Mayın 15-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İsrail nümayəndə heyətini qəbul edib. Görüşdə İsrail parlamentinin üzvləri xanım Faina Kirşenbaum, Orit Zuaretz, İsrailin Azərbaycandakı səfiri Mixail Lotem, səfirliyin ikinci katibi Ronen Krausz iştirak ediblər.
Nazir iki ölkə arasında mədəniyyət sahəsində olan sıx əlaqələrdən məmnunluğunu ifadə edərək, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə, musiqi festivallarında İsrail təmsilçilərinin iştirak etdiyini vurğulayıb. Ə.Qarayev İsraildə fəaliyyət göstərən turizm şirkətlərini hər il Bakıda keçirilən “Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi”ində iştirak etməyə dəvət edib. Nazir həmçinin hər iki ölkədə info-turların təşkili, turizm sahəsində mütəxəssislər və tələbə mübadiləsinin həyata keçirilməsi, İsraildən olan jurnalistlərin ölkəmizə dəvət olunması, Azərbaycan haqda təbliğat xarakterli materialların İsrail telekanallarında yayınlanması kimi təkliflər irəli sürüb.
İsrail nümayəndə heyəti öz növbəsində Azərbaycana səfərdən məmnunluq bildirərək turizm sahəsində qarşılıqlı əməkdaşlığın hər iki tərəfə böyük fayda gətirə biləcəyini söyləyib.