Ramiz Məmmədov: «Teatr həyatımda maraqlı və çətin günlərim olub»
     
   Musiqili Komediya Teatrının aktyoru, Əməkdar artist Ramiz Məmmədovun sentyabrın 26-da 60 yaşı tamam olur. Bu teatrın səhnəsində «Qayınana»da Əli, «Gurultulu məhəbbət»də Həsən, «Gözün aydın»da Qəhrəman, «Boşanarıq evlənərik»də Ağacan, «O olmasın, bu olsun»da Rza bəy, Hambal, Məşədi İbad, «Bəbirlinin kələkləri»ndə Bəbirli və başqa tamaşalarda yaddaqalan obrazlar yaradan aktyor «Yaşıl eynəkli adam», «Qayınana əməliyyatı», «Mənim dayım», «Təlatüm» və başqa televiziya tamaşalarında da maraqlı rollar oynayıb. Yubiley ərəfəsində aktyorla görüşüb, keçdiyi sənət yoluna nəzər saldıq.
  
   60 ilin qazancı və itkisi
  
   - 60 yaşınız tamam olur. İllərini sənətə həsr etmiş aktyor bu yaşda özünü necə hiss edir?
   - Əvvəlki illərdəki kimi. Hislər insana yaşla gəlmir. Düzdür, yaşa dolduqca həyatın müxtəlif illərində fərqli hislər keçirirsən. Lakin insan üçün əsas olan hiss və duyğular - sevgi, məhəbbət, istək və s. bu gün də mənimlədir.
   - Bu iliər ərzində nələri qazandınız?
   - İnsanlar adətən özləri ilə bağlı təhlil apararkən yaşadıqları illərdə nəyə nail olduqları barədə suala cavab tapmaq istəyirlər. Bilirsiniz, insan həyata gəlir və itirə-itirə gedir. Zaman keçdikcə valideynlərini, digər yaxınlarını itirirsən. Qazanc isə Allahın bəxş elədiyi övladlar, nəvələrdir. Gördüyünüz kimi həm itirir, həm də qazanırıq. Sənətdə də çoxlarını itirdim. 40 ildir bu sənətdə, bu teatrdayam. Zaman-zaman böyük sənətkarlarımızı itirə-itirə gedirik. Onların yerinə gələnlər də bizim qazancımızdır. Ümumiyyətlə, sənətin özündə itki yoxdur. Sənət daimidir, sənətə gələnlər isə dəyişir.
   Teatr həyatımda maraqlı və çətin günlərim olub. Sənət həyatdır, burada hər bir iş həmişə rəvan gedə bilməz. Həyatın enişi-yoxuşu olduğu kimi, burada da elə anlar olur ki, deyirsən, niyə gəldim bu sənətə. Elə anlar da olur ki, əksinə, deyirsən nə yaxşı elə bu sənəti seçdim. Mən bu teatrda Nəsibə Zeynalova ilə 20 il işləmişəm, bütün rayonları gəzmişik, birgə tamaşalarımız olub, tərəf-müqabil olmuşuq. İmamverdi Bağırov, Dadaş Kazımov, Əzizağa Qasımov, Hacıbaba Bağırov, Səyavuş Aslanın adını çəkə bilərəm. O vaxtlar teatrda vəziyyət bir qədər fərqli idi. Biz yaşlı nəsil sənətkarlardan öyrənməyi, görüb-götürməyi özümüzə fəxr hesab edirdik. İndi gənclərdə bir qədər özündənrazılıq daha çox hiss olunur. Mən gəncləri qınamıram. Onlara yol göstərmək lazımdır. O vaxtlar qocaman aktyor və aktrisalar saatlarla bizlə söhbət edir, öz təcrübələrini, necə işləmək lazım olduğunu, gördükləri əziyyətli günlərdən danışırdılar.
  
   Aktyorun səhnə həyatını həll edən «Anuçkin»
  
   - Aktyorların sənət taleləri müxtəlif olur. Bəzən aktyor teatrda bir tamaşa ilə debüt edir və çalışmağa başlayırlar. Sizin teatra gəlişiniz necə oldu?
   - Mən teatra Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kursunda oxuyanda gəlmişəm. Diplom tamaşası kimi hazırladığımız N.Qoqolun «Evlənmə» tamaşasında bəyənildim və teatra dəvət edildim. Bu tamaşada Anuçkin rolunu oynayırdım. Çox uğurlu tamaşa alınmışdı. Moskvadan professorlar gəlib tamaşaya baxdılar və bəyəndilər. Bu tamaşadan sonra Musiqili Komediya Teatrına dəvət olundum.
   Qanuna əsasən, aktyor teatra gələn kimi onu işçi olaraq birbaşa götürmürdülər. İnstitutu bitirib, teatra gələn hər gənc də dərhal işə götürülmürdü. Mənə də teatrın rəhbərliyi bildirdi ki, hazırda yer yoxdur, səni xora götürürük. Gənclər 5-6 ay xorda işləyib, teatrla tanış olmalı, ab-havanı görməli və sonra da aktyor heyətinə keçməli idilər. Belə də oldu. Amma proses 6 ay yox, 3 il çəkdi.
  
   Hər kəsin bir sirli dünyası var
  
   - Hələlik son tamaşanız «Evlənmə» tamaşasıdır və yenə burada Anuçkini oynayırsınız. Demək olarmı ki, «Evlənmə» əsəri sizin səhnə taleyinizi həll edərək, sizə uğur gətirdi?
   - Bu dəfə tamaşaya Bəhram Osmanov quruluş verdi. Deyilənlərə görə, çox gözəl tamaşa alınıb. Özüm də bu tamaşaya televiziyada baxdım. Çox səliqəli, hər bir nüansı yerində olan səhnə əsəridir. Bəhram Osmanov ustalığı bu tamaşada da özünü göstərir.
   - «Evlənmə»dəki Anuçkin bir xanımın qəlbini qazanmaq istəyən elçilərdən biridir. Maraqlıdır, bu obraza və ya oynadığınız digər tamaşalardakı obrazlara uyğun yaşadığınız anlar olub?
   - Musiqili Komediya Teatrında 70-dən çox rol oynamışam. Mən əslində oynamışam yox, yaşamışam deyərdim. Çünki rolları sözün əsl mənasında yaşamışam. Amma necə yaşamışam, bunu tamaşaçı bilir. O vaxtlar televiziyada «Səhər görüşləri» yayımlanırdı. Hər çıxışımda işlətdiyim kəlamlar bütün insanların dilinə düşürdü. Bu o deməkdir ki, insanlar aktyora çox diqqətlə baxır. Amma obrazları həyatda yaşamamışam. Oynadığım rollardan heç mənə sirayət edən də olmur. Xarakterim, dünyagörüşüm necədirsə, həmişə də belə də olacaq. Ramiz Məmmədovun bir xarakteri var. Həmçinin mənim öz dünyam var. Hər kəsin bir sirli dünyası var. Xarakterimi isə hamı bilir. Səhnədə özümü oynasam, həmin gün sənətdən uzaqlaşaram. Aktyor özünü yaşayırsa, bu çox mənfi haldır. Bu artıq sənət olmur. Özünü oynayan aktyorda başqalaşma yoxdur. Amma bütün tamaşalarda özünü oynayan aktyorlar da var. Onlara buffonada deyirlər. Buffonada ən çox klounlara məxsus əlamətdir. Onun bir maskası, bir siması var. Aktyor tək, oynadığı rollar çoxdur. Aktyorla onun oynadığı rol bir-birinə oxşamamalıdır.
   - Deyirlər, aktyorun oynadığı rol çox, yaddaqalanı isə 2-3 rolu olur. Siz hansı tamaşalardakı rollarınızı yaddaqalan, uğurlu hesab edirsiniz?
   - Mən tamaşalardan sonra qəzetlərdə çıxan məqalələrə baxıb, reaksiyanı görürəm. Xarakterimdə isə özümdən razılıq, özümü reklam etmək yoxdur. Özümə qarşı çox ciddiyəm. Bu sualı isə qəzetlərdə jurnalistlərin, teatrşünasların yazdığı məqalələrdə dediklərini nəzərə alıb cavablandırmaq istərdim. Bunu nəzərə alsam, deyə bilərəm ki, oynadığım rolların əksəriyyəti yadda qalıb. «Subaylarınızdan görəsiniz» tamaşasında 13 il uğurla oynamışam. «Qızıl toy»da Qədir, «Beş manatlıq gəlin»də Kəblə Hüseynəli yaddaqalan rollar olub. Televiziya tamaşalarından «Yaşıl eynəkli adam», «Qayınana əməliyyatı», «Təlatüm» və başqalarının adlarını çəkə bilərəm. «O olmasın, bu olsun» tamaşasında isə üç rol oynamışam - Rza bəy, hambal və Məşədi İbad. İranda «Fəcr» festivalında bu tamaşanı uğurla təqdim etdik. Birinci dərəcəli diplomla təltif olunduq. Kalmanın «İddialı qaraçı» operettasından da danışa bilərəm. Bu tamaşada iki obraz - nökər və imperatoru oynamışam.
  
   «Soyuqda rayonlara gedib, məktəb və küçələrdə çıxış edirdik»
  
   - 1988-ci ildən 1996-cı ilədək teatrın çətin vaxtlarında ağır repertuar yükünün bir hissəsini çiyninizdə daşımısınız...
   - 1987-ci ildə Səyavuş Aslan teatrı tərk edərək, Akademik Milli Dram Teatrına getdi. Onun rolları mənə həvalə olundu. Səyavuş Aslandan sonra isə Hacıbaba Bağırov teatrı tərk edib, yeni teatr açdı. Teatr çox acınacaqlı vəziyyətdə idi. Böyük sənətkarlar getdi və onları mən əvəzlədim. Həmin vaxtlarda «Bəbirlinin kələkləri», «Lotereya», «Qızıl toy», «Özümüz bilərik» və başqalarında oynadım. Çox çətinliklərimiz oldu. Qarabağ hadisələri başlanmışdı. Teatrı yaşatmaq üçün aylarla rayonlara qastrollara gedirdik. Soyuqda məktəblərdə, küçələrdə çıxışlar edirdik. Çox böyük əziyyət çəkdik və teatr yaşadı. Mən bunları «əlimdə bayraq edib» danışmamışam, heç etmək fikrim də yoxdur. Sadəcə, bu, teatrın tarixidir. Biz - teatr aktyorları xalqın sənətinə xidmət edənlərik, üzərimizə düşən vəzifəni ləyaqətlə yerinə yetirməliyik.
   Bir maraqlı hadisəni danışım. 1990-cı illərin əvvəlləri idi. Bakıda nümayişlər keçirilirdi. «Sahil» metrosu qarşısında böyük izdiham vardı. O vaxtkı “26-lar Mədəniyyət Evi”nin zalında «Subaylarınızdan görəsiniz» tamaşasını oynayırdıq. Mən polis işçisini canlandırırdım və polis geyimində idim. Fasilə zamanı qapını açıb dayanmışdım. Bayırda isə aləm bir-birinə qarışmışdı. Bir nəfər elə bildi polisəm və mənə yaxınlaşaraq dedi ki, qardaş, vağzala getməliyəm. Məni ora aparın. Ailəmlə, uşaqlarlayam, gedə bilmirik. Məndə onları zala gətirdim ki, tamaşaya baxın, sizi sonra yola salacağam. Mən tamaşanı oynayanda məəttəl qaldılar ki, bəs bizlə danışan polis deyildi?
   1941-ci ildə Nizami Gəncəvinin 800 illiyi Sankt-Peterburqda qeyd ediləndə şəhər mühasirədə olub. Düşünürdüm ki, bu mümkün deyil. Amma həmin hadisələri görəndən sonra dedim ki, bu ola bilər. Mədəniyyətin gücü də elə bundadır. Bayırda müharibə də olsa, teatr öz fəaliyyətindədir. Döyüş bölgələrinə dəfələrlə gedib, əsgərlər qarşısında çıxışlar etmişik. Çünki bu mədəniyyətdir və belə də olmalıdır.
   - Filmlərə az-az çəkilirsiniz...
   - Son olaraq 2007-ci ildə Elxan Qasımovun «Biz qayıdacağıq» filmində barmen roluna çəkildim. Mən heç nəyin iddiasında olmamışam. Heç bir rejissordan da rol xahiş etməmişəm. Təklif olanda da mənə uyğun rolu götürmüşəm, uyğun olmayanı da demişəm ki, bağışlayın, mənlik deyil. Hər şeyə nisbi baxmışam. Heç nə üçün plan cızıb, heç nəyə can atmamışam. Rejissor səni ürəkdən çəkirsə, o zaman uğurlu rol olacaq. Səni hörmətə görə çəkirsə, o zaman ortaya bir iş çıxmayacaq. Teatrda da bu belədir. Rejissor rol bölgüsü edir, lövhəyə yazır. Aktyor da gəlib ona verilən rolu oxuyur. Bu ən doğru yoldur.
  
   Gülər Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar