Teymuraz Şaraşenidze: “Zəngin mədəniyyətimizi dünyaya təqdim etmək istər Gürcüstan, istərsə də, Azərbaycan üçün çox vacibdir”
Qonşu Gürcüstanla Azərbaycan arasında əlaqələrin kökləri qədim dövrlərə gedib çıxır. Qafqaz xalqları olaraq bir çox dəyərləri bölüşürük. Bu dəyərlər nəinki mədəniyyət sahəsində, hətta adət-ənənələrimizdə də özünə yer alıb. Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze ilə müsahibəmizdə bu mövzuda bir sıra məqamlara toxunduq.
- Cənab səfir, Gürcüstanla Azərbaycan arasında münasibətlərin qədim tarixi var. Bizi birləşdirən məqamlar çoxdur. Məsələn, elə götürək hər iki ölkənin tarixində yer alan Böyük İpək Yolunu. Bu yol həm Gürcüstandan, həm də Azərbaycandan keçib. Tarixi prizmadan baxanda bugünkü münasibətlərimiz necə görünür?
- Əlbəttə, Azərbaycanla Gürcüstanın tarixi əlaqələri qədim keçmişə gedib çıxır. Bizi tarixi İpək Yolu ilə yanaşı, bir çox hadisələr, faktorlar yaxınlaşdırıb. Bizim xüsusən də mədəniyyət sahəsində çoxlu faydalı, səmərəli işlərimiz var. Siyasi, iqtisadi əlaqələrdən başqa, xalqlarımız arasında belə böyük qüvvə də mövcuddur ki, bu da mədəni ünsiyyət adlanır. Azərbaycanla Gürcüstan arasında mədəni əlaqələrin qədim tarixi kökləri var. Ona görə də bizim üçün bu əlaqələri daha da yaxınlaşdırmaq və regionda vahid məqsədi nümayiş etdirmək vacibdir.
Cənubi Qafqazda xristian və müsəlman mədəniyyəti uzun əsrlər boyu formalaşıb, bir-birindən yararlanıb və bu coğrafiyada bütövlük yaradıb. Bu, bizim regionun unikal mədəniyyətidir. Müasir dövrdə əlaqələrimizdə olan mühüm məqamlara toxunsaq, mədəniyyət günlərini misal göstərə bilərik. Məsələn, 2009-cu ildə Gürcüstanda Azərbaycan Mədəniyyəti Günləri, 2010-cu ildə isə Azərbaycanda Gürcüstan Mədəniyyəti Günləri keçirildi. Bütün bunlar mədəni mübadilədir.
Biz təkcə incəsənət sahəsində əməkdaşlıq etmirik, həm də məişət mədəniyyətində, ünsiyyət mədəniyyətində də əlaqələrimiz mövcuddur ki, bunlar da bizi birləşdirir. Mənəvi əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim. Qafqaz yalnız coğrafi cəhətdən Qərblə Şərqin qovuşduğu yer deyil, o həm də mədəniyyətlərin qovuşduğu bir məkandır.
Azərbaycanın mədəniyyət xadimləri Gürcüstana tez-tez qastrol səfərlərinə gəlir, mütəmadi olaraq mədəniyyət tədbirləri keçirirlər. Teatr sahəsində əlaqələrimiz inkişaf edir. Məsələn, bu yaxınlarda Gürcüstan Dövlət Dram Teatrının heyəti Bakıya, Azərbaycan Milli Dram Teatrının truppası isə Tbilisiyə qastrol səfəri etdi.
Azərbaycan Akademik Milli Dram Teatrı ilə Kote Marcanişvili adına Gürcüstan Dövlət Dram Teatrı arasında əməkdaşlıq haqqında müqavilə imzalandı. Düşünürəm ki, birgə tamaşaların səhnələşdirilməsi çox faydalı və səmərəli bir işdir. Bu da mədəniyyətin bir istiqamətidir. Gürcüstanda teatr incəsənəti və kino incəsənəti çox inkişaf edir. İncəsənətimizin bir-birindən qarşılıqlı faydalanması, zənginləşməsi prosesi gedir.
Məsələn, gürcü rəqsləri Azərbaycanda konsert tədbirlərində ifa olunur. Bizim üçün də muğam musiqisi çox maraqlıdır. Bu, Azərbaycan mədəniyyətinin dəyəridir. Ona görə də, mədəni əlaqələrimiz həm də xalqlarımızın mənəviyyatı ilə şərtlənir. Bütün Cənubi Qafqazı əhatə edən bir mədəni irs də var ki, bu da aşıq musiqisidir. Cənubi Qafqazı bu mədəni element birləşdirir. Aşıq musiqisi əsrlər öncə yaranıb və bu günə qədər davam edir. Ona görə də bizim mədəniyyətimizdə yaxınlıq çoxdur.
- Necə düşünürsünüz, bu əməkdaşlığın inkişafı üçün nə etmək lazımdır?
- İlk növbədə qeyd edim ki, əlaqələrimizdə çox zəngin ənənələr var. Bu əməkdaşlıq həm ikitərəflidir, həm də geniş miqyasda UNESCO çərçivəsində inkişaf edir. Bu istiqamət hər şeydən əvvəl mədəni irsdir. Məsələn, götürək Azərbaycan və Gürcüstan ərazisində olan abidələri, kilsə və məscidləri. Dövlət onlara yüksək səviyyədə qayğı göstərir və bunun da böyük əhəmiyyəti var. Qeyri-maddi mədəni irs sahəsində maraqlı olan qeyd etdiyim aşıq musiqisidir. Əlaqələri inkişaf etdirmək üçün əməkdaşlığımızı genişləndirmək lazımdır. Azərbaycanla Gürcüstanın sərhəd rayonlarının teatrları arasında əməkdaşlıq, mübadilə ilə bağlı planlarımız var. Böyük əhəmiyyətə malik olan bu mübadilə sistemli proses olmalıdır. Azərbaycan ərazisində gürcülər, Gürcüstanda isə azərbaycanlılar yaşayır. Onların milli-mədəni eyniyyətinin qorunub saxlanması, eyni zamanda, təmsil olunduqları cəmiyyətə inteqrasiyaları üçün mövcud olan faktorlar var: mədəni irs və mədəni ünsiyyət.
- Sizcə, gürcü mədəniyyəti Azərbaycanda nə dərəcədə tanınır?
- Gürcüstan mədəniyyəti təkcə bizimlə sərhəd rayonlarda deyil, eləcə də Azərbaycanın digər yerlərində insanlara yaxşı tanışdır. Məsələn, Azərbaycanda tez-tez bizim rəssamların sərgiləri keçirilir. Vaxtanq Kikabidze, Nino Katamadze və digər incəsənət nümayəndələri Azərbaycana səfər edib. Həmçinin gürcülərdə Azərbaycan mədəniyyəti haqqında geniş məlumat var.
- Bakıya səfir kimi gəlməzdən öncə Azərbaycan, onun tarixi, mədəniyyəti haqqında nələri bilirdiniz?
- Əlbəttə, müəyyən məlumata malik idim. Azərbaycanın çox maraqlı və zəngin tarixi var. Bu ərazidə vaxtilə böyük dövlət - Qafqaz Albaniyası, alban sivilizasiyası olub. Onun təməli üzərində bir oyanış dövrü başlayıb və yeni Azərbaycan mədəniyyəti yaranıb. Öz dövrünün gözəl irsi olan İçərişəhər çox maraqlı məkandır. Onun qorunub saxlanılması və qiymətləndirilməsi təqdirəlayiqdir.
- Azərbaycanda olduğunuz qısa müddətdə sizdə ölkəmiz, onun insanları haqqında hansı təəssürat yaranıb?
- Azərbaycan XXI əsrin müasir dövlətidir, sürətlə inkişaf edir. Sivil dünyada formalaşan və qiymətləndirilən Qərb dəyərləri həm Gürcüstanda, həm də Azərbaycanda təsdiqini tapıb, möhkəmlənib. Bu baxımdan zəngin mədəniyyətimizi dünyaya təqdim etmək istər Gürcüstan, istərsə də, Azərbaycan üçün çox vacibdir. Bu gün Azərbaycanda bu məsələyə xüsusi diqqət verilir. Bakının demək olar ki, bütün muzeylərinə getmişəm. Mən gördüklərimdən çox təəccübləndim. Bundan başqa mən sizin müasir incəsənətinizlə də qürur hissi duydum. Bir neçə dəfə Müasir İncəsənət muzeyində olmuşam. Azərbaycan rəssamları güclü, maraqlı təsvir qabiliyyətinə malik sənətkarlardır. Xalça muzeyi isə çox heyranedicidir. Burada bütünlüklə Azərbaycan xalçaçılıq ənənələri əks olunub. Hər bir xalça zəngin təəssürat yaradır. Xalça muzeyinin tikilməkdə olan yeni binasının memarlıq quruluşu çox xoşuma gəlir: bu bükülmüş xalçaya bənzəyir və gözəl təqdimat yaradır. Gürcüstanda da xalça toxuculuğu ənənələri var. Bilirsiniz ki, xalçaçılıq ənənəsi Şərqdən gəlir. Gürcüstan da, Azərbaycan kimi, Şərq mədəniyyətinin bir parçasını təmsil edir. Bu baxımdan xalça bizdə təkcə bədii incəsənət eksponatı deyil. Hər bir ailədə gündəlik istifadə olunur. Gürcüstanda da gözəl xalça nümunələri var. Amma mənim daha çox Azərbaycan xalçaları xoşuma gəlir.
- Fəaliyyətiniz dövründə regionlarımıza səfər etmisinizmi?
- Altı aydır ki, Azərbaycandayam. Bu qısa zamanda bəzi rayonlara baş çəkə bilmişəm. Bölgələrdəki tarixi və görməli yerlər, qədim məscidlər diqqətimi cəlb edib, məndə dərin təəssürat yaradıb. Həm bir ölkəni təmsil edən səfir kimi, həm də adi bir vətəndaş kimi bu gözəllik və mədəniyyət məni valeh edib. Gəncə çox xoşuma gəldi. Ona görə ki, bu şəhər Gürcüstana yaxındır və burada mədəniyyətlərimiz qovuşur. Bu gün də Gəncədə gürcü mədəniyyətinin nümunələri var. Tovuz, Qax, Şəki, Qəbələ də maraqlı yerlərdir və çox xoşuma gəlib. Təəssüf ki, Naxçıvana hələlik getmək imkanım olmayıb. Çox istərdim ki, gedib o yerləri də görüm. Ona görə ki, orada türk və Azərbaycan mədəniyyətinin zəngin elementlərini görəcəyəm. Mən uzun müddət Türkiyədə işləmişəm, ona görə də türk mədəniyyəti mənə çox yaxındır.
- Bakıda diqqətinizi hansı tarixi, gəzməli yerlər cəlb edir?
- Müasir Bakı çox xoşuma gəlir. Bu şəhərdə inşa edilən müasir tikililəri, yeni salınan parkları, fəvvarələri çox bəyənirəm. Boş vaxtlarım az-az olur. Vaxt tapanda mütləq teatra, muzeyə gedirəm. İçərişəhərin küçələrində gəzmək, qədim abidələri seyr etmək də xoşuma gəlir. Mən bu qədim məkanın «Qədim şəhər» adlandırılmasını sevmirəm. Məncə, «İçərişəhər» daha yaxşı səslənir. Bu şəhərdə həmin dövrlərə məxsus bütün sivilizasiya toplanıb. Azərbaycan mədəniyyətinin böyük hissələri məhz bu divarların arasındadır. Memarlıq quruluşuna gəlincə, Şirvanşahlar sarayı olduqca heyrətamizdir.
- Teatrdan, musiqimizdən necə, zövq almaq imkanınız olub?
- Bir neçə dəfə Azərbaycan Dövlət Opera və Balet teatrında olmuşam. Sizin opera müğənniləri çox gözəl səsə malikdirlər. Məşhur müğənni Rəşid Behbudovun səsini xatırlayıram. Muğamı isə hələ Azərbaycana gəlməzdən öncə, Kvemo-Kartlidə, azərbaycanlıların kompakt yaşadıqları yerdə eşitmişəm.
- Milli mətbəximizlə aranız necədir?
- Azərbaycan milli mətbəxi çox gözəldir. Xüsusilə, ət və balıq yeməkləri xoşuma gəlir. Kalafuru da xoşlayıram,
- Bakını tərk edərkən xatirə olaraq özünüzlə nə aparacaqsınız?
- Qəlbimdə dostluq və insanların qonaqpərvərliyini aparacağam.
Mehparə Sultanova