Tofiq Məlikli: “Məqsədimiz mədəniyyətimizi, tarixi irsimizi, ədəbiyyatımızı, incəsənətimizi ən yüksək səviyyədə təbliğ etməkdir”
   
   Tanınmış ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru Tofiq Məlikli uzun illərdir Rusiyada həm elmi, həm də aktiv diaspor fəaliyyəti ilə məşğuldur. Moskva Dövlət Linqvistika (dillər) Universitetinin professorudur. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Beynəlxalq Türkoloji və Mədəniyyət Fondunun vitse-prezidenti, Nazim Hikmətin ədəbi irsi üzrə komissiyanın məsul katibidir. Bədii yaradıcılığında ədəbi tənqid, tərcümə və poeziya başlıca yer tutur. 100-dən çox elmi əsəri ədəbiyyatşünaslığın aktual problemlərinə həsr olunub.
   
   Bu günlərdə Bakıda Dünya azərbaycanlılarının III qurultayının iştirak edən alim dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar elm xadimi adı ilə təltif olundu. Onunla söhbət zamanı həm diaspor, həm də elmi fəaliyyəti barədə danışdıq.
   
   - Tofiq müəllim, Moskvada rəhbərlik etdiyiniz «Ocaq» Azərbaycan Mədəniyyəti Cəmiyyəti Rusiyada, belə demək mümkünsə, ən qocaman diaspor təşkilatımızdır. Belə bir qurumun yaradılması ideyası necə meydana gəldi?
   - Ümumiyyətlə, Azərbaycanın milli-mədəni cəmiyyətinin yaradılması ideyası hələ ötən əsrin 60-cı illərində ortaya çıxmışdı. O vaxt biz - Moskvadakı ali məktəblərdə və elmi-tədqiqat institutlarında təhsil alan aspirantlar müxtəlif xarici ölkələrdən gələn tələbə və aspirantların həmyerlilər birliyi kimi, bənzər bir qurum yaratmaq barədə düşünürdük. Bu təşəbbüsü illər sonra həyata keçirdik. “Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyəti 1988-ci il dekabrın 22-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən təsis yığıncağında yaradıldı. Onu da qeyd edim ki, “Ocaq” Ukraynanın “Flavutiç”i və yəhudilərin “Şalom”u ilə yanaşı Moskvada qeydə alınmış ilk üç təşkilatdan biridir. Fəaliyyətimiz dövründə həm uğurlarımız, həm də problemlərimiz olub. Amma ötən tarixi vərəqlədiyimiz zaman zəngin mövzular ortaya çıxır.
   - Həmin səhifələrdə ölkəmizin mədəniyyətinin təbliğatı istiqamətində hansı mövzuları görmək olur?
   - Bizim qurum adından da göründüyü kimi, mədəniyyət cəmiyyətidir. Cəmiyyətin ilk tədbirlərindən biri 1989-cu ilin martında milli bayramımız olan Novruzun qeyd edilməsi oldu. “Ocaq” cəmiyyəti fəaliyyət göstərdiyi 23 il ərzində daim Azərbaycanın tarixinə dair silsilə tədbirlər, dəyirmi masalar, mühazirələr, Azərbaycan dili kursları, bazar günü məktəbi təşkil edib. 1997-ci ildə Moskvanın Təhsil Departamentinin köməyi ilə Moskva şəhər 157 saylı orta məktəbdə Azərbaycan etnomədəni təmayüllü təhsil ocağı açmağa nail olmuşuq. Məktəbdə Azərbaycanın Əməkdar mədəniyyət işçisi Asya Sultanova uşaqlara musiqi dərsi keçir. Qeyd etmək yerinə düşər ki, 157 saylı məktəbin rəqs kollektivinin, eşitmə imkanları məhdud olan uşaqlardan ibarət “Buta” ansamblı da fəaliyyət göstərir. Biz Moskvada tez-tez Azərbaycan sənətçilərinin konsertini, rəsm və foto sərgilərini, yubiley tədbirlərini keçiririk. Ədəbi nəşrlərimiz işıq üzü görür. Məqsədimiz mədəniyyətimizi, tarixi irsimizi, ədəbiyyatımızı, incəsənətimizi ən yüksək səviyyədə təbliğ etmək, görkəmli musiqiçilərimizi, alimlərimizi, yazıçılarımızı Rusiya cəmiyyətinə daha yaxından tanıtmaqdır. Çünki bizim mənfur qonşularımızın Azərbaycanın əleyhinə apardığı təbliğat qarşısında biz daha səfərbər və fəal olmalıyıq.
   - Bəllidir ki, bədnam qonşularımız zaman-zaman Azərbaycan mədəniyyətini hədəf alaraq mədəni irs nümunələrimizi öz adlarına çıxmağa çalışırlar. Necə düşünürsünüz, mədəniyyətimiz, intellektual potensialımız bu maneələri aşmaqda yetərlidirmi?
   - Əminliklə deyə bilərəm ki, biz böyük intellektual potensialı olan bir millətik. Çox böyük bir mədəniyyətə, tarixə sahibik və dünyada da öz sözümüzü deyə bilirik. Bizim tədbirlərimiz olanda ermənilər özlərini tamamilə başqa cür aparırlar. Çünki bilirlər ki, yalanları, iftiraları üzə çıxacaq. Bizdə gözəl bir söz var, yalançını evinə qədər qovmaq lazımdır. Biz də onların yalan və saxtakarlıq cəhdlərini sonadək ifşa etməliyik.
   Son illər diasporumuz böyük işlər görür. Ötən 5-6 ildə Rusiya arxivlərində Qarabağ problemləri ilə bağlı bir neçə kitab yazılıb. Məsələn, tədqiqatçı alim Emil Məmmədlinin Rusiya arxivlərindən topladığı materiallar əsasında hazırladığı kitab Qarabağ məsələsi, tarixlə bağlı ermənilərin bizə qarşı olan iftiralarını puç edir. Ona görə də biz siyasəti ardıcıl, məqsədyönlü şəkildə davam etdirməliyik.
   Sevindirici haldır ki, həyata keçirdiyimiz işlərə Azərbaycanın dövlət və hökumət qurumları tərəfindən, Diasporla İş üzrə Dövlət Komitəsindən dəstək verilir. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə də əlaqələrimiz var, nazirliyin əməkdaşlarını tədbirlərimizdə də çox görmək istərdik. İstərdik ki, böyük tədbirləri birgə təşkil edək.
   - Zəngin diaspor təcrübəsinə malik şəxs kimi xaricdəki azərbaycanlı təşkilatlarının fəaliyyətində nələri görmək istərdiniz?
   - İstərdim ki, diasporumuz daha mütəşəkkil, daha çoxşaxəli fəaliyyət göstərsin. Soydaşlarımız yaşadıqları ölkələrdə, mədəni, ictimai-siyasi həyatda daha aktiv fəaliyyət göstərməli, həmin ölkələrdə söz sahibi olmalıdırlar. Mənə elə gəlir ki, növbəti mərhələdə qarşıda duran mühüm məqsədlərdən biri soydaşlarımızın yaşadıqları ölkələrin idarə, dövlət və seçkili qurumlarında təmsil olunmasıdır. Bu yolla onlar dövlətimizin, orada yaşayan həmyerlilərimizin mənafeyini daha fəal müdafiə edə bilərlər. Bu sahədə bizim ilk addımlarımız atılır. Ümidvaram ki, biz böyüdükcə, qüvvətləndikcə, bu addımlarımız daha güclü olacaq.
   - Bir qədər də elmi fəaliyyətinizə toxunaq. Son dövr elmi araşdırmalarınızda hansı mövzuya müraciət etmisiniz?
   - Nazim Hikmətin yaradıcılığını araşdırmışam. Moskvada «Nazim Hikmət. Poeziya və poetikası» adlı kitabım da nəşr edilib. N.Hikmətlə yaxından məşğul olan, onu dərindən öyrənən türkoloqların sayı azdır. Sovet dövründə onun daha çox inqilabi fəaliyyəti, inqilabi poeziyası, inqilabi romantikası önə çıxarılırdı. 80-ci illərdən sonra Nazimi yenidən kəşf etməyə başladılar. Artıq bu gün Nazimin poetikası və şeir sənəti başqa bir mövqedən dəyərləndirilir. Xüsusən də Nazim Hikmətin Moskva dövründəki həyatı, fəaliyyəti bu kitabda tamamilə yenidən yazılıb. Çünki 1951-ci ildə Moskvaya gəldiyi zaman Nazim Hikmət bambaşqa bir Sovetlər Birliyi gördü. Onun sovetlərlə bağlı romantikası bir anda yox olub getdi. Və qarşısına çıxan problemləri görüncə də, onun dünyaya baxışında bir çox şeylər dəyişmiş oldu. Sovet hakimiyyətinə onun münasibəti birmənalı olmamışdı. Arxiv materialları o hadisələrin altında olan münasibətləri meydana qoyur. Bu baxımdan Nazimin Moskva həyatı gözəl və problemsiz olmayıb. Tam əksinə, daxili bir iztirab Nazimin faciəsi halına gəlmişdi. Arxiv materiallarında Nazimə olan münasibətin nə qədər ikiüzlü bir siyasət olduğunu görəndən sonra böyük bir insanın, həyatının 15 ilini həbsxanalarda keçirmiş böyük şairin faciəsi meydana çıxır.
   - Necə oldu ki, bu mövzuya müraciət etdiniz?
   - Nazim Hikmət XX əsrin dahi şairi olduğu üçün hər kəs tərəfindən qəbul edilib. O, 1963-cü ildə vəfat edib. Bu yarım əsrdə Nazimin dünya poeziyasında ulduzu daha da parlayıb və onun nəhəngliyi daha aydın görünüb. Məndən əvvəl böyük alimlər bu mövzuya müraciət ediblər. Odur ki, vaxtaşırı mən də müraciət edəcəyəm. Bizdən sonra da Nazim yenidən oxunacaq, yenidən şərh ediləcək, yenidən kəşf ediləcək. Bu, təbii prosesdir.
   - Tofiq müəllim, prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar elm xadimi adına layiq görülməyinizi necə qarşıladınız?
   - Əlbəttə ki, bu ad gördüyümüz işlərə verilən yüksək qiymətdir. Bu həm də dövlət başçısının ədəbiyyatımıza, dilimizə, mədəniyyətimizə olan münasibətinin göstəricisidir. Mən də bu fürsətdən istifadə edərək cənab prezidentə, bizi dəstəkləyənlərə minnətdarlığımı bildirirəm.
   
   Mehparə