənə salam verir
Ölməzliyin içindəyəm.
Əl uzalı, nur zərrəsi
Bunu mənə Mövlam verir.

- Şeirlərinizdə həsrət, kədər var, amma həyatda nikbin, xoş bir xanımsınız…

- Düz deyirsən, qızım mənim şeirlərim əsasən qəmli, kədərli olur. Etiraf edirəm ki, bu hal qətiyyən məndən asılı deyil. Bilmirəm nədəndir, bəlkə çox həssas olduğumdan irəli gəlir. Bəzən bunu mənə irad tutanlar da olur. Amma o ruhumun mənə verdiyi bir haldı. Şeirlərimlə birgə olanda sanki qayğılarım artır, daha da həssas oluram. Qəm mənim yol yoldaşım, həmdəmim olur. Könlümdən axan sözlər şeirə çevrilir. Onunla dərd bölüşmək mənə daha asan olur. Ancaq insanlarla təmasım başqa cürdü. Ümumiyyətlə, mənim insanlara münasibətim bir az fərqli olub. Çalışıram onlardakı gözəlliyi görüm. Mənə xoş gəlməyən hərəkətə də biganə qala bilmirəm.

- Öz işinizi-kitabxananı çox sevirsiniz. Çox vaxt Sizi nəyisə mütaliə edərkən görmüşəm. Amma həyat da bir başqa kitabdı. Bəs bu həyat Sizə nələri öyrətdi?

- Bəli, kitabxanaçı kimi öz işimi çox sevirəm. Hər an çalışıram ki, oxucularla işçilərin arasında səmimi bir tarazlıq olsun. Əlbəttə, ciddiyyəti də unutmaq olmaz. Mənə hərdən elə gəlir ki, kitabxanaçılardan məsuliyyətli heç kəs ola bilməz. Bir baxın, bütün ziyalılarımız, alimlər, akademiklər, yazıçılar, həkimlər, böyük bir ziyalı ordusu kitabxanadan gəlib keçir. Kitabxanaçılar görün nə boyük ağır işin altına girib ləyaqətlə, işgüzarlıqla bu işin öhdəsindən gəlirlər. Hazırda isə kitabxanalarımız daha da müasirləşib. Ən böyük uğurumuz kitabxananın kompyuter sisteminə keçməsidir. "Nadir fond", "Xüsusi fond" kimi şöbələr yenidən qurulub. Müdiriyyətin səyi nəticəsində kitabxanamız günü-gündən oxuğucuların mənəvi məbədgahına çevrilir. Milli kitabxanamızda sərgi zalının aktuallığı hər an diqqəti cəlb edir. Ümumiyyətlə hər bir şöbənin özünəməxsus işi var. "Oxuculara xidmət şöbəsi" isə daha məsuliyyətli şöbələrdən biridir. Çünki burada bilavasitə oxucu ilə işləyirsən. Hər bir oxucu isə özünəməxsus xarakterə malikdir. Kitabxanaçının borcu oxucunu yüksək səviyyədə qəbul edib ona xidmət göstərməkdir. Mütaliə etmək, demək olar ki, mənim gənclik vaxtlarımdan hobbimə çevrilib.O vaxtdan bir gün də olsun mütaliəsiz günüm keçməyib. Azərbaycan ədəbiyyatı ilə yanaşı, xarici ədəbiyyatı da böyük həvəslə oxumuşam. Lakin son illər daha çox türk ədəbiyyatı ilə maraqlanıram. Bunlardan Qazali, Cəlaləddin Rumi, aşıq Veysəl, Yunis İmrə və başqalarının adlarını çəkə bilərəm. Qaldı ki həyat mənə nələr öyrətməyib ki?.. Böyük əsərlər özü həyatımıın ən mənalı, ən ali məktəbidi. Elə əsərlərə çevrilən də bizim hər birimizin həyatıdır. Mən hər zaman həyatda öyrənib və öyrətməyə çalışmışam. Qəribə burasıdır ki, yaşından asılı olmayaraq məndən məsləhət istəyənlər çox olur. Mən də əlimdən gələni əsirgəmirəm. Bəzən də əksinə, kiməsə verdiyin məsləhət ona xoş gəlmir. Onda kənara çəkilirsən, özü bilər…

- Bilirəm ki, ictimai işlərdə də fəalsınız...

- İctimai işlərdə iştirak etmək, tədbirlərdə tez-tez olmaq artıq həyatımın bir  hissəsinə çevrilib. Mənim üçün yaradıcı olan belə tədbirlər əhəmiyyətlidir. Artıq on ilə yaxındır ki, Rumıniya səfirliyində "Azərbaycan-Rumın Mədəni Əlaqələr" birliyi ilə əməkdaşlıq edirəm. Rumın xalqının məşhur şairi Mixay Emineskunun şeirlərini tərcümə edib "Ulduzlardan pay istərəm" adlı kitabı Rumıniya səfirliyinin dəstəyi ilə nəşr etdirmişəm.

- Bu gün başlı-başın saxlasın prinsipi ilə çoxu qarşısındakını vurub yıxmağa çalışır. Sizcə, qadınlarda, ümumiyyətlə, insanlarda paxıllıq hissinin bu qədər güclü olması nədəndir?

- Mən paxıllıqdan, riyadan uzaq bir insanam. Qeyri təvazökarlıq kimi başa düşülməsin, mən paxıl kəlməsini qəbul edə bilmirəm. Bəzən eşidirəm kimsə deyir ki, paxıllığımı çəkirlər. Özü də ziyalı adamlardan eşitmişəm bunu. Kim olur olsun o insan gözümdə adiləşir. O ki qaldı başlı-başın saxlasın fikrinə, məncə, insan hansı zamanda, hansı şəraitdə olsa da başını namusla, ləyaqətlə saxlamalıdır. Kimisə vurub onun yerində xoşbəxtlik qurmaq olmaz. Bu yalandı. Allah adama imkan verməz. Bir sözlə, paxıl adamlara yazığım gəlir, onlar Allahın aciz bəndələridir.

- Düşünürəm ki, Sizdən yaxşı müəllim olardı. Axı müəllim özü də bir məktəbdi...

- Mən müəllim ailəsində doğulmuşam. Məktəbdə müəllim olmasam da həyatda məni özünə müəllim seçən adamlar var. Məsləhət dinləyib nəticə çıxaran gəncləri çox sevirəm.

- Şeirlərinizdə Qarabağ dərdi, köçkünlüyün ağrı-acısı var. Sizcə, Qarabağa gedən yola çıxmaq üçün necə silahlanmaq lazımdı?

- Hər bir insan Vətənə borcu olduğunu dərk etməlidi... Neyləyim, Vətəni qoruya bilmədik, illər ötdükcə dərdlər təzələnir, sığınıb ağuşuna ürəyimin yanğısı,  könlümün hıçqırıqlarıyla, bağışla deyirəm, Vətən, bağışla. Ulularımızın ruhu mənə dinclik vermir, "Qarabağ şikəstəsi" ürəyimin döyüntüsünə dönüb, elə hey sinəmdə döyünür. Hərdən mənə elə gəlir ki, Üzeyir bəyin "Sənsiz"idi Bülbülün ifasında Şuşanın əzəmətli, qocadan-qoca dağlarında nalə çəkir. Və onun əks-sədası yer üzünü, göy üzünü bürüyür. Mən hər zaman dua edirəm ki, düşmən qarşısında aciz qalmayaq. Oda-alova dönüb doğma Qarabağımızı xain düşmənin caynağından xilas edək. Əgər arzularımız, niyyətlərimiz yerinə yetirilsə bizim də alnı açıq yaşamağa haqqımız olacaq. Nə qədər ki, elim-obam düşmən əlindədi mən də özümü günahkar sayıram.

Müsahibəni apardı:
Mina RƏŞİD