Sabir Rüstəmxanlı: “Müstəqillik və azadlığı olmayan millətin heç nəyi yoxdur. Azadlıq elə bir nemətdir ki, onu sözlə, yaxud hər hansı bir müqayisə ilə dəyərləndirmək olmaz. Bu hər bir xalqın təbii haqqıdır. Ağac kökdən qalxıb necə boy atırsa, ot yerdən necə cücərib-böyüyürsə, hər bir xalq da belə böyüməlidir: sərbəst, azad”.
   
   20 il əvvəl Azərbaycan 70 illik sovet idarəçiliyindən sonra dövlət müstəqilliyini bərpa etdi. 1991-ci il avqustun 30-da respublika parlamentinin (Ali Sovet) növbədənkənar sessiyasında \"Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında\" Bəyannamə qəbul olundu. Oktyabrın 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında\" Konstitusiya Aktı qəbul etdi. Hər iki sənəddə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Beləcə xalqımız XX əsrdə ikinci müstəqilliyə qovuşdu. Bu tarixi sənədlərin qəbul olunmasında həmin dövrdə Ali Sovetin deputatı olmuş görkəmli ziyalı, şair, yazıçı Sabir Rüstəmxanlı da yaxından iştirak edib. Onunla söhbətimizdə müstəqillik tariximizə nəzər saldıq.
   
   - Sabir müəllim, siz vaxtında bədii yaradıcılığınızla xalqımıza müstəqillik ideyaların aşılayan, 80-ci illərin sonunda isə xalq hərəkatının öndə gedən simalarından olmusunuz. Dövlət müstəqilliyimizin 20-ci ilində geriyə baxanda nələri düşünürsünüz?
   - Dünyada çoxlu xalqlar var, amma heç də bütün xalqların müstəqil dövləti, dövlətçiliyi yoxdur. XIX əsrin əvvəlində Azərbaycan torpaqları çar Rusiyası və İran tərəfindən parçalandıqdan sonra xalqımız şimalda da, cənubda da milli dövlətçilikdən məhrum olmuşdu. Şimali Azərbaycan 1918-ci ildə dövlət müstəqilliyinə qovuşdu, iki il sonra bu müstəqilliyi itirsək də, xalqımız istiqlal ideyalarını unutmadı. Baxmayaraq ki, sovet dövründə xalqımıza gerçək tarixini, köklərini unutdurmaq üçün bütöv bir ideoloji sistem işləyirdi. Bununla yanaşı, sovet rejimi özünü qorumaq, yaşatmaq üçün bir sıra metodlardan, üsullardan istifadə edirdi, müttəfiq respublikalarda təhsilin, elmin, mədəniyyətin, bəlli çərçivələrdə də olsa, inkişafına, xalq təsərrüfatının tərəqqisinə şərait yaradılırdı. Biz də imkanlardan yararlanmışıq, təhsilimiz, mədəniyyətimiz bir yerdə dayanmayıb, inkişaf edib. Nəhayət, 1991-ci ildə xalqımız dövlət müstəqilliyini bərpa etdi. Bu bizim üçün böyük tarixi nemət idi. Əslində, çox gözəl deyirlər ki, müstəqillik və azadlığı olmayan millətin heç nəyi yoxdur. Yəni azadlıq elə bir nemətdir ki, onu sözlə, yaxud hər hansı bir müqayisə ilə dəyərləndirmək olmaz. Bu hər bir xalqın təbii haqqıdır. Ağac kökdən qalxıb necə boy atırsa, ot yerdən necə cücərib-böyüyürsə, hər bir xalq da belə böyüməlidir: sərbəst, azad, Allahın və təbiətin qanunları çərçivəsində. Əgər o həbsdə saxlanılırsa, şübhəsiz ki, dünyanın nizamı pozulur və şər qol-qanad açır. Buna görə də, Şimali Azərbaycanın müstəqil olması, müstəqillik qazanması deyil, əslində, müstəqilliyi bərpa etməsidir və bu, bizim millətin haqqı idi. Təəssüf ki, Güneydə yaşayan 35 milyonluq azərbaycanlı bu nemətdən məhrumdur. Bununla yanaşı, Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının tarixi nailiyyətidir.
   Azərbaycan xalqının təxminən 3 minillik dövlətçilik tarixi var, xalqımızın müxtəlif dövrlərdə dövlətləri olub. Lakin 1918-ci ildə elan olunmuş milli dövlətimizin, Xalq Cümhuriyyətinin bu tarixdə xüsusi, müstəsna yeri var. Xalqımız ilk dəfə olaraq müsəlman Şərqində demokratik dövlət qurub. 20 il əvvəl müstəqilliyimizi bərpa edəndə də biz Xalq Cümhuriyyətinə sahib çıxdıq, onun varisi olduğumuzu bəyan etdik.
   Bu illər ərzində Azərbaycan mühüm inkişaf yolu keçib, dövlətçiliyin sütunları möhkəmlənib, respublikamız beynəlxalq müstəvidə özünə layiqli yer qazanıb. Müstəqilliyin nailiyyətləri, göstəriciləri göz qabağındadır. Bunu görmək üçün Bakının uca nöqtəsindən paytaxtımıza nəzər salmaq belə kifayətdir. Bakının inkişafı, aparılan genişmiqyaslı tikintilər özlüyündə müstəqilliyin bir göstəricisidir. Halbuki vaxtilə bir beşmərtəbəli bina tikməkdən, su kəməri çəkməkdən ötrü Moskvadan icazə almaq lazım idi.
   - Müstəqilliyi öz yaradıcılığınızda necə hiss etdiniz? Ümumiyyətlə, yaradıcılıq və müstəqillik paralel olanda hansı effekti verir?
   - Yaradıcılıqla müstəqillik həmişə paralel olmaya bilər. Yaradıcılıq elədir ki, məsələn, qəfəsdə olan bir bülbül digər azadlıqda olanlardan daha çox, yanğılı oxuyur. Yaradıcı şəxslər də belədir. Onlar bəzən zindanda, əsarətdə olanda daha çox yazırlar. O azadlığın qədrini daha çox bilir, nəinki azadlığa qovuşanda. Bu mənada məsələn, azadlığını itirirsən, amma onun boşluğunu əsərlərində doldurursan. Digər tərəfdən, mütləq deyil ki, xalq müstəqil olan kimi, ədəbiyyatı da çiçəklənəcək. Məsələn, mən yeni şeir kitabımı çapa hazırlayırdım, əlimə gənclik illərimdə yazdığım şeirlərim düşdü. Baxdım ki, gənclik illərimdə müstəqilliklə, azadlıqla bağlı nə qədər şeirlərim olub. Özüm də heyrətə gəldim ki, gənc bir şairin içində nə qədər böyük azadlıq və müstəqillik həsrəti olub. Və nədənsə inam hissi də olub ki, günlərin birində xalqımız o həsrətə son qoyub müstəqilliyə qovuşacaq.
   Ötən 20 ildə Qarabağ savaşı, xalqın yaşadığı faciələr, dövlətimizin inkişafı, uğurlarımız və s. barədə çoxlu yazılar yazmışam. Eyni zamanda bu illərdə tariximizə nəzər salıb bu mövzuda yazılar yazmamışam. Hiss etdim ki, tariximizin bir çox səhifələrindən hələ də ibrət almamışıq. Tarix dərs almaq üçündür, əgər dərs almırsansa, onun nə mənası var. Ona görə də bir sıra tarixi əsərlər yazdım. Məsələn, «Atamın ruhu», «Göy tanrı», Cavad xan haqqında «Ölüm zirvəsi» romanı, Difai hərəkatı haqqında «Difai fədailəri» romanını qələmə aldım. «Xətai yurdu» romanı isə yaxın tariximizin, Meydan hərəkatının bədii salnaməsidir. Bu yaxınlarda çap olunan başqa fantastik povestim, digər çap olunmamış əsərlərim də var.
   - Amma maraqlıdır ki, yaradıcılığa şeirlə gəldiyiniz halda, son illər şeir kitablarınız çap olunmur...
   - Şeirlər də yazmışam və onlar da bu yaxınlarda çap olunacaq. Şeir bəzən yaraya məlhəm olmur. Silah dillənən yerdə şeir adamı doyuzdurmur. Ona görə şeirləri çap etdirmək haqqında az düşünmüşəm. O da maraqlıdır ki, bəzən ziddiyyətlər bir savaş və faciə həddinə çatanda insan ədəbiyyatdan daha çox rahatlıq umur və bəzən daha çox lirik şeirlər yazır. Bu baxımdan 20 il ərzində xeyli lirik şeirlər yazmışam. Lirika, fəlsəfə, sevgi, təbiət, dünya, ölüm poeziyanın əbədi mövzuları olsa da, son vaxtlar bu mövzulara insan daha tez-tez qayıdır. Bir məqamı da qeyd etmək istəyirəm ki, müstəqilliyə qovuşandan insanı cəmiyyətin problemlərindən bəlkə də daha çox insan ruhunun problemləri düşündürür. Cəmiyyət şeirlə, kitabla az dəyişilir. Görünür, hər şey daha çox insanların ruhundan keçib getməlidir. İnsanlarda şeirə meyl təbii ki, azalıb. Ola bilsin ki, sovet dövründə şeirin, ədəbiyyatın oxunması, kütləvi xarakter alması daha çox ideologiya və bu işin dövlət səviyyəsində qurulması ilə bağlı idi. İnsanların öz ümidinə qalanda kütləvi savadsızlıq baş verir. Məsələn, sovet dövründə insanlar kitabı daha çox təbliğat yolu ilə alırdılar, amma sonra özləri vərdiş edirdilər və kitab olmayanda darıxırdılar. Təəssüf ki, indi bu ənənələr itib və güman edirəm ki, onlardan bəziləri bərpa olunmalıdır. İndi kompyuter var, yeni rabitə sistemləri yaranır. Amma bunların hamısı ümumi savadın artması demək deyil. Zəkanın, beynin, insan düşüncəsinin yerini bilgisayarların düşüncəsi tutur. Yəni insan robot icad edib öz vəzifəsinin bir hissəsini ona tapşırdıqca, həm də özü robotlaşır.
   - Sovet dövründə müstəqillik arzusu ilə yaşayan, öz duyğularını şeirlə dilə gətirən Sabir Rüstəmxanlı indi həm şair, həm yazıçı, həm siyasətçi, həm də ictimai xadim kimi beynəlxalq aləmdə müstəqil Azərbaycanı təmsil edir. Özünüzü müstəqil Azərbaycanın nümayəndəsi kimi necə hiss edirsiniz?
   - Mən dünyanı çox gəzirəm və müstəqilliyin gətirdiyi gözəlliyi, fəziləti hər addımda hiss edirəm. Təsəvvür edin ki, vaxtilə xaricə getmək üçün Moskvadan viza gözləməli idim. İndi isə dünyanın 50-dən çox ölkəsində səfirliyimiz var və orada bayrağımız dalğalanır. Sevinirəm ki, xarici ölkələrdə təmsil olunuruq, bu ölkələrdə Azərbaycan mədəniyyəti günləri keçirilir. Bundan başqa mən istənilən ölkəyə gedəndə orada fəaliyyət göstərən Azərbaycan səfirliyi beynəlxalq təşkilatların hər birinə müraciət edir və mənim görüşlərimi təşkil edə bilir. Amerikanın müxtəlif rəsmi dairələri, Avropa ölkələrində mən millətin sözünü, dərdimizi - Qarabağ savaşından başlamış Azərbaycanın parçalanmış bir xalq olduğuna qədər - deyə bilirəm. Öz bayrağın, öz adının altında dünyanı gəzirsən. Özün-özünü təmsil edirsən. Bayaq qeyd etdiyim kimi, Azərbaycan dövlətinin müstəqilliyi təkcə bizim üçün deyil, bu həm də Cənubda yaşayan 35 milyon azərbaycanlı üçün bir örnəkdir. Bu müstəqillik olmasaydı, onlar da 10-20 ildən sonra fars assimilyasiyası altında əriyib gedərdilər. Amma hər kəs onun fərqindədir ki, biz Azərbaycan türküyük və bizim quzeydə bir dövlətimiz varsa, deməli, bu dövləti güneydə də qurmaq olar. Ona görə də, Azərbaycan Respublikasının müstəqilliyi böyük tarixi nailiyyətdir. Müstəqilliyin gətirdiyi elə böyük bir xoşbəxtlik var ki, onun səmərəsini, nəticəsini hələ zaman keçdikcə, hiss edəcəyik və görəcəyik. Ona görə də mən çox xoşbəxtəm ki, bu müstəqilliyi arzulayan, ədəbi taleyimi bu müstəqilliyin əldə olunmasına həsr etmiş şəxs olmuşam. Mən hələ sovet dövrundə «Xəbər gözləyirəm», «Qan yaddaşı», «Sağ ol ana dilim» və s. şeirlərimin hamısında bir müstəqillik həsrəti var idi. 1971-ci ildə «Bütövlük» adlı poema yazmışdım. Bütün poemalarımda və şeirlərimdə, romanlarda, publisistik yazılarımda müstəqillikdən bəhs etmişəm. Nəhayət 1988-ci ildə Meydan hərəkatında, Xalq hərəkatında ön sıralarda olmuşam. 1991-ci ildə parlamentə Azərbaycanın müstəqilliyi üçün çalışan, haqq səsimizi dünyaya yaymaq üçün mübarizə aparan şəxslərdən olmuşam. Və bu gün xoşbəxtəm ki, müstəqilliyimiz uğrunda mübarizədə mən də iştirak etmişəm. Bununla qürur duyuram. Bütün bunların hamısını görmək və bu proseslərdə bilavasitə iştirak etmək böyük xoşbəxtlikdir.
   Arzum budur ki, müstəqilliyimizin qədrini bilək, onu daha da möhkəmlədək. Bu təkcə siyasətçilərin deyil, siyasi baxışlarından asılı olmayaraq hər bir vətəndaşımızın borcudur.
   
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar