Vaqif Bəhmənli: “Kitabın böyük gününü birlikdə qeyd edək”
   
   Sentyabrın 28-30-da II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunan beynəlxalq tədbirə ölkəmizdə fəaliyyət göstərən nəşriyyatlarla yanaşı, xarici ölkələrin nəşriyyatları da qatılacaq.
   II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına hazırlıq barədə ətraflı məlumat almaq üçün Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənliyə müraciət etdik.
   
   - Vaqif müəllim, müasir dünyanı kitabsız təsəvvür etmək olarmı?
   - Kitab bəşəriyyətin ən böyük mədəniyyət sərvətlərindən biridir. Bütün sivil ölkələrdə olduğu kimi, Azərbaycan xalqının ictimai fikrinin formalaşmasında, milli özünüdərkində kitabın böyük rolu olub. Əgər mədəniyyətimizin şah damarı olan “Kitabi Dədə Qorqud”da “kitab” sözü varsa, bu o deməkdir ki, Azərbaycan xalqı, Azərbaycan milləti bütün zamanlarda kitaba ehtiram bəsləyib. Ona görə ki, xalqımız qüdrətli istedada malik xalqdır. Mirzə Fətəli Axundov deyirdi ki, mənim xalqım Avropa xalqlarından qat-qat istedadlıdır. İstedadlı xalq isə elmə, işığa can atır. Bu mənada Azərbaycan mədəniyyətində kitaba həmişə böyük maraq olub və bu gün də belədir. Həqiqətən də kitab ümumbəşəri bir sərvətdir. Q.Markes müsahibələrinin birində söyləyir ki, ədəbiyyat olmasaydı dünyada heç nə dəyişməzdi, amma polis olmasaydı dünya başqa cür olardı. Əlbəttə, burada doğru söz zarafat üslubunda deyilib. Məncə, kitabsız dünya tamamilə başqa bir səviyyədə qərar tutardı. Şəxsən mən öz-özümün nə keçmişini, nə indisini, nə də gələcəyini kitabsız təsəvvür edə bilmirəm.
   - Sovet sisteminin süqutu və Azərbaycanın müstəqilliyinin ilk illərində kitab sahəsində böyük bir boşluq yarandı. Hazırda vəziyyət necədir?
   - Həqiqətən də müstəqillik illərində kitab yaradıcılığı sahəsində yeni bir mühit formalaşdı. “Nəşriyyat işi haqqında” qanun qəbul olundu. Sərbəst fəaliyyət tezliklə sahənin fəaliyyətinin sabitləşməsinə, dinamik inkişafına, nəşriyyat işinin yüksəlməsinə şərait yaratdı. Bu gün ölkəmizdə yüksək texnikaya malik mətbəələrimiz, ən yüksək poliqrafiya bazası olan peşəkar nəşriyyatlarımız var ki, bu bizi sevindirir.
   - Bəzi nəşriyyatların kitab adına xələl gətirən dırnaqarası kitablar nəşr etmələri barədə nə deyə bilərsiniz?
   - İndi azadlıqdır, sərbəstlikdir. Mətbəə azad, nəşriyyat azad, müəllif azad. Belə bir zamanda mətbəə maliyyə imkanını tarazlamağa məcburdur. Çünki bu bir biznes sahəsidir. Nəşriyyat ona müraciət olunan bütün sifarişlərə həssasdır. Elə müəlliflər var ki, sadəcə pulu var, istəyir ki, özünün düşüncələrindən ibarət kitab çap etdirsin. Ancaq heç bir müəllif unutmamalıdır ki, poliqrafiya baxımından nə qədər təmtəraqlı kitablar çap olunsa da, oxucu üçün qiymətli olan kitabın içindəkilərdir. Yaxşı ki, son illər nəşriyyatlar kitaba yalnız əmtəə kimi yox, həm də mədəniyyət hadisəsi kimi baxırlar. Nəticədə son illər həm məzmun, həm poliqrafiya etibarı ilə çox gözəl kitablar çap olunur.
   - Bilirik ki, Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkası ikinci dəfədir keçirilir. İstənilən sahədə sərgi o zaman keçirilir ki, o sahə inkişaf edir, öz məhsullarını nümayiş etdirməyə zərurət duyur. İstərdim bu barədə danışasınız.
   - Bəli, dünyanın əsasən inkişaf etmiş ölkələrində kitab sərgi-yarmarkaları keçirilir. Artıq bizim də kitab sərgi-yarmarkaları keçirməyə əsasımız var. Çünki, bayaq dediyim kimi, az vaxt ərzində ölkəmizdə nəşriyyat-poliqrafiya sahəsi inkişaf edib. Bu səviyyə bizə imkan verir ki, kitab sərgi-yarmarkaları keçirək. Kitab mədəniyyətin bir qoludur və bu sahəyə dövlət yetərincə qayğı, diqqət göstərir. Bu mənada Mədəniyyət və Turizm Nazirliyi belə hesab edir ki, sərgi-yarmarkanın keçirilməsi Azərbaycanda kitab sənətinin inkişafına yeni təkan verəcək. Birinci sərgi-yarmarkada 60-a yaxın milli, 25 xarici dövlətdən nəşriyyat iştirak edirdi.
   - Builki sərgidə yəqin ki, iştirak etmək istəyənlərin sayı daha çoxdur?
   - Son məlumata görə 80-ə yaxın milli, 10 əcnəbi nəşriyyat sərgidə iştirak eləmək üçün müraciət edib. Sentyabrın 15-dək müraciətlər qəbul olunur. Düşünürük ki, ölkədə fəaliyyət göstərən nəşriyyatların 90 faizi, habelə 30-dək xarici ölkə bu sərgidə təmsil olunacaq.
   Ümumiyyətlə, sentyabr-oktyabr ayları bütün dünyada kitab sərgiləri keçirilir. Biz də çalışırıq ki, digər ölkələr gəlib bizim sərgilərimizdə iştirak etsinlər. Çünki bu, böyük bir kitab bayramıdır, böyük bir mədəniyyət bayramıdır. II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası Əl Oyunları Sarayında keçiriləcək. Geniş, rahat və insanların çox üz tutduğu bir məkan olduğuna görə sərgi üçün bu yer seçilib. Sərgidə stend yerləri pulsuz olacaq.
   - Təşkilati məsələlər nə yerdədir?
   - Sərginin yüksək səviyyədə keçirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssislərindən, nüfuzlu yaradıcı insanlardan ibarət təşkilat komitəsi fəaliyyət göstərir, işçi qrupu yaradılıb. Hazırlıq işləri gedir. Mədəniyyət və Turizm Nazirliyi çalışır ki, budəfəki sərgi-yarmarkanın işi məzmun etibarı ilə daha da yaxşı olsun. Sərgi-yarmarkanın tədbirlər proqramı var. Orada bir çox maraqlı tədbir nəzərdə tutulub. Məsələn, bu il Azərbaycanda “Turizm ili” elan olunub. Bununla bağlı Birləşmiş Ərəb Əmirliklərində nəfis bir kitab çap olunub. Sərgidə həmin kitabın təqdimatı da nəzərdə tutulur.
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən professional teatr binaları son illər yüksək səviyyədə təmir olunub. Bu sadəcə təmir deyildi, o binaların memarlıq üslubuna toxunulmadan, binalar məzmun etibarı ilə tam yeniləşdi. Artıq o salonlarda dünyanın ən mürəkkəb quruluşa malik tamaşalarını göstərmək mümkündür. Bunlar haqqında Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə İlham Rəhimlinin “Yeniləşən mədəniyyət - yeniləşən ünvanlar” seriyasından beş kitabı çap olunub və o kitabların təqdimat mərasimini planlaşdırırıq.
   Prezident İlham Əliyevin sərəncamı ilə 2004-2008-ci illərdə Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşr layihəsi həyata keçirildi. Təxminən 400 adda kitab nəşr olundu. Bu kitabların üst-üstə tirajı milyonu ötür. I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Milli Kitabxananın ekspozisiyasında həmin kitabların böyük təqdimatı keçirildi. Bu kitablar ölkəmizin demək olar ki, bütün kitabxana sistemini məzmun etibarı ilə zənginləşdirdi. Hazırda cənab prezidentin sərəncamı ilə 150 cildlik “Dünya ədəbiyyatı” seriyası nəşr olunur. Çox istəyirik ki, sərgidə 150 cildliyin indiyə qədər çap olunmuş nümunələrinin təqdimatını keçirək.
   - Sərgi-yarmarkada başqa təqdimatlar da gözlənilirmi?
   - MDB məkanında mədəniyyət-kulturologiya layihələri həyata keçirilir, Azərbaycan da çox fəal şəkildə bu layihələrdə iştirak edir. Eyni zamanda bizim böyük sənətkarların yubileyləri də MDB məkanında yaşayan xalqlar tərəfindən qeyd olunur. Sərgidə dünya ədəbiyyatının parlaq simalarından Ukrayna şairi Taras Şevçenko və tatar şairi Abdulla Tukayla bağlı tədbirlər keçirməyi nəzərdə tutmuşuq. Bilirsiniz ki, TÜRKSOY tərəfindən 2011-ci il “Abdulla Tükay ili” elan olunub.
   “Azərbaycanın dövlət müstəqilliyi və kitab sənətinin inkişafı” adlı simpoziumun təşkilini də düşünürük.
   Bundan əlavə, sərgi-yarmarkada müəllif görüşləri olacaq. Hər bir nəşriyyata imkan yaradılacaq ki, maraq doğuran kitab müəlliflərinin imza mərasimlərini keçirsinlər.
   Mədəniyyət və Turizm Nazirliyi iki ildən bir “Qızıl kəlmə” ədəbi mükafatı üzrə müsabiqə keçirir. Builki qaliblərlə görüş keçirməyi də planlaşdırırıq.
   Nazirlik Yazıçılar Birliyi ilə birgə Gənc Ədiblər Məktəbinə dəstək verir. Təcrübə göstərdi ki, iki il ərzində Gənc Ədiblər Məktəbi maraq doğuran neçə-neçə imzanı tanıda bildi. Bu məktəbin müdavimləri ilə görüş də nəzərdə tutulur. Bir sözlə, tədbirlər çoxdur.
   - Sərginin quruluşu barədə nə deyərdiniz?
   - Mədəniyyət və Turizm Nazirliyi Milli Kitabxana ilə birlikdə Azərbaycanda kitabın bugünkü mənzərəsini əks etdirən böyük bir ekspozisiyanın təşkilini nəzərdə tutub. Bu sərgi Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunacaq.
   İstəyirik ki, sərgidə ayrıca “Qarabağ” stendi olsun. Çünki Qarabağ münaqişəsi Azərbaycan xalqının ən böyük problemidir. Hansı sahədə işləməyindən asılı olmayaraq hər bir azərbaycanlı çalışmalıdır ki, Qarabağ dərdini dünyanın diqqətinə çatdırsın.
   Naxçıvan Azərbaycanın ən qədim torpaqlarından biridir, məsafə etibarı ilə də paytaxtdan xeyli uzaqdır, gediş-gəliş çətindir. Azərbaycan mədəniyyətinin bir çox parlaq səhifələrinin yazılmasında Naxçıvan ziyalılarının böyük rolu var. Naxçıvan yazıçılarının, alimlərinin çox sayda ciddi kitabları çap edilib. İstərdik ki, sərgi-yarmarkada Naxçıvan Muxtar Respublikasının ayrıca stendi olsun.
   Əcnəbi nəşriyyatlar üçün ayrıca yer nəzərdə tutmuruq, istəyirik ki, onlar milli nəşriyyatlarla qarışsınlar, qonşuluq eləsinlər, çünki nəşriyyatların hamısının hüququ eynidir. Bizim əsas qüvvəmiz, ekspozisiyanın əsas canı milli nəşriyyatlarımız olacaq.
   Sərgidə dərsdənkənar vəsaitlərin, məktəb ləvazimatlarının satışı da olacaq. Birinci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına 40 minə yaxın insan qatıldı. Çalışırıq ki, insanların kitaba olan marağı daha da artsın. Yəqin belə də olacaq.
   - Sərgidə mükafatlandırma nəzərdə tutulubmu?
   - Sərgidə ən yaxşı kitab, öz dəst-xətti olan ən yaxşı nəşriyyat mükafatlandırılacaq. Bu bir yarışmadır. Nəşriyyatlar öz güclərini biləcəklər. Eyni zamanda Azərbaycan oxucusunun kitaba marağı bilinəcək.
   Keçən sərgidə belə bir təcrübə oldu. Nazirliyin rəhbərliyi ən fəal nəşriyyatları sərginin ardınca dövlət xətti ilə Almaniyanın Frankfurt şəhərinə beynəlxalq sərgiyə ezam etdi. Yeri gəlmişkən, sərgidən sonra milli kitabımızın Frankfurt, İstanbul sərgilərində nümayişi gözlənilir.
   Sonda bütün nəşriyyatlarımızı, oxucularımızı, kitabsevənləri sərgiyə - kitabın böyük gününü birlikdə qeyd etməyə dəvət edirəm.
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar