Fevralın 24-də muğam sənətimizin özünəməxsus ifaçısı, Mədəniyyət və İncəsənət Universitetinin və Azərbaycan Milli Konservatoriyasının müəllimi, Xalq artisti Səkinə İsmayılovanın 55 yaşı tamam olur
      
   ...O, Opera və Balet Teatrının səhnəsində ən gənc Leylilərdən biri oldu...
   ...İlk qastrol səfərinə Fransadan başladı...
   ... Azərbaycan musiqi sənətində muğamı qavalla ifa edən ilk qadın xanəndə də o oldu...
   ... Qadınlardan ibarət ilk muğam üçlüyünü də o yaratdı...
   ... Səhnədə, elə həyatda da azərbaycanlı xanımın necə olmağını çoxlarına o öyrətdi...
   ... Dünyanın 40-a yaxın ölkəsində Azərbaycan musiqisini, qədim muğamlarımızı layiqincə təmsil etdi...
   ... Üç böyük muğam müsabiqəsinin yeganə xanım münsifi də o oldu...
    ... Həyatdan və sənətdən qazandığı iki beşin sahibi də elə odur - Xalq artisti Səkinə İsmayılova...

   
   
   - Səkinə xanım, 55 yaxşı rəqəmdir. İki beşin tamamında özünüzü necə hiss edirsiniz?
   - Əla, gördüyünüz kimi (gülür).
   - Gəlin, söhbətimizə uşaqlıq illərinizdən başlayaq. O illərdən ki, özünüz hiss etməsəniz də, ətrafınızdakılar istedadınızı görüb qiymətləndirirdilər.
   - Xanəndəlikdir, rəssamlıqdır, şairlikdir - bunlar Allah vergisidir. Əgər yaxşı təhsil, yaxşı tərbiyə alsan, başqa sahədə öz sözünü deyə bilərsən, amma elə sahələr də var ki, istedadın olmadan bir addım da ata bilməzsən. Allah-Təala hər kəsə istedad vermir. Əgər istedadın varsa, seçilmisənsə, bu istedadın dalınca getməlisən.
   Uşaq vaxtı hüquqşünas olmaq istəyirdim. Məktəbimizə istedadlı uşaqları aşkar etmək üçün universitetdən bu gün yaxşı tanıdığımız gözəl alimimiz, professor Vidadi Xəlilov gəlmişdi. Səsimə qulaq asdı, dedi ki, ay qızım, çox adam hüquqşünas, müəllim, həkim ola bilər, Allah sənə belə gözəl səs verib, bu sənətin dalınca get. Ona görə də mənə düzgün yol göstərən və hər zaman təşəkkür edəcəyim insanlardan biri də Vidadi müəllimdir.
   Elə bu fikirlə də orta məktəbi bitirib Asəf Zeynallı adına Musiqi Məktəbinin muğam sinfinə daxil oldum. Böyük müəllim, əvəzsiz sənətkar, Seyid Şuşinskinin layiqli davamçısı, yüzlərlə xanəndənin müəllimi Nəriman Əliyevin sinfində muğamın sirlərini öyrəndim.
   Musiqi Məktəbində oxuduğum illərdə ustad sənətkarlar məndə opera səsin olduğunu hiss elədilər və böyük sənətkarlarımız Rauf Abdullayev, Bəhram Mənsurov, Gülxar Həsənova, Kazım Əliverdibəyov, o dövrdə Opera və Balet Teatrının direktoru işləyən Azər Rzayev səsimə qulaq asıb məni teatra, böyük səhnəyə dəvət elədilər.
   
   Bütün uğurlarıma görə səhnəyə borcluyam
   
   - İlk dəfə səhnəyə hansı rolla çıxdınız?
   - Mənim bütün yaradıcılığım bu səhnə ilə bağlıdır. Bu gün mənim bütün uğurlarım, tanınmağım, sevilməyim böyük səhnədə ilk addımlarımı atmağımdan başlayır. Bu səhnədə ustad sənətkarlardan sənətin incəliklərini öyrəndim, istedadım cilalandı və ilk dəfə səhnəyə “Leyli və Məcnun” operasındakı Leyli rolu ilə çıxdım. Mən teatra gəldiyim illərdə bizim möhtəşəm sənətkarlarımız Rübabə Muradova, Nəzakət Məmmədova, Zeynəb Xanlarova Leyli rolunu ifa edirdilər. Onlara sevə-sevə, heyranlıqla qulaq asırdım, baxırdım, öyrənirdim.
   Çox keçmədi ki, “Leyli və Məcnun”da Leyli, “Əsli və Kərəm”də Əsli, “Gəlin qayası”nda Gülbahar, “Aşıq Qərib”də Şahsənəm rollarını ifa elədim. Səhnəyə alışdım, səhnəyə öyrəşdim, səhnəyə bağlandım. İki böyük sənətkarımız - Rübabə Muradova və Nəzakət Məmmədova dünyasını dəyişəndən sonra - Allah hər ikisinə qəni-qəni rəhmət eləsin - opera səhnəsində iki il baş rolları tək oynamalı oldum. Bu məsuliyyəti öz çiyinlərimdə daşıdım. Mənim belə bir məhsuldar teatr həyatım olub. Hər zaman deyirəm ki, bütün uğurlarıma, müvəffəqiyyətlərimə görə o səhnəyə borcluyam.
   - Özünəməxsus ifa tərzi, imici olan Səkinə xanımın başqalarından seçilməyinin sirri nədədir?
   - Səhnə hər zaman gözəllik istəyir. Çox xoşbəxtəm ki, Rəşid Behbudov kimi sənətkarın yaratdığı Mahnı Teatrının kollektivi ilə dəfələrlə qastrol səfərlərində olmuşam, onunla Fransada, İngiltərədə bir səhnədə çıxış etmişəm. Özümü həm də ona görə xoşbəxt sayıram ki, belə sənətkarlardan diqqət görmüşəm. Rəşid Behbudovun gözəl bir sözü vardı, deyirdi ki, hər bir sənətkar öz ölkəsinin simvoldur. Onun səhnəyə gəlişi, görünüşü ölkəsi haqqında ilk təəssürat yaradır. Çox sevinirəm ki, Azərbaycan xanımının simasını həmişə qoruyub saxlamışam. Çünki biz hansı səhnədə oluruqsa-olaq, öz geyimimizlə, davranışımızla Azərbaycanı təmsil edirik.
   - Sənətdə uğur qazanmaq və bu uğuru qoruyub saxlamaq çətin olsa da, siz bunu bacardınız. Doğrudanmı uğuru qorumaq onu əldə etməkdən daha çətindir?
   - Bəli, ən çətini əldə etdiklərini qoruyub saxlamaqdır. Sənətdə uğur qazanmaq üçün insanın ağlı, zəkası, zəhmətsevərliyi ilə yanaşı, həm də sənətinə sonsuz eşqi-məhəbbəti də olmalıdır. Belə olsa uğur səndən qaçmayacaq.    

   Səbirli, Allaha bağlı adamam
   
   - Mədəniyyət və İncəsənət Universitetində, Milli Konservatoriyada dərs deyirsiniz. Özünüzü harada daha rahat hiss edirsiniz: səhnədə, yoxsa auditoriyada?
   - Mən hər zaman bu işləri bərabər yürütməyə çalışıram. Biz həm səhnədəyik, həm də təbii ki, öz ardıcıllarımızı yetişdiririk. Bu mənada səhnədə də, auditoriyada da özümü çox yaxşı hiss edirəm.
   - Siz həm də muğamı qavalla ifa edən ilk qadın xanəndə olmusunuz...
   - Mən sevinirəm ki, Azərbaycan musiqi sənətində muğamı qavalla ifa edən ilk qadın xanəndəyəm. Sevinirəm ki, 1988-ci ildə Azərbaycan Dövlət Filarmoniyasında böyük simfonik orkestrlə Vasif Adıgözəlzadənin işləməsində “Şur” və “Rast” simfonik muğamlarını ilk dəfə İslam Rzayevlə bərabər mən ifa etmişəm.
   - Ancaq bildiyimə görə, keçmişdə də qadın xanəndələr səhnəyə qavalla çıxardılar....
   - Bəli, qadın xanəndələr səhnəyə qavalla çıxardılar, ancaq bu sadəcə simvol idi. 1988-ci ildə Amerikaya səfərə hazırlaşırdım, belə göstəriş vardı ki, klassiklərimizdən gələn ənənə ilə - tar, kamança və bir də qavalla ifa edən xanəndə olmalıdır. O vaxtlar xanım ifaçılar qavalı simvolik olaraq əllərində tuturdular. Dedim ki, əgər qadın xanəndələr bu gün ”Rast”, “Çahargah”, “Bayatı-Şiraz” oxuyursa, niyə qaval da çalmasın? Bir ay ərzində qaval çalmağı öyrəndim. Çünki orta məktəbdə musiqi məktəbinin qarmon sinfini bitirmişdim, musiqi alətləri mənə yad deyildi, həm də o mənada ki, ailədə bacım və qardaşlarım musiqi alətlərində çalmağı bacarırdılar. Bu məsuliyyəti boynuma çəkdim, Amerika kimi böyük bir ölkədə 6 konsertimiz oldu və səfərimiz uğurla keçdi. Bu ilk addım istər o dövrdə, istərsə də bu dövrdə çox maraqla qarşılandı. Ən maraqlısı budur ki, muğam ifa edən bütün qadınlar səhnəyə qavalla çıxırlar.
   - İlk dəfə həm də qadınlardan ibarət üçlük yaratdınız...
   - Bəli, Azərbaycanı təmsil elədiyimiz üçün bu üçlüyün adını da “Azərbaycan” qoyduq. Elə bir ölkə yoxdur ki, üç azərbaycanlı xanım səhnəyə çıxanda zalda alqış səslənməsin və bu gün də ansambl fəaliyyət göstərir.
   - Həyatda qarşınıza çıxan maneələri necə dəf edirsiniz?
   - Səbirlə. Çox səbirli adamam və fikirləşirəm ki, insan səbirlə bütün istəklərinə çata bilər. Allaha bağlı adamam. Bir də insan gərək həyatda nəfsinə sahib olmağı bacarsın, hansı sənət olursa-olsun insan mükəmməl öyrənsə, istədiyinə çata bilər.
   
   Həyat gözəldir
   
   - Keçmiş xatirələrlə yaşayırsız, yoxsa gələcək arzularla?
   - Keçmiş elə keçmişdir, keçdi getdi... həyatın axarında nə olmalıdırsa, olacaq, bunun üçün çox təəssüflənməyə dəyməz. Fikirləşmək lazımdır ki, yenə də həyat çox gözəldir, sevgi ilə doludur, sabahlarda çox gözəl günlər var. Gələcək arzular insanı yaşadır.
   - Artıq bir sənətkar olaraq bu gün muğam müsabiqələrində münsif kimi iştirak edirsiniz. Hansı hisləri keçirirsiniz?
   - Fəxr edirəm ki, üç möhtəşəm muğam müsabiqəsinin jürisində yeganə qadın xanəndə kimi iştirak edirəm. Biz o uşaqların hər birinə öz balamız kimi baxırıq. İrad da tutanda elə bir formada demək istəyirik ki, sıxılmasınlar, ümidləri qırılmasın. Çünki bir sənətkar 25-30 ilə yetişir. Biz onlardan 2-3 ay ərzində böyük sənət tələb edə bilmərik, öz səviyyələrinə, öz yaşlarına, öz çəkilərinə uyğun ifa gözləyirik. Ona görə də hər birinə çox obyektivliklə, həssaslıqla, qayğı, diqqət, sevgi ilə yanaşırıq.
   - Səhnədə Leyli olmaq çətindir, yoxsa həyatda?
   - Səhnədə Leyli olmaq odur ki, sən kiminsə obrazını yaradırsan. Bu da çətindir. Ona görə ki, səhnədə yaratdığın obrazla tamaşaçıları inandırmalısan, əgər tamaşaçı inanmasa, səni sevib alqışlamayacaq. Həyatda isə ailəmdə yoldaşımın Leylisiyəm. Hər zaman deyirəm ki, sənətkarın iki qanadının biri onun sənəti, biri onun ailəsidir. Qoşa qanad olanda sənətkar xoşbəxt olur. Mən hər bir xanıma, hər bir sənətkara bu xoşbəxtliyi arzulayıram.
   - Səkinə İsmayılova deyəndə “Heyratı”, “Heyratı” deyəndə Səkinə İsmayılova yada düşür. “Heyratı”ya niyə bu qədər bağlısınız?
   - Hər zaman tələbələrimə də öyrədirəm ki, elə muğamlar var ki, gərək onları kişi kimi oxuyasan. Çünki bu muğamların xarakteri belədir. “Heyratı” döyüşə çağırışdır, cəngavərlikdir, qəhrəmanlıq ruhudur. Təbii ki, onun üçün də səs dinamikası, səsin özünün funksiyası olmalıdır.
   - Ömrünüzün bu məqamında özünüz özünüzə nə arzulayırsız?
   - Sənətə gəldiyim gündən dövlətdən, ətrafımdakı insanlardan özümə qarşı qayğı, diqqət görmüşəm, bu gün də dövlətimizin, Mədəniyyət və Turizm Nazirliyinin böyük qayğısını hiss edirəm. Bu da məni ruhlandırır ki, bundan sonra öz gücümü, öz istedadımı, sənətimi bütünlüklə mədəniyyətimizə həsr edim.
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar