«Qaçqın Anar Usubovun həyat hekayəsi»
   
   Fevralın 21-də Xocalı soyqırımının ildönümü ərəfəsində Dövlət Gənc Tamaşaçılar Teatrında türkiyəli rejissor Cem Oğuzun ekranlaşdırdığı “Qaçqın Anar Usubovun həyat hekayəsi” sənədli filmi təqdim olunub. Türkiyənin NTV kanalı tərəfindən lentə alınan film Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə ərsəyə gəlib. Filmin çəkilməsinə Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva, ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondu, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması” İctimai Birliyi təşkilatı dəstək veriblər. 
   Dövlət və hökumət rəsmilərinin, millət vəkillərinin, Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələrinin, xocalıların iştirak etdiyi mərasimi giriş sözü ilə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov açdı. O, ümidvar olduğunu bildirdi ki, Türkiyənin Bilkent Universitetinin professoru, tanınmış jurnalist Cem Oğuz tərəfindən çəkilmiş bu ekran əsəri xalqımızın başına gətirilmiş Xocalı faciəsinin dünyaya çatdırılmasına bir töhfə olacaq.
   Tədbirdə çıxış edən filmin rejissoru Cem Oğuz vurğuladı ki, bəzən jurnalistin sözünün bitdiyi an olur və o, fikrini başqa yolla çatdırmaq istəyir: “Belə bir məqamda mən bu filmi yaratmaq qərarına gəldim”.
   “Mədəniyyət” kanalının direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev filmin yüksək professionallıqla çəkildiyini bildirərək belə ekran əsərlərinin gənc nəslin tarixi keçmişimizi öyrənməsi baxımından böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırdı. O, vaxtilə “Adi faşizm” filmini çəkmiş Mixail Rommun belə bir fikrini xatırlatdı ki, faşizm gələcəkdə daha qəddar olacaq: “Xocalı hadisələri göstərdi ki, erməni faşizmi alman faşizmindən qəddardır”.
   Sonra film nümayiş olundu. Filmdə Xocalı soyqırımı zamanı 8 yaşında olan qaçqın uşaq öz həyatını nəql edir. Qərb sənədli filmləri ruhunda çəkilmiş ekran əsəri artıq bir sıra beynəlxalq səviyyəli müxtəlif festivallarda mükafatlara təqdim olunub. Yaxın vaxtlarda ekran əsərinin təqdimat mərasimlərinin ABŞ-da - Vaşinqton və Los-Ancelesdə də keçiriləcəyi gözlənilir.

   
   
   * * *
   Tədbirdən sonra filmin müəllifi Cem Oğuz qəzetimizə müsahibə verdi:
   
   - Oğuz bəy, Xocalı faciəsi ilə bağlı belə bir sənədli filmlə tamaşaçılara nə demək istəyirdiniz?
   - Ötən əsrin 90-cı illərində dünyanın müxtəlif ölkələrində - Bosniya, Ruanda və s. yerlərdə bənzər faciələr yaşandı. Xocalı faciəsi ilə Bosniyada, Ruandada baş verən faciələrin fərqi yoxdur. Amma dünya ictimaiyyəti bu faciəvi hadisələr haqqında məlumatı olsa da, təəssüf ki, Azərbaycanda baş verən Xocalı soyqırımı barədə hələ yetərincə xəbərdar deyil. Mənim məqsədim bu faciəni dünya ictimaiyyətinə anlada bilmək, dünya ictimaiyyətinin diqqətini Azərbaycanın erməni təcavüzü üzündən yaşadığı insanlıq dramına cəlb etməkdir. Filmdə bunu etməyə çalışdım. O illəri bir-bir uşağın dili ilə anlatdım. Qaçqın olmaq, vətəndən uzaq yaşamaq, belə bir zərbəni yaşayıb o zərbə ilə birlikdə böyümək nə deməkdir, bunları anlatmağa çalışdım tamaşaçılara.
   - Ekran əsəri çox təsirli olmaqla yanaşı, həm də yeni üslublu Qərb sənədli filmləri ruhunda çəkilib. Bir insan, Xocalı köçkünü Anarın ətrafında cəmlənən hadisələri filmə çevirmisiniz və qəhrəmanınızın obrazının seçimi də çox uğurlu alınıb. Maraqlıdır, Anarla necə tanış oldunuz?
   - Tanışlığımız təsadüfən oldu. Anarın həmyaşıdı olan bir neçə gənclə görüşdüm və onun layihəyə uyğun olduğunu gördüm. Anar Xocalıdan çıxıb, o faciəni yaşayıb, amma buna rəğmən həyatda uğur qazanmaq, öz yerini tapmaq uğrunda çalışıb, təhsil alıb. Mənə görə o bir az da gənc Azərbaycan dövlətinin uğurlarının bir nümunəsidir.
   Anarla birlikdə uzun sürən araşdırma apardıq, birlikdə çalışdıq, qaçqınlarla, xüsusilə Xocalı qaçqınları ilə görüşlərimdə o da iştirak edirdi. Ondan müsahibələr vasitəsilə hekayə ortaya çıxardıq. Bundan sonra da bütün bunları kinoya çevirdik. Əgər sənədli filmin ölkə xaricində seyr edilməsini istəyirsinizsə, insanların özləri ilə söhbət etməlisiniz. Mən Xocalı ilə bağlı filmimdə bunu etməyə çalışdım.
   - Filmin çəkilməsinə çox vaxt sərf etmisiniz. Çəkiliş zamanı çətinliklərlə üzləşmədiniz ki?
   - Mən 1993-cü ildən bəri Azərbaycana gəlib-gedən bir insanam. Qaçqın və köçkünlərlə dəfələrlə bir araya gəlmişəm. Filmi çəkərkən bu insanlarla ünsiyyətdən böyük bir zövq duydum. 4-5 şəhəri gəzdim, Ağdam, Hacıkənd, Naftalan, Mingəçevir və Bərdədə bir çox çəkilişlər etdim. Mən filmdən razıyam, amma önəmli olan tamaşaçıların bəyənməsidir.
   - Nə üçün sizi məhz qaçqın və köçkünlər mövzusu narahat edir?
   - Əgər sən ziyalısansa, ədalətsizliyə həssas olmalısan. Mən də özümü ziyalı hesab edirəm. Belə bir ədalətsizliyin baş verdiyinə görə ona qarşı həssas olmağımın vacibliyini düşünürəm. Digər tərəfdən, Azərbaycana xüsusi bir sevgim var. Mən Azərbaycan haqında bİr kitab da yazmışam: «Türkiyə-Azərbaycan münasibətləri və Ermənistan faktoru». Bundan başqa illərdir ki, Azərbaycanla bağlı qəzetlərdə məqalələr, elmi yazılar yazıram. Bura da bizim üçün ata torpağıdır. Türkiyə xalqı bu məsələdə çox həssasdır. Yaxın gələcəkdə buna bənzər bir sıra layihələri gerçəkləşdirmək niyyətindəyəm. Məsələn, Türkiyədə soyqırımla bağlı film çəkmək istəyirəm. Azərbaycanla bağlı bir layihəm var. Bunların üzərində çalışıram.
   - Tarixdən məlumdur ki, Türkiyə türkləri, başqa türk millətləri də, azərbaycanlılar kimi zaman-zaman erməni fitnələri ilə, faciəvi olaylarla üzləşiblər. Necə düşünürsünüz, belə sənədli filmlərin çəkilməsi beynəlxalq aləmdə bir təbliğat vasitəsi, ədalətsizliyin ifşası kimi missiyanı yerinə yetirə bilərmi?
   - Bir film yox, bunun kimi 10, 100 film olarsa, bu baş tuta bilər. Xocalı faciəsinin dünyaya çatdırılması üçün çoxlu kitablar yazılmalı, filmlər çəkilməlidir və bu işi peşəkarlar etməlidirlər. Amma bilirsiniz, hər bir layihə maliyyə deməkdir. Mən yaxın gələcəkdə Krım türklərinin üzləşdikləri faciələr barədə də film çəkməyi düşünürəm.
   Son olaraq “Qaçqın Anar Usubovun həyat hekayəsi» sənədli filminin ərsəyə gəlməsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Heydər Əliyev Fonduna, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığımı bildirirəm. Onların köməyi olmasaydı, bu film də ortaya çıxmazdı.
   - Filmin nümayişi hansı xarici ölkələrdə baş tutacaq?
   - Avropada, Brüsseldə (Belçika) nümayiş olunacaq. Faciəni dünyaya tanıtmaq lazımdır. Fevralın 24-də Vaşinqtonda, 25-də isə Los-Ancelesdə də filmin nümayişi olacaq.
   
   Reyhan,
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar