Nazirlər Kabineti yanında Terminologiya Komissiyası və Tərcümə Mərkəzi yaradılacaq\
   
   Prezident İlham Əliyev mayın 23-də “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncam imzalayıb.
   
   Sərəncamda qeyd olunur ki, Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən biridir. Bu dildə dünya ədəbiyyatı xəzinəsinə daxil olan misilsiz əsərlər yaradılmışdır. Ana dilimiz öz ifadə imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik strukturunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik, yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir. O özünün indiki yüksək səviyyəsinə görkəmli şair və yazıçıların, maarifpərvər ziyalıların zəhməti sayəsində çatmışdır. Bu prosesdə Azərbaycan dilçilik elminin böyük xidməti vardır.
   Xalqımızın böyük oğlu Heydər Əliyev respublikamıza rəhbərlik etməyə başladığı ilk vaxtlardan Azərbaycan ədəbi dilinə ayrıca diqqət yetirmiş, ana dilimizin Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi xüsusi maddədə göstərilməsinə nail olmuşdu. Azərbaycan Respublikası öz müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət kəsb etməyə başlamışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2 yanvar 2003-cü il tarixli fərmanları ilə ədəbi dilimizin fəaliyyət meydanı daha da genişləndirilmiş, bütünlükdə dil mədəniyyətimiz qarşısında yeni üfüqlər açılmışdır.
   Bununla yanaşı, son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi diqqəti çəkir. Dilin böyük ictimai-siyasi hadisə və mənəvi həyatımızın mühüm amili olduğunu çox zaman nəzərdən qaçıran bəzi mətbuat orqanlarında, radio və televiziya kanallarında ədəbi dil normalarının pozulması adi hal almışdır. Küçə və meydanlardakı reklamlarda, afişalarda Azərbaycan dilinin ən adi leksik və qrammatik qaydalarının pozulması təkcə dil mədəniyyətinin deyil, ümumi mədəni səviyyənin də arzuedilməz göstəricisinə çevrilmişdir.
   Sərəncamda bildirilir ki, dilçilik elmimiz təkcə Azərbaycan dili ilə bağlı deyil, həmçinin onun digər türk dilləri ilə münasibətlərini öyrənmək istiqamətində ciddi addımlar atmalı, müasir dillərin nəzəri cəhətdən araşdırılmasına, eyni zamanda qədim dünya dilləri və mədəniyyətlərinin tədqiqinə yönələn yeni layihələr işləyib hazırlamalıdır. Sərəncamda Azərbaycan Milli Elmlər Akademiyasına Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının layihəsini hazırlayıb 2012-ci il oktyabr ayının 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.
   Nazirlər Kabineti Dövlət Proqramının layihəsini 2012-ci il noyabr ayının 1-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
   Sərəncama əsasən, Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsi və koordinasiya edilməsi, habelə tərcümə işinin mərkəzləşdirilmiş qaydada və məqsədyönlü aparılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası və Tərcümə Mərkəzi yaradılacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar