“Ölkələrimizin tarixi arasında çoxlu oxşarlıqlar var”
   
   “Turizm sektoru iki ölkə arasında əməkdaşlığın yeni inkişaf imkanları deməkdir. Serbiyada bir sıra kurortlar, parklar var ki, bunlar da ölkədə turizmin inkişafına geniş imkanlar yaradır. Azərbaycan 9 iqlimli zonada yerləşir və bu da ölkədə turizmin inkişafı üçün əla imkanlar yaradır. Düşünürəm ki, biz gözəl turizm əlaqələri qura biləcəyik”.
   
   
   “Əlaqələrimizi daha da genişləndirməklə bağlı bəzi ideyalarımız da var. Birgə film, teatr festivalları, sərgilərin təşkil edilməsi barədə planlarımız mövcuddur. Tanınmış serb yazıçısı Milorad Paviçin Azərbaycan dilində çap olunmuş “Xəzər sözlüyü” kitabının özü mədəni əlaqələrimizin inkişafına gözəl nümunədir”.
   
   
   Müsahibimiz Serbiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zoran Vayoviçdir.
   
   - Cənab Vayoviç, Azərbaycana səfir təyinatını necə qarşıladınız?
   - Bu mənim xarici ölkədə Serbiya Respublikasının səfiri kimi ilk təyinatımdır. Əvvəllər Serbiyanın Türkiyədəki səfirliyində çalışırdım, Azərbaycanla münasibətlərə dair məsələlər səfirliyimizin səlahiyyətinə daxil idi. Sonra Serbiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunduğumu eşidəndə çox sevindim. Serbiyanın Azərbaycandakı səfirliyi bu ilin mart ayında açılıb, mən isə may ayında Bakıya gələrək etimadnaməmi Azərbaycan prezidenti İlham Əliyevə təqdim etmişəm.
   - Belə çıxır ki, buraya gəlməzdən öncə ölkəmiz haqqında müəyyən məlumata malik olmusunuz?
   - Mən hələ 90-cı illərdə bir neçə dəfə Azərbaycanda olmuşam. 90-cı illərdə Moskvada bir ticarət şirkətində çalışırdım və orada bir azərbaycanlı ilə dostlaşmışdım. Sonra mən Ankarada çalışan zaman bir neçə dəfə buraya gəlmişdim. Ölkəniz haqqında məlumata gəlincə, əgər sən hər hansı bir ölkəyə səfir təyin olunursansa, mütləq həmin ölkə haqqında oxumalısan, məlumat əldə etməlisən. Əlbəttə, mən Azərbaycanda baş verən hadisələri öyrənmişdim və özümü bura gəlməyə hazırlayırdım. Bundan başqa ölkənin tarixi, mədəniyyəti haqqında da məlumatım var idi.
   İstər Serbiyada, istərsə də Azərbaycanda çoxlu tarixi yerlər, abidələr var ki, onlardan bir neçəsi UNESCO-nun mədəni irs siyahısına daxildir. Tarixə nəzər salsaq görərik ki, ölkələrimizin tarixində də müəyyən oxşarlıqlar olub. Məsələn, Serbiya uzun müddət Osmanlı imperiyasının tərkibində olub. Azərbaycan da türkdilli ölkədir, sizin ölkənin də bir hissəsi müəyyən vaxtlarda Osmanlı imperiyasına daxil olub. Ölkələrimizin zəngin mədəni irsi var. Sizin İçərişəhər, Şirvanşahlar Sarayı, digər abidələriniz, musiqiniz, muğam çox zəngin tarixi-mədəni ənənəni özündə yaşadır. Çox şadam ki, səfirliyimizin binası da UNESCO-nun tarixi abidələr siyahısına daxil edilmiş İçərişəhərdə yerləşir. Bura mənim çox xoşuma gəlir, səfirlik üçün binanın axtarışı ilə şəxsən məşğul olmuşam. Yeri gəlmişkən, səfirliyimizin rəsmi açılış mərasimi hələ keçirilməyib, açılış mərasiminin gələn il keçiriləcəyini gözləyirik. Biz həmçinin konsulluq şöbəsini açmağa hazırlaşırıq.
   - Cənab səfir, ölkələrimiz arasında ikitərəfli əlaqələrin səviyyəsini necə dəyərləndirirsiniz?
   - Ölkələrimiz arasında qarşılıqlı siyasi, iqtisadi və digər sahələrdəki əlaqələrin səviyyəsini yüksək dəyərləndirirəm. Azərbaycanla Serbiya arasında ikitərəfli əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Siyasi münasibətlərimiz ən yüksək səviyyədədir. Son bir il ərzində bir sıra qarşılıqlı səfərlər həyata keçirilib. Serbiya Respublikasının prezidenti Boris Tadiç ötən ilin may ayında Azərbaycana, prezident İlham Əliyev isə bu ilin iyun ayında Serbiyaya rəsmi səfər edib. Xarici işlər nazirlərinin görüşləri mütəmadi və intensiv xarakter daşıyır. Serbiya Azərbaycanla münasibətlərin inkişafında çox maraqlıdır.
   - İki ölkənin əməkdaşlıq etdiyi sahələrdən biri də mədəniyyət sahəsidir. Azərbaycanla Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığa dair saziş imzalanıb. Bu sahədə əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz? Serbiyanın Azərbaycandakı səfirliyi bu əlaqələrin inkişafı üçün hansı tədbirləri həyata keçirir?
   - Azərbaycanla Serbiya arasında mədəni əməkdaşlığa dair saziş bu sahədə əlaqələrimiz üçün mühüm zəmindir. Bu baxımdan biz mədəniyyət, eləcə də turizm əlaqələrini ən yüksək səviyyədə inkişaf etdirməliyik. Məsələn, mənim şəxsi istəyim budur ki, Serbiya və Azərbaycan vətəndaşları qarşılıqlı səfərlər etsinlər, xalqlar arasında mədəniyyət, milli adət-ənənələr barədə məlumatları artırsınlar. Düzdür, hazırda mədəniyyət sahəsində təcrübələrimizi geniş şəkildə mübadilə etmək imkanımız yoxdur, amma musiqi festivalları, professor-müəllim heyəti və tələbə mübadiləsi, sərgilərin təşkili vasitəsi ilə bunu reallaşdırmaq mümkündür. Çox istərdim ki, mədəniyyətin bütün vacib sahələrində əməkdaşlığı və qarşılıqlı mübadiləni inkişaf etdirək. Çünki inanıram ki, mədəniyyət və təhsil iki ölkənin xalqları arasında əlaqələrin yaradılmasına böyük töhfə verir. Şadam ki, münasibətlərimiz dövlət başçıları, xarici işlər nazirləri, eləcə də mədəniyyət və turizm nazirləri səviyyəsində inkişaf edir. Bizim bu əlaqələri daha da genişləndirməklə bağlı bəzi ideyalarımız da var. Məsələn, birgə film, teatr festivalları, sərgilərin təşkil edilməsi barədə planlarımız mövcuddur. Tanınmış serb yazıçısı Milorad Paviçin Azərbaycan dilində çap olunmuş «Xəzər sözlüyü» kitabının özü mədəni əlaqələrimizin inkişafına gözəl nümunədir.
   2010-cu ildə Belqrad şəhərində Azərbaycan Mədəniyyət Mərkəzi yaradılıb. Belqrad şəhərindəki «Taşmaydan parkı»nın bərpası və abadlaşdırılması ilə bağlı layihə Azərbaycan tərəfindən həyata keçirilib. Həmin parkda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və görkəmli Serbiya mütəfəkkiri Milorad Paviçin heykəlləri ucaldılıb. Serbiyanın Novi Sad şəhərində isə görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin büstü qoyulub. Bütün bunlar mədəni əlaqələrimizin inkişafına yeni yollar açır. Biz Serbiya Filarmoniya Orkestrinin Bakıya səfərini planlaşdırırıq. Bundan başqa, digər layihələri də həyata keçirmək haqqında düşünürük. Mədəniyyətin bütün sahələrində, istər teatr, istər kino, istərsə də musiqi sahəsində bu əlaqələrin inkişafı mümkündür.
   - Yəqin ki, Bakıda olduğunuz müddətdə xalqlarımız, iki ölkənin insanları arasında oxşar və fərqli cəhətləri müşahidə etmək imkanınız olub. Bu baxımdan hansı oxşar və fərqli xüsusiyyətləri qeyd edə bilərsiniz?
   - Artıq 4-5 aydır ki, Bakıdayam. Əgər söhbət xalqların mentaliteti və xarakterləri arasında oxşar və fərqli cəhətlərdən gedirsə, deməliyəm ki, bu baxımdan xalqlarımız arasında oxşarlıq tapmaq mümkündür. Davranışda və bəzi adətlərdə də oxşarlığımız var. Toy adətlərimiz oxşardır. Mən özüm üçün maraqlı detallar aşkar etmişəm. Məsələn, bizdə olduğu kimi, Azərbaycanda da toydan əvvəl qız evinə elçi gedilir. Bundan başqa, Serbiyada olduğu kimi, sizin toylarda da çoxlu qonaqlar dəvət olunur, masanın üzərində çoxlu yeməklər olur, toya hədiyyə kimi pul yazdırılır, musiqi səslənir, rəqs edilir.
   - Teatr tamaşalarına, konsertlərə necə, getmək imkanınız olub?
   - Əlbəttə, mən mədəni tədbirlərə getməyə vaxt tapıram. Çünki səfir fəaliyyət göstərdiyi ölkənin mədəniyyəti ilə də tanış olmalıdır. Bakıda olduğum müddətdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Akademik Milli Dram Teatrında, Bakı Caz Klubunda, sərgilərdə dəfələrlə olmuşam. Eyni zamanda Azərbaycanın ənənəvi musiqisi olan muğamı dinləmişəm və bu musiqi çox xoşuma gəlib.
   - Cənab səfir, ölkələrimiz arasında turizm əlaqələrinin perspektivini necə görürsünüz?
   - Əvvəlcə deyim ki, Azərbaycanda olduğum müddətdə hələlik regionlarınıza səfər etmək imkanım olmayıb. Lakin xanımım Bakıya gələndən sonra həftə sonları Azərbaycanın bir sıra rayonlarına, məsələn, İsmayıllı, Gəncə, Şəki, Zaqatala, Lənkəran, Lerikə getməyi planlaşdırıram. Turizm əlaqələrimizə gəlincə, bu sektor iki ölkə arasında əməkdaşlığın yeni inkişaf imkanları deməkdir. Serbiyada bir sıra kurortlar, parklar var ki, bunlar da ölkədə turizmin inkişafına geniş imkanlar yaradır. Düşünürəm ki, biz gözəl turizm əlaqələri qura biləcəyik. Azərbaycan 9 iqlimli zonada yerləşir və bu da ölkədə turizmin inkişafı üçün əla imkanlar yaradır. Serbiya və Türkiyə viza rejimini ləğv ediblər, ötən il bizim ölkə Azərbaycanla da viza rejimini ləğv etmək təşəbbüsü ilə çıxış edib. Biz ilin sonuna kimi konsulluq şöbəsi açmaq və Serbiyaya səfər edəcək Azərbaycan vətəndaşlarına viza verməyi planlaşdırırıq. Gələcəkdə viza rejiminin ləğv olunması iki ölkənin vətəndaşlarına sərbəst səyahət etmək, mədəniyyət və turizm sahələrində ikitərəfli əlaqələri daha da inkişaf etdirməyə imkan verərdi.
   - Azərbaycanda olduğunuz müddətdə yəqin ki, mili mətbəximizlə də tanış olmusunuz?
   - Mətbəxiniz çox zəngindir. Serbiya özündə zəngin Balkan mətbəxini yaşadır. Mən Azərbaycana gələndə artıq mənə tanış olan yeməkləri gördüm. Hətta onların adları da oxşardır. Biz dolmaya «sarma», kababa «kevabcici», rahat-lokuma «rat luk», şəkərə «şeçer» deyirik. Biz də sizin kimi çay, yorğan sözlərini işlədirik. Fərqli yeməklərə gəlincə, ilk dəfə Azərbaycanda dovğa içdim və çox bəyəndim. Biz dilimizdəki bəzi sözlərlə yanaşı, müəyyən adətləri, ənənələri də osmanlılardan götürmüşük. Serblər də türklər kimi adətən qəhvəni “rat luk”la, yəni rahat-lokumla içirlər. Mənə gəlincə, Belqrada gedəndə öz ailəmə və yaxınlarıma Azərbaycan paxlavası aparıram. Xüsusilə qozla hazırlanan paxlavalar çox dadlı olur.
   - Azərbaycan ailəsinə qonaq getmisinizmi?
   - Bəli, getmişəm. Mən sizin adətlərinizə bələdəm. Bundan başqa, insanlarınız mənim xoşuma gəlir. İstər serblər, istərsə də azərbaycanlılarda da pozitiv enerji və emosiya var. Azərbaycanlılar çox qonaqpərvərdirlər və mən bunu bəyənirəm. Bizim xalqımız da qonaqpərvərdir. Son olaraq müsahibəyə görə qəzetinizə öz minnətdarlığımı bildirirəm.
   
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar