Azərbaycan kabel televiziyaları içində aparıcı rola malik KATV-1 televiziyasının elan etdiyi fotomüsabiqəyə yekun vuruldu. Eyni zamanda televiziyanın yeni layihəsi barədə məlumat verildi. Şərq üslubunda dizayna malik, milli yeməklərimizin ünvanı olan “Yeni Bəh-Bəh” restoranında keçirilən tədbirdə əvvəlcə fotomüsabiqənin qalibləri, Rinat Əlmətdinov və Səbinə Əliyeva təşkilatçılar tərəfindən mükafatlandırıldı. Sonra isə tədbir iştirakçıları televiziyanın bu restoranda hər həftə həyata keçirəcəyi mədəniyyətyönümlü layihəsi ilə tanış edildi. Kabel televiziyasının fəaliyyəti və yeni layihələri haqqında isə KATV-1-in nümayəndəsi Hüseyn İsmayılovla eksklüziv müsahibəmiz də elə tədbir saatlarında baş tutdu.
- Əvvəlcə hamının marağına səbəb olan layihənizdən danışaq.
- Hər həftənin çərşənbə axşamı bizim televiziyanın hazırlayacağı tematik axşamlar təşkil ediləcək, filmlərimizə, musiqimizə həsr edilmiş günlər olacaq. Ümumiyyətlə, məşhur mədəniyyət adamlarına, ulduz müğənnilərə, rejissorlara həsr ediləcək unikal axşamların keçirilməsi nəzərdə tutulur. Layihə sizinlə söhbətləşdiyimiz bu məkanda reallaşdırılacaq. Bu, bir növ, bizneslə mədəniyyətin qovuşmasıdır və nəticədə yüksək səviyyəli xidmət mədəniyyətinə nail olunur. Bu məkanı seçməyimiz isə təsadüfi deyil. Burada milli kulinariyamız yüksək səviyyədə təqdim edilir. Digər tərəfdən xarici turistlər də bu şərqstilli məkana maraq göstərirlər. Bizim layihə mənalı istirahətin təşkilinə hesablanıb. KATV-1 bu modern istirahət axşamlarında öz texniki imkanlarını da nümayiş etdirəcək.
- Televiziyanız nə vaxtdan fəaliyyətə başlayıb?
- KATV-1 2005-ci ilin avqust ayından Milli Teleradio Şurası tərəfindən kabel yayımı üçün verilmiş lisenziya əsasında fəaliyyət göstərir. Hələlik ölkəmizdə kabel televiziyaçılığı sahəsində liderdir. İlk illərdə fəaliyyətimiz kabel televiziyası haqqında maarifçilik işi aparmaqdan ibarət idi. İndi biz kataloq sistemi ilə yanaşı, rəqəmsal yayım da həyata keçiririk. Bakı əhalisi bizim imkanlarla dünyanın 150-ə qədər telekanallarını izləmək imkanlarına malikdirlər. Hazırda Sumqayıtda bu prosesə başlanıb. Ardınca isə iki bölgədə xidmətimizi quracağıq. Gələn ilin yanvar ayı ərzində biz paytaxt əhalisinə yüksəksürətli internet xidmətləri göstərməyə hazır olacağıq. Daha bir yeniliyi də tətbiq etməyə hazırlaşırıq. Belə ki, sifarişçi bizim təqdim etdiyimiz kanal paketlərində nümayiş olunan hər hansı verilişə, filmə təkrar tamaşa etmək istəsə, bu video şəklində onun üçün ayrılmış xüsusi kanalda nümayiş olunacaq.Ümumiyyətlə, kabel televiziyası sahəsində dünya texnologiyasının ən son yeniliklərini tətbiq edəcəyik.
- Minlərlə telekanal içindən 150 müxtəlif kanal təqdim edirsiniz. Seçiminiz hansı meyarlar əsasında aparılır?
- Bunun üçün marketinq işi aparırıq, sorğu keçiririk. Çalışırıq ki, yanılmayaq. Çünki biz telekanallarla hüquqi müqavilə bağlayıb, öhdəçilik götürürük. Kanalın tamaşaçıların tələbatını ödəməsi əsas şərtdir.
- Maraqlıdır, bəs tamaşaçılar hansı xarici ölkə kanallarına daha çox üstünlük verirlər?
- Türkiyə və Rusiya telekanallarına daha çox maraq göstərilir. Bu da yəqin ki, dil faktoru ilə əlaqədardır.
- Bəs tariflər necədir?
- Bir televiziya qəbuledicisinin qoşulma qiyməti fiziki şəxslər üçün 6, hüquqi şəxslər üçün 20 manatdır. Abunəçinin kabel şəbəkəsinə qoşulması üçün KATV-1 pulsuz olaraq splitter, konnektor təqdim edir. 1 televiziya qəbuledicisi üçün aylıq ödəniş 9 manat, 6 aylıq qabaqcadan ödəniş üçün 10% güzəştlə 49 manat , 12 aylıq qabaqcadan ödəniş üçün 15% güzəştlə 92 manatdır. Məncə, bu qiymətlər indiki alıcılıq qabiliyyətinə uyğundur.