Əminə Fiqarova: «Azərbaycanı təbliğ etməkdən böyük qürur hissi keçirirəm»
   
   Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu və “Sweet production” şirkətinin təşkilatçılığı ilə oktyabrın 15-də başlanan Bakı Beynəlxalq Caz Festivalı maraqlı konsert proqramları ilə davam edir. Festivalın iştirakçıları arasında Amerikada yaşayan soydaşımız, tanınmış caz pianoçusu və bəstəkarı Əminə Fiqarova və onun rəhbərlik etdiyi «Sekstet-Qrupu» da var. Oktyabrın 20-də Beynəlxalq Muğam Mərkəzində gerçəkləşən konsert proqramında Ə.Fiqarova və ansamblı maraqlı konsert proqramı ilə çıxış etdi. Konsertdə musiqiçinin «Səmadan yuxarıda» və «Eskizlər» adlı son iki diskindən kompozisiyalar səsləndi. 
   
   Avropa və Amerikada tanınan istedadlı həmyerlimizin musiqi yaradıcılığı özünəməxsus orijinal ifa tərzinə görə fərqlənir. Onun haqqında dünyanın məşhur musiqiçiləri yüksək fikirlər söyləyiblər. Ə.Fiqarova Niderland, Belçika, Lüksemburq, Avstriya, Almaniya, İsrail, Fransa, Danimarka, Amerika, Meksika, İtaliya və digər ölkələrdə konsert proqramları ilə çıxış edib. Vətənə tez-tez gəlsə də, xeyli vaxt idi ki, burada çıxış etməmişdi. Onunla Beynəlxalq Muğam Mərkəzindəki konsertdən sonra görüşdük.
   
   - Əminə xanım, bu günə qədər dünyanın müxtəlif ölkələrində konsert proqramları ilə çıxış etmisiniz. Vətəndə, həmyerlilərinizin qarşısında çıxış edərkən hansı hissləri keçirdiniz?
   - Əlbəttə, Vətəndə, buradakı konsert salonlarında özümü çox yaxşı hiss edirəm. Dünyanın hansı ölkəsində yaşamağımdan asılı olmayaraq Azərbaycan hər zaman mənim ürəyimdədir. Mən Bakıda doğulmuşam, burada böyümüşəm, uşaqlığım konsert verdiyim binanın yerləşdiyi məkanda keçib, indiki Beynəlxalq Muğam Mərkəzinin yaxınlığında yaşamışam. Mən hazırda yaşadığım Nyu-York şəhərində də özümü yaxşı hiss edirəm. Çünki özümü ümumilikdə bu planetin sakini hesab edirəm. Düşünürəm ki, sənin harada yaşamağın vacib deyil, mühüm olanı budur ki, sən öz sevdiyin işlə məşğul olursan. Bu baxımdan hər zaman böyük məmnuniyyətlə Azərbaycana gəlib həmyerlilərim qarşısında ifa etməyi böyük fəxr hesab edirəm.
   - Xaricdə çoxdan yaşayırsınız?
   - Mən Bülbül adına Orta İxtisas Musiqi Məktəbini bitirmişəm. Hələ məktəbdə təhsil alarkən məndə bəstəkarlığa həvəs yaranmışdı, müəllimlər məndə böyük istedad olduğunu deyirdilər. Sonra Dövlət Konservatoriyasının Fortepiano ifaçılığı fakültəsinə daxil oldum. Konservatoriyada təhsil aldığım illərdə Moskvaya tez-tez gedirdim. Öz əsərlərimlə müxtəlif musiqi festivallarında çıxış edirdim. 1987-ci ildə SSRİ bəstəkarlarının müsabiqəsində qalib adına layiq görüldüm. Həmin festivalda Rafiq Babayevin orkestrinin ifa etdiyi «Hələ dünən» adlı əsərimlə çıxış etdim. Məhz bu hadisədən sonra məni SSRİ Bəstəkarlar İttifaqına üzv seçdilər.
   Elə həmin il Niderlanda gedib orada yaradıcı fəaliyyətlə məşğul olmağa başladım.
   - Siz klassik musiqi ifaçısısınız. Bəs klassik musiqi ilə cazın sintezi, bu zəmində improvizasiya necə alınır?
   - Musiqi çox geniş anlayışdır. Caz ilə nə qədər çox məşğul olsan, o qədər başa düşürsən ki, caz və klassika bir-birinə çox yaxındır. Bir dəfə Niderlandda bir caz ifaçısının cazdan klassikaya necə asanlıqla keçdiyini müşahidə etdim. Həmin vaxt düşündüm ki, mən də klassikadan caza asanlıqla keçə bilərəm. Mən uzun illər caz pianoçularını dinləsəm də, belə bir ideya heç vaxt ağlıma gəlməmişdi. Bu haqda düşünüb həmin ifaçıya yaxınlaşdım və bildirdim ki, caz ifasını öyrənmək istəyirəm. Heç olmasa, özümü sınamaq istərdim. Və o mənə kömək etdi. Nəticədə məni dərhal ikinci kursa qəbul etdilər. Elə həmin ildə ilk caz diskim işıq üzü gördü. Ümumiyyətlə, istər cazda, istər klassikada, istərsə də pop musiqisində mən yaxşı musiqini sevirəm.
   - Sizin anlamınızda caz nədir, onu bir neçə cümlə ilə necə ifadə edə bilərsiniz?
   - Caz mənim üçün azadlıq, sərbəst özünüifadə deməkdir. Bir sözlə, caz mənim üçün ünsiyyət ölçüsüdür. Mən onunla səyahət edirəm. Sən musiqi yaradırsan, onu ifa edirsən. Bu zaman düzgün ton, düzgün not, düzgün akkord, düzgün musiqi, melodiya axtarmağa çalışırsan. Bir sözlə, mən öz fikirlərimi sözlə deyil, musiqi ilə ifadə edirəm. Sadəcə olaraq ritmlər müxtəlifdir. Klassik musiqiyə gəlincə, xüsusilə son illər bir sıra dünya şöhrətli pianoçular, musiqiçilər öz ifalarında klassik musiqinin elementlərindən istifadə edirlər. Bramsa, Raxmaninova müraciət edirlər. Beləliklə, indi bu həddindən artıq inkişaf edib. Mən klassik musiqidən istifadə etmirəm, sadəcə olaraq bu musiqi mənə texniki anlarda kömək edir. Klassik musiqi mənim bilgilərimi zənginləşdirir və inkişafa kömək edir.
   - Bəs caz musiqisinin auditoriyasını hazırda insanların hansı təbəqəsi təşkil edir? Sizcə, caz kütləvi musiqidir, yoxsa?
   - Bilirsiniz, bir çoxları cazı elitar incəsənət hesab edir. Lakin bu belə olmamalıdır. Mən indi musiqiçi Telonius Monike haqqında maraqlı bir kitab oxuyuram. Həmin kitabda deyilir ki, caz ən populyar, kütləvi musiqi janrı olub. Deməli, caz elitar incəsənət olmayıb, onu hamı dinləyib. Lakin indi pop-musiqi və digər musiqi janrlarının meydana gəlməsindən sonra caz elitar musiqi olub. Buna səbəb caz musiqisi ilə bağlı kifayət qədər reklamın, təbliğatın olmamasıdır. Etiraf edim ki, digər ölkələrlə müqayisədə bizim Bakımızda cazı daha çox dinləyirlər. Hətta deməliyəm ki, Amerikadan da çox. Məsələn, bizdə rok musiqisi digər ölkələrdə olduğu kimi populyar deyil. Çox şadam ki, caz Bakıda yaşayır. Azərbaycanda ritmi, emosional cazı sevir, musiqiçiləri dəstəkləyirlər. Bizim tamaşaçılarımız da xalqın özü kimi emosionaldır və bu mənim çox xoşuma gəlir.
   - İfanızda Azərbaycan bəstəkarlarının, məsələn Vaqif Mustafazadənin, Rafiq Babayevin musiqilərindən istifadə edirsiniz?
   - Mən ayrı-ayrı musiqi əsərlərindən deyil, Azərbaycan musiqisinin ritmlərindən istifadə edirəm. Azərbaycan musiqisini sevirəm, bu musiqidə rəqs etməyi də xoşlayıram. Ona görə də ritmlərimizdən istifadə edirəm. Digər tərəfdən, mən ancaq öz kompozisiyalarımı ifa edirəm. Bu o demək deyil ki, Azərbaycan bəstəkarlarının bəstələrini ifa etmək istəmirəm. Bütün bunlar ondan qaynaqlanır ki, mən həddindən artıq çox musiqi yazıram və öz emosiyalarımı bu musiqi ilə ifadə etmək istəyirəm. Mən həm musiqini yazıram, həm də onu aranjeman edirəm. Düşünürəm, razılaşarsınız ki, mən də Azərbaycan bəstəkarlarından birini təmsil edirəm. Lakin bir əsas məqamı da vurğulamaq istərdim ki, mənim Azərbaycana həsr olunmuş «Fire & Wind», yəni «Od və Külək» adlı bir albomum var. Düşünürəm ki, bu doğma Vətənimizi xarakterizə edən bir anlayışdır. Bu əsər Bakı haqqında düşüncələrimi ehtiva edir.
   - Bakı Beynəlxalq Caz Festivalı haqqında fikirlərinizi bilmək də maraqlı olardı.
   - Dünyanın müxtəlif ölkələrindən olan caz ifaçılarının iştirak etdiyi bu festival çox gözəl tədbirdir. Yerli caz ifaçılarımızın da festivalda iştirakı təqdirəlayiqdir. Festival yaxşı təşkil olunub, proqram rəngarəngdir. Çox təəssüf edirəm ki, mənim yaxın dostum, mənim üçün qiymətli olan bir insan, Azərbaycanın görkəmli caz ifaçısı Emil İbrahim dünyasını dəyişib. O, Azərbaycan cazının inkişafı ilə bağlı çox işlər görmüşdü.
   - Yəqin çox ölkələrdə qastrol səfərlərində olursunuz...
   - Təbii, biz həmişə qastrol səfərlərindəyik. Məsələn, son yarım ildə 6 dəfə Amerikadan Avropaya uçmuşuq. Bu səfərimdən sonra mən bir neçə həftə istirahət edəcəyəm. Gələn ilin əvvəllərində yeni disk yazmağa hazırlaşıram.
   - Təqdimatdan bəlli oldu ki, rəhbərlik etdiyiniz qrupun üzvləri müxtəlif ölkələrdən toplanıb. Onları bir araya gətirmək çətin deyil?
   - Bu, Amerika və Avropadan olan musiqiçilərdən ibarət beynəlxalq qrupdur. Bütün musiqiçilər peşəkardır, onların hər birinin özünün qrupu və diski var. Hər biri aydın fikirli fərddir. Əlbəttə, belə musiqiçilərin bir qrupda araya gəlməsi belə möhtəşəm effekti verir. Elə peşəkar olduqları üçün də onlar bir araya gəlirlər.
   - Bildiyimiz qədər sizin qrupun həm ifaçısı, həm də meneceri həyat yoldaşınız Bart Plattodur...
   - Biz artıq 21 ildir ki, Bart ilə bir yerdəyik. O, Brüsseldə doğulub və cazı çox sevib. Bizim həyata, dünyaya baxışlarımız eynidir və bunlar dil tapmağımıza kömək edir. Əsas odur ki, o yaxşı insandır.
   - Bakını bu dəfə necə gördünüz?
   - Doğrusu, Bakıya tez-tez gəlirəm. Demək olar ki, ildə iki dəfə Bakıda oluram. Hər gəldiyimdə tədricən dəyişikliklərin baş verdiyini görürəm. Əgər məsələn, 2002-ci ildə Bakıda keçirilən caz festivalı dövrü ilə müqayisə etsək, o halda ümumiyyətlə, şəhəri tanımaq olmur. Deməli, 20 yaşlı müstəqil Azərbaycan özünü təsdiqləyir. Ölkəmiz zəngin mədəniyyətə, mədəni ənənələrə malikdir. Bu torpağın vətəndaşları kimi borcumuz ölkəmizi, onun mədəniyyətini təbliğ etmək, bütün dünyanın diqqətinə çatdırmaqdır. Dünyanın hansı ölkəsində konsert verməyimdən asılı olmayaraq yalnız azərbaycanlı kimi təmsil olunuram. Və xaricdə Azərbaycanı təbliğ etməkdən böyük qürur hissi keçirirəm.
   
   Mehparə 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar