O, səhnəyə, səhnə ona yaraşır...
   O, səhnədə özünü unudub, başqa bir ömür yaşayır...
   O, teatrı əyləncə yox, məktəb adlandırır...
   O, sənətkarlığı ilə tanınır, sevilir, alqışlanır...

      
   Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyoru, Xalq artisti Qabil Quliyev o sənətkarlardandır ki, şəxsiyyəti ilə sənəti, əzəmətli səsi ilə aydın diksiyası, istedadı ilə sənətkar azadlığı bir-birini tamamlayır.
   
   ...1973-cü ilin soyuq dekabr günlərinin birində ürəyi sənət eşqi ilə döyünən gənc bir aktyor Lənkəran teatrının qapısından içəri keçdi. Keçdi və bir daha geri qayıtmadı. Böyük səhnələrə sığışmayacaq arzularını, istəklərini balaca səhnədə qeyri-adi həvəslə, bacarıqla, ürəklə gerçəkləşdirdi. Balaca səhnə tamaşaçıların gözündə böyüdü, genişləndi, gözəlləşdi. Prometey insanlara işıq oğurlayıb gətirdiyi kimi, Qabil Quliyev Lənkəran Teatrına təhsil aldığı sənət ocağından, çalışdığı sənət məbədindən sənət işığı gətirdi.
   O vaxtdan nə az, nə çox, 38 il keçir...
   38 ildə Qabil Quliyev Lənkəran Dövlət Dram Teatrında bir-birinə bənzəməyən, tamaşaçıları güldürməkdən çox düşündürən 100-dən artıq rola səhnə həyatı verib. Hərdən keçib-gəldiyi sənət yoluna dönüb baxanda xəyalları bir anlıq uşaqlıq illərinə yollanır...
   
   Gerçəkləşən arzular
   
   Haşiyə: Kənd uşaqlarını xoşbəxt etmək çox asandı. Əgər ucqar bir kəndə paytaxtdan “teatr göstərənlər” gəlibsə, hamı sevinəcək, hamıdan da çox sevinən isə uşaqlar olacaq. Uşaq olanda onların da kəndlərinə “teatr göstərənlər” gələrdi. Tamaşadan sonra uşaqların gözlərinin qabağında yeni bir dünya açılardı. Aktyorlar gəldikləri kimi, özlərindən sonra bir il bəs edəcək sevinc qoyub gedərdilər. Deyəsən, elə o xoşbəxt günlərin birində - aktyorların hərəkətini təqlid edə-edə ürəyində sənətə qarşı sonsuz bir duyğu hiss etdi.
   Kənddən şəhərə - 1 saylı məktəbə oxumağa gedəndə də diqqətini ilk çəkən Pionerlər Evində Səttar müəllimin yaratdığı dram dərnəyi oldu. İlk dəfə qiraət gecələrində və bir də Cəfər Cabbarlının “1905-ci il” əsərində səhnəyə çıxdı.
   İllər keçdi və həyat sübut etdi ki, onun teatra olan marağı, sevgisi ötəri bir həvəs deyilmiş.
   
   Orta məktəbi bitirib sənədlərini Neft və Kimya İnstitutuna (indiki Neft Akademiyası) verib yüksək qiymətlərlə bu təhsil ocağına daxil olsa da, bir il sonra 1968-ci ildə ürəyinin istəyi ilə sənədlərini Teatr İnstitutuna verir.
   - İndiyə kimi yadımdadır, qabiliyyət imtahanında Əliheydər Ələkbərov, Rza Təhmasib, Şəfiqə Məmmədova kimi sənətkarlar əyləşmişdi. Məndən nə etüd istədilər, nə də ritmimi yoxladılar, soruşdular ki, nə hazırlamısan? Dedim, Mikayıl Müşfiqin bir şeirini, bir də Maksim Qorkinin “Fırtına quşu”ndan bir parça hazırlamışam. Mənə qulaq asandan sonra dedilər ki, daha bu abituriyentdən ayrı şey soruşmaq lazım deyil. Yeganə abituriyent idim ki, imtahanların hamısından beş almışdım. Beləcə mən instituta daxil olub Əliheydər Ələkbərovun kursunda oxudum.
   Tələbəlik illərində Akademik Dram Teatrında yardımçı aktyor kimi çalışan Qabil Quliyev böyük sənət ocağında əsl məktəb keçir. Ali məktəbi qırmızı diplomla başa vurur. Təyinatla onu Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərsələr də, bu təyinatla razılaşmayıb hərbi xidmətə yollanır. Moskvadakı hərbi kino bazasında xidmət edir. Kütləvi səhnələrin çəkilişlərində iştirak edir, kaskadyorluq sənətinin sirlərinə yiyələnir. Bir ildən sonra hərbi xidmətini başa vurub vətənə dönür. Bir neçə filmdə kaskadyorluq eləsə də, alın yazısını kim dəyişə bilər ki? Yollar onu Lənkəran Dövlət Dram Teatrına gətirir...
   
   Yaratmaq yaradana məxsusdur
   
   - Mən bu teatra gələndə ən təcrübəli kadr sayılırdım. Çünki böyük sənət məktəbi keçmişdim. Teatrın zirzəmisindən tutmuş, tavanına kimi hər şeyi bilirdim. Gələn kimi dövlət tədbirlərini də mənə həvalə elədilər. Kollektiv kiçik olsa da, teatrda çoxlu əsərlər hazırlanırdı. Daima yük altında idik, baş qaşımağa vaxtımız olmurdu.
   Qələbənin 30 illik yubileyi münasibəti ilə teatrda M.Musiyenkonun “Nəsillər, eşidin” əsəri tamaşaya qoyuldu. Çox maraqlı bir əsər idi.
   “Nəsillər, eşidin” tamaşasındakı ilk rolu ilə tamaşaçıların rəğbətini qazanan Qabil Quliyev bir-birinin ardınca yaddaqalan, maraqlı, tamaşaçılar tərəfindən sevilən rollar yaradır. C.Məmmədquluzadənin “Ölülər”ində İsgəndər, Ü. Hacıbəylinin hekayə və felyetonları əsasında hazırlanmış “Olanlardan keçənlərdən” tamaşasında Mirzə rolları onun adi yox, qeyri-adi bir aktyor olduğunu sübut edir. Bu tamaşalar lentə alınaraq Azərbaycan Dövlət Televiziyasının “Qızıl fondu”na daxil edilir. 29 yaşı tamam olmamış Qabil Quliyevə Əməkdar artist fəxri adı verilir.
   
   Haşiyə: Qürurlu olduğu qədər təvazökar, zəhmli olduğu qədər sadə olan Qabil Quliyev rolları barədə belə deyir: “Mən rol yaratmamışam, yaratmaq yaradana məxsusdur, mən rolu oynamışam. Aktyor ömrü boyu yaddaşlarda qalan, uğurlu sayılan ən çox 3-4 obraz oynaya bilər. Mənim üçün ən əziz rollarım alınmayan obrazlarımdır. Yəni mən onu özüm istədiyim qədər, özüm istədiyim tərzdə, formada oynamamışam”.
   
   Lənkəran teatrı dünya ədəbiyyatına da tez-tez müraciət edir. Qabil Quliyevin Gilyermo Fiqeyredonun ”Ezop” tamaşasında oynadığı Ksanf, Mikloş Xubainin “Neron” tamaşasında Pavel, Qriqori Qorinin “Herostratı unudun” tamaşasındakı Kleon rolları aktyorun obrazlar qalereyasının ən yaddaqalan sənət nümunələrindəndir.
   Son illərdə Lənkəran teatrı “Çar Edip”, “Ezop”, “Neron” əsərləri ilə bir neçə xarici ölkədə olub, festivallarda iştirak edib və bu tamaşalar maraqlı tamaşalar kimi yadda qalıb.
   Əməkdar artist adını alandan 20 il sonra isə Qabil Quliyev Xalq artisti fəxri adına layiq görülüb.
   - Hökumətimiz, şəxsən cənab prezidentimiz böyük etimad göstərdilər, əməyimi qiymətləndirdilər, fəxri ad verdilər. Bəzən aktyorlar fəxri adlara nail olandan sonra onlara elə gəlir ki, öz işlərini bitiriblər. Amma sənətkarın qiymətləndirilməsi sənət adamının boynuna daha böyük vəzifə, daha böyük məsuliyyət qoyur. Səni qiymətləndirirlərsə, daha böyük işlər görməlisən.
   
   Sənət əyləncə deyil
   
   Qabil müəllimin klassikaya münasibəti də fərqlidir:
   - Bu gün Azərbaycan teatrının səhnəsinə hansı əsər gəlirsə-gəlsin, ona klassik formatda yanaşmaq daha gözəldir. Ona görə ki, səhnə aynadır. Tamaşaçı orada özünü görməlidir. Tamaşaçı orada özünü görmürsə, deməli, sənin aynanda ləkə var, yaxşı təmizləməmisən. Bir də çox zaman deyirlər, teatr əyləncədir, istirahət yeridir, əslində teatr insanların düşüncələrini formalaşdıran bir məkandır. Çox zaman insanlar cəmiyyətdə görüb deyə bilmədiklərini gəlib tamaşada aktyorun dilindən eşidəndə təskinlik tapır. Bu mənada teatr məktəbdir. Teatra yüngül bir əyləncə kimi baxmaq yolverilməzdir. Mən Lənkəran Dövlət Universitetində 12 il etika-estetika-kulturologiyadan dərs demişəm. Estetikada belə bir şey var, bütün sənət növləri özündə zamanın ruhunu daşıyır. Yaşadığımız zamanın ruhu da bugünkü sənət əsərlərimizə hopub. Özündə bugünkü zamanın yükünü daşıyır. Əgər bu gün tamaşaya qoyulan hər hansı bir sənət nümunəsi cəmiyyətin həyatındakı ziddiyyətləri, anlaşılmazlıqları, çatışmazlıqları özündə əks etdirə bilmirsə, heç olmasa onun çıxış yolunu göstərə bilmirsə, əslində o sənət, o sənət adamı heç kimə lazım deyil. Sənətin gücündən qorxanlar deyirlər, sənət əyləncədir. Sənət əyləncə deyil. Hər bir xalqı kənarda onun mədəniyyəti ilə tanıyırlar. Mədəniyyət böyük anlayışdır.
   Qabil müəllim deyir ki, dünyada peşələr çox olsa da, sənət azdır. Tarixdə isə milləti yaşadan peşə yox, sənətdir. Peşələr insanlara maddi sərvət, sənət insanlara mənəvi sərvət qazandırır. Bir də sənətdə son nöqtə yoxdur, bu yol əbədidir...
   
   Son haşiyə: Bilməyənlərə bunu da xatırlatmalıyam. Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Nurəddin Mehdixanlı Qabil Quliyevin kiçik qardaşıdır. Azərbaycan teatrında hər birinin öz yeri, öz çəkisi olan iki qardaş, iki böyük sənətkar bu gün öz sənətləri ilə, bacardıqları qədər teatr sənətinin yükünü, ağırlığını çiyinlərində daşıyır, teatr tarixinə öz adlarını təkrarsız rolları ilə yazırlar. Sizə elə gəlmir ki, bu yerdə tamaşaçı alqışı mütləq lazımdır!
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar