Firudin Qurbanov: “Dünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları ölkəmizdəki tolerantlıq mühitini öz gözləri ilə gördülər”
   
   Ötən həftə Azərbaycanda daha bir beynəlxalq əhəmiyyətli tədbir keçirildi. Bakı Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etməklə dünyanın nəzərlərini özünə cəlb etməyi bacardı. Azərbaycan hökumətinin və beynəlxalq qurumların təşkilatçılığı ilə reallaşan bu nüfuzlu tədbirdə dünyaya önəmli mesajlar səsləndi. 
   
   Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanovla Dünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti barədə danışdıq.
   
   - Firudin müəllim, Dünya Mədəniyyətlərarası Dialoq Forumunun dünya üçün, özəlliklə də, tədbirə ev sahibliyi edən Azərbaycan üçün əhəmiyyətini necə xarakterizə etmək olar?
   - Öncə onu deyim ki, Azərbaycan paytaxtında yüksək səviyyədə keçirilən və öz işinə uğurla yekun vuran Dünya Mədəniyyətlərarası Dialoq Forumu həqiqətən də çox əhəmiyyətli bir tədbir idi. Forumun coğrafiyasına, miqyasına, tərkibinə nəzər salanda onun həqiqətən də necə önəmli bir tədbir olduğunu görmək olar. Beş qitəni əhatə edən Forumda 80-dən çox ölkə təmsil olunurdu. Nüfuzlu beynəlxalq təşkilatlara rəhbərlik edən şəxslərin, xarici ölkələrin mədəniyyət nazirlərinin, ictimai-siyasi xadimlərin, elm adamlarının və tanınmış media quruluşlarının təmsilçilərinin iştirakı tədbirin əhəmiyyətindən xəbər verir. UNESCO, İSESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası və Avropa Şurasının Şimal-Cənub Mərkəzi tərəfdaş qurumlar kimi tədbirin təşkil olunmasında mühüm rol oynadılar. Nüfuzlu Euronews telekanalı Forumun əsas informasiya təminatçısı qismində çıxış etdi. Bir məsələni də qeyd etmək yerinə düşər. Forumun tərəfdaşları olan həmin beynəlxalq təşkilatlar müxtəlif platformadan çıxış edir, məsələlərə baxışları bəzən bir-biri ilə uzlaşmır. Bu təşkilatların Dünya Mədəniyyətlərarası Dialoq Forumunda bir araya gəlmələri xüsusi əhəmiyyətə malikdir və yəqin ki, bütün dünyada anlaşma mühitinin formalaşmasına böyük töhfə verəcək.
   Forum təkcə Azərbaycanda deyil, həm də dünya səviyyəsində mühüm bir hadisə oldu. Mübaliğəsiz və tam cəsarətlə demək olar ki, Azərbaycan dövlətinin, prezident İlham Əliyev cənablarının xüsusi diqqət və qayğısı olmasaydı, ölkəmizdə belə bir nəhəng beynəlxalq tədbirin keçirilməsi mümkün olmazdı. Azərbaycan prezidenti İlham Əliyev cənabları və Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın Forumun işində iştirakı və onların dərin məzmunlu çıxışları beynəlxalq tədbirin gedişinə xüsusi ahəng verdi. İstər cənab prezident, istərsə də Mehriban xanım Əliyeva öz çıxışlarında Forumun tribunasından dünyaya önəmli mesajlar səsləndirdilər. Təsadüfi deyil ki, tədbirin gedişindəki çıxışlar məhz bu mesajlar və qarşıya qoyulan hədəflər ətrafında oldu.
   Mədəniyyətlərarası dialoq anlayışına son dövrlər bir çox beynəlxalq səviyyəli sənədlərdə tez-tez rast gəlinir. Son zamanlar təkcə Avropada deyil, bütün dünyada baş verən siyasi proseslər bu anlayışı daha da aktuallaşdırıb. Çox təəssüf ki, dünyada hələ də siyasi münaqişələr davam edir, ekstremizm və dini dözümsüzlük hallarına rast gəlinir. Buna görə də mədəniyyətlərarası dialoqa nail olmağın xüsusi əhəmiyyəti var. Mədəniyyətlərarası dialoq artıq daim inkişaf edən bir prosesdir. Bu gün Avropada güclü miqrasiya prosesləri baş verir. Müxtəlif mədəniyyətlərə, tarixi köklərə malik insanlar burada məskunlaşır və bu üzdən də fərqli mədəniyyətlər arasında dialoqun əldə olunmasına böyük ehtiyac yaranıb. Dialoq isə yalnız hər iki tərəfin buna marağı və xoş niyyəti olduğu zaman reallaşır. Məhz bu zaman dözümsüzlük aradan qalxır, digər mədəniyyətlərə, dinlərə xoş münasibət ön plana keçir. Bunun əksi baş verəndə isə bütün bəşəriyyətin əziyyət çəkdiyi hallar önə çıxır. Ekstremizm, dini dözümsüzlük üçün bir növ münbit şərait yaranır.
   Oxucuların diqqətini bir məsələyə də yönəltmək istərdim. Həm İlham Əliyev cənabları, həm də Mehriban xanım Əliyeva Dünya Forumundakı çıxışları zamanı multikulturalizm məsələsinə də toxundular. Bu gün multikulturalizm bir çox ölkələrdə var. Həmin ölkələrdə müxtəlif dinlərə, mədəniyyətlərə malik insanlar dinc, anlaşma şəraitində yaşayırlar. Çox təəssüf ki, bəzi hallarda multikulturalizmin əleyhinə yönələn proseslərə də rast gəlirik. Bu gün dünyanın inkişafı üçün multikulturalizm daha doğru yoldur. Çünki multikulturalizm ekstremizmin, dini dözümsüzlüyün aradan qalxmasına kömək edir, müxtəlif köklərə və dünyagörüşünə malik olan xalqlar arasında dözümlülük və sülh şəraiti yaradır.
   - Azərbaycandakı tolerantlıq bu gün dünya dövlətləri üçün nümunə göstərilir. Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumunun gedişində ölkəmizin bu sahədəki təcrübəsi xüsusi qeyd edildi...
   - Ölkəmiz tolerantlıq ənənəsi olan qədim bir məkandır. Azərbaycanda tarixən müxtəlif dinlərə, mədəniyyətə malik xalqlar dinc və yanaşı yaşayıblar. Bir-birlərinə qarşılıqlı anlaşma nümayiş etdirən bu konfessiyalar və millətlər arasında heç vaxt dini zəmində qarşıdurma baş verməyib. Tarixdən qaynaqlanan tolerantlıq ənənəsi son illər daha da inkişaf edir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi-iqtisadi uğurlarımızda bu amilin də öz payı var. Azərbaycanda müxtəlif dinlərə mənsub insanlar dinc və yanaşı yaşayır, ölkəmizin uğurlarına öz töhfələrini verirlər. Azərbaycan dövləti təkcə məscid və ziyarətgahların deyil, digər dinlərə məxsus kilsə və sinaqoqların qorunmasına, bərpasına da xüsusi diqqət ayırır. Forum ərəfəsində Bakıda dövlət vəsaiti hesabına dağ yəhudilərinin yeni sinaqoqunun istifadəyə verilməsi buna bariz nümunədir. Təsadüfi deyil ki, bu gün Azərbaycandakı tolerantlıq mühiti dünyaya nümunəvi model kimi təqdim olunur. Forum iştirakçıları da bunu əyani şəkildə gördülər. Azərbaycan bu gün həm Avropa Şurasının, həm də eyni zamanda İSESCO-nun üzvü olan yeganə dövlətdir. Ölkəmiz Qərblə Şərq arasında önəmli bir körpüdür. Azərbaycan bu çox mühüm missiyanı uğurla həyata keçirir. Dünya Mədəniyyətlərarası Dialoq Forumunun birinci dəfə məhz Bakıda keçirilməsi uğurlarımıza dünya səviyyəsində verilən yüksək qiymətin bariz nümunəsidir.