Bu yaxınlarda yazıçı İlqar Fəhminin “Aktrisa” romanı əsasında rejissor Rövşən İsaxın çəkdiyi eyniadlı film təqdim olundu. Toxunulan problem və incəsənətə aşılanan məhəbbət tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Filmin rejissoru ilə görüşüb “Aktrisa” haqqında söhbət etdik.
- Bildiyimizə görə, filmin ssenarisində əsərlə müqayisədə kifayət qədər dəyişikliklər etmisiniz. Bunu etməkdə məqsədiniz nə idi?
- Bu əsəri 2004-cü ildə oxumuşdum. Roman üzərində müxtəlif qeydlər aparırdım. Əsər məndə bir qədər dekorativ, qeyri-inandırıcı təəssürat yaradırdı. Məsələn, filmdə yazıçının bankiri öldürdüyü səhnə affekt vəziyyətində, özü də anlamadan baş verir. Lakin romanda bu tamam başqa cür yazılıb. Bankir içkili vəziyyətdə yatır və yazıçı onu qətlə yetirir. Bunu kinoda göstərsəydik teatral, inandırıcı olmayan səhnə yaranardı. Təbii ki, dəyişikliklər nəticənin qalması şərti ilə oldu.
- Aktrisa bankirlə ailə qurandan sonra sənətindən uzaqlaşır. İçindəki daxili sənət eşqi onu həyatda rol oynamağa vadar edir. Aktrisanın daxili sarsıntılarını yaşamaq, filmdə onu tamaşaçıya çatdırmaq - ekran əsərində buna nail olmaq çətin deyildimi?
- Bu gün həyatda qazandığım yaradıcılıq uğurlarıma görə sənət müəllimim Nəsir Sadıqzadəyə borcluyam. O, “sənətinizə namusunuz kimi yanaşın” deyərdi. Burada zərrə qədər də güzəştə getmək olmaz. İstər tamaşa olsun, istər film, rejissor onun ürəyidir. “Aktrisa” filmi bütövlükdə aktyor oyunu üzərində qurulmuş filmdir. Filmin çəkilişlərinə başlayarkən tamaşaçının rejissor işini bəyənməsi iddiasında olmamışam. Onun hər şeyi unudub filmdəki hadisələri həyatda baş verən hadisə kimi qəbul etməsinə çalışdım. Ümumiyyətlə elə anlar, vəziyyətlər var ki, onları yaşamaq üçün fərdin kişi və ya qadın olmasının fərqi yoxdur. Xüsusilə də mövzu incəsənətə olan məhəbbətdirsə...
- Filmin aktyor seçimi maraqlıdır. Seçim prosesi necə oldu?
- Aktyor seçimi ən həssas yanaşdığımız məsələ idi. Aktrisa rolunu Alesa Kaçer, həyat yoldaşını - bankir Vaqif Fətəliyevi Xalq artisti Fuad Poladov oynayıb, gənc yazıçı rolunda isə Gəncə Teatrının aktyoru İlham Hüseynov çəkilib. Bundan başqa filmdə Şövqi Hüseynov, Rəşad Səfərov, Məlahət Əhməd, Hicran Qəşəmova, Salam İsmayılov, Günel Məmmədova da rol alıblar. Riskli addımlar atdıq. Filmdə beş aktyorun debütü oldu. Yazıçı və aktrisanı tapmaq çətin oldu. Zənnimcə, istədiyimizə kifayət qədər nail ola bildik.
- Bu gün bizim aktrisaların filmdə açıq səhnələrdə çəkilmə kompleksi var. Baş rola azərbaycanlı sənətçini cəkmək istərdinizmi?
- Əlbəttə, filmdə aktrisanı azərbaycanlı aktrisanın oynamasını mən də çox istərdim. Hətta rola uyğun gələn bir neçə aktrisaya filmin ssenarisini də təqdim etdik. Lakin ssenari ilə tanışlıqdan sonra onlar imtina etdilər. O ki, qaldı aktrisaların açıq səhnələrdə çəkilmək kompleksinə, türklərdə belə bir söz var: “Hamama girdin, gərək tərləyəsən”... Bu sənəti seçirsənsə, gərək bəlli bir şeyləri nəzərə alasan.
- “Aktrisa” filminin mövzusu bu günün tamaşaçıları üçün nə dərəcədə aktualdır?
- Mənə elə gəlir kifayət qədər aktual mövzudur. Bu problem Azərbaycanda həmişə olub, bu gün var, sabah da olacaq. Təəssüf ki, bizdə hələ də bəzilərində belə bir fikir var ki, qəssabın oğlu qəssab, odunçunun oğlu odunçu olmalıdır. Övladının sənət seçimini, ailə qurmasını da valideynlər müəyyənləşdirir. Romanla tanış olduğum vaxt aktrisa rolunda oynaya biləcək iki nəfər xanımı fikirləşmişdim. Həmin aktrisalarla maraqlandım və məlum oldu ki, onlar ailə qurduqdan sonra sənətdən uzaqlaşıblar. Bilmirəm, Avropada bu problem nə dərəcədə aktualdır, amma bizdə belədir. Kino elm deyil, sənətdir. Tamaşaçı filmə baxıb nəsə özünə götürə bilər, amma ilk növbədə film insanın ürəyinə toxunmalıdır. Kino insanın ürəyindən beyninə gedir. Tamaşaçıları maraqlandıra biləcək mövzular zövqlə çəkilməli və insanın hisslərini titrədə biləcək şəkildə təqdim olunmalıdır. Təvazökarlıqdan uzaq səslənsə də, hesab edirəm ki, filmimiz alınıb. Filmdə hər xırda detalın belə keyfiyyətli alınmasına çalışdıq.
Söhbətləşdi:
Yeganə Cansail