6 noyabr Azərbaycan Televiziyası və Radiosu Günüdür
   
   Müsahibimiz Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, tanınmış telejurnalist Cavanşir Cahangirovdur.
   
   - Noyabrın 6-da Azərbaycan radiosunun 85 yaşı tamam olur. Bu günün sizin üçün xüsusi bir özəlliyi də var. Noyabrın 6-da 55 yaşınız tamam olur. Bu il həm də Azərbaycan Televiziyasının 55 illiyidir. Rəqəmlərin bu cür düzülüşü adi bir təsadüfdür, yoxsa...
   - Hərdən özüm də bu təsadüfə şübhə ilə yanaşıram. Sonra da fikirləşirəm ki, bu sadəcə təsadüfdür. Tale elə gətirib ki, mən televiziyamızın yarandığı ildə, üstəlik milli teleradio günündə - 1956-cı il noyabrın 6-da dünyaya gəlmişəm. Həyatım da televiziya və radio ilə bağlı olub. Ali məktəbi bitirəndən sonra burada işləməyə başlamışam. Həyatdakı ən böyük sevgim də elə Azərbaycan televiziyası və radiosudur.
   
   “Radioya bu qədər vurulacağımı təsəvvür etməzdim”
   
   - Uzun illər televiziya sahəsində çalışandan sonra radioya keçərkən hansı hisslər keçirdiniz?
   - Jurnalistika fakültəsində oxuyarkən müxtəlif ixtisaslar vardı. O zamanlar mən tərcümə qrupunda oxuya-oxuya eyni zamanda televiziya-radio ixtisasına da yiyələndim. 1983-cü ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor kimi fəaliyyətə başladım. 1989-1992-ci illərdə «Gənclik» redaksiyasında baş redaktor, 1992-1995-ci illərdə «Yurd» mübadilə proqramları redaksiyasında baş redaktor, 1995-2007-ci illərdə «Beynəlxalq proqramlar» redaksiyasında baş redaktor, 2007-cı ildən «Gənclik, uşaq və hərbi vətənpərvərlik» redaksiyasının baş redaktoru işləmişəm.
   Jurnalistika elə bir sənətdir ki, təhsilin səviyyəsindən asılı olmayaraq gərək bu sənəti praktikada öyrənəsən. Bayaq adlarını çəkdiyim redaksiyalarda baş redaktor olana qədər artıq bir sıra verilişlərin müəllifi idim. Bunlardan ən çox yaddaqalanı “Çay dəstgahı”dır. İntellektual verilişlərimin sayı daha çox olub. Azərbaycan televiziyasında işlədiyim müddətdə 60-dan çox verilişin layihə müəllifi olmuşam. Bir-iki veriliş hazırlayandan sonra iş yoldaşlarıma təhvil verirdim. Bu gün də beləyəm, yeniliyi xoşlayıram. Hər gün yeni ideya eşitməyəndə elə bil nə isə itirirəm. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov məni radio üzrə müavin təyin edəndə, doğrusu, bu təklif mənim üçün bir az gözlənilməz oldu. Heç vaxt radioda işləməmişdim. Özümə sual verdim ki, görəsən, bu işin öhdəsindən gələ biləcəyəmmi? Qısa vaxt ərzində problemləri həll etməyə çalışdıq. Artıq islahatlar başa çatıb, strukturlar bərqərar olub, texniki avadanlıqlar yenilənib, ən əsası budur ki, yeniliyi qəbul etməkdə çətinlik çəkən insanların düşüncəsində dəyişiklik edə bildik.
   Yeni texnika, müasir avadanlıqlar alıb quraşdırmaq məsələnin maddi tərəfidir. İnsanların düşüncə tərzini dəyişmək isə mənəvi məsələdir. Xaricdən dəvət olunan mütəxəssislər həm texniki, həm də yaradıcı heyətimizlə aylarla praktiki məşğələlər keçdilər. Dünyada gedən texnoloji inkişafdan geri qalmaq mümkün deyil. Radioda istedadlı, yüksək səviyyəli professional jurnalistlər daha çoxdur. Çünki burda jurnalistlər sözlə, səslə işləyirlər.
   - Professional jurnalist kimi televiziya ilə radio arasında hansı fərqləri gördünüz?
   - Radio jurnalistikası mənə daha maraqlı göründü. Radio məni yenidən qələmə qaytardı. Radio kollektivinin özü də televiziya kollektivindən bir az fərqlidir. Radioda işləyənlər daha çox təvazökar olurlar, öz işlərini daha çox sevirlər. Əgər televiziyanı, radionu sevmirsənsə, orda işləməyə dəyməz. Sənətini sevəndə başqa çətinliklərə də dözürsən. Çünki sevdiyin işlə məşğulsan. Sevdiyi işlə məşğul olmaq isə insanı bezdirə bilməz. Mən həm də lirikəm, bir az sentimentalam. Sentimental düşüncəsi ilə deyirəm. Televiziyadan əsas fərqimiz budur. Biz görməyib sevirik - bizi görməyib sevirlər. Bizi qeybdən gələn səsə bənzədib, qeybdən gələn səs kimi sevirlər.
   - Siz necə fikirləşirsiniz, radionun əhatə dairəsi, auditoriyası yenə böyükdür?
   - Bura təyin olunandan sonra dünyanın müxtəlif saytlarında müasir radiolar barədə məlumatlarla tanış oldum, heç vaxt dinləmədiyim radiolara qulaq asdım və bir daha əmin oldum ki, radionun üstünlükləri həddindən artıq çoxdur. Günü bu gün də radionun siyasi, ideoloji əhəmiyyəti televiziyadakından qat-qat artıqdır. Çünki radionun dinləyici auditoriyası daha böyükdür. Dünyanın ən ucqar nöqtəsində belə radioya əl çatır.
   Bu gün də informasiyanı sürətlə yaymaq baxımından dünyanın hər yerində radio televiziyanı bir saat qabaqlayır. İnkişaf etmiş ölkələrin çoxunda radioda gedən reklamların sayı televiziyada gedən reklamların sayından qat-qat artıqdır. Arzu edirəm ki, gələcəkdə Azərbaycan məkanında da radioya münasibət belə olsun.
   Fransız yazıçısı Jül Renar deyirdi ki, yarpaqlar çiçəklərin kasıb qardaşıdır. Bu mənada radio televiziyanın kasıb, amma daxilən zəngin qardaşıdır.
   Demirəm, televiziya yadıma düşmür, bu gün də televiziyada verilişlər hazırlayırıq, amma radioya çox bağlanmışam. Radioya bu qədər vurulacağımı bilməzdim. Fikirləşirəm ki, gələcəkdə hara getməyimdən asılı olmayaraq, radioya bağlı olacağam.
   
   “Qızıl fond”un qızıldan qiymətli səsləri
   
   - Cavanşir müəllim, Azərbaycan radiosu həm də səs xəzinəmizin beşiyidir. Radionun “Qızıl fond”u barədə nə deyərdiniz?
   - Radionun “Qızıl fond”unda görkəmli sənətkarların ifasında muğamlar, bəstəkar mahnıları, müxtəlif opera və tamaşalardan nadir parçalar qorunub saxlanılır. Fondda elə musiqilər, elə əsərlər var ki, onları başqa heç bir yerdə tapmaq mümkün deyil. Mədəniyyət və incəsənət xadimləri ilə yanaşı, dövlət adamlarının, görkəmli şəxsiyyətlərin səsləri səs xəzinəmizin incilərindəndir. Nə qədər hesablansa da, dəqiqi sayını yenə də demək çətindir. Ümumilikdə fondda 300 min lent yazısı saxlanılır ki, onlardan 150 mini bu gün faydalıdır. Yerdə qalanlar isə sovet dövrünün ruhunu ifadə edən, o dövr üçün hesablanmış lent yazılarıdır ki, bizim yaşam tərzimizlə bu gün qətiyyən uyğun gəlmir. Hər halda fondda olan bütün səslər qorunub saxlanılır. Bayaq dedim ki, radionun bütün texniki avadanlıqları müasir texnologiyalarla əvəz olunub, qiymətli lentlərin bərpası çox çətin bir proses olsa da bu istiqamətdə işlərə başlanılıb, xüsusi otaqlar ayrılıb, montaj avadanlıqları quraşdırılıb, bu proses davam edir.
   - Bu gün canlı efirə o qədər də yer ayrılmır. Bunun səbəbi nədir?
    - Səbəb radionun daxilində STM sistemindən yeni sistemə keçidlə bağlıdır. Bu proses yekunlaşmaq üzrədir. Ondan sonra verilişlərimizin əksəriyyəti efirə canlı çıxacaq. Bu gün verilişlərimizin 30%-i efirə canlı çıxır. “Xəbərlər” sutka ərzində 24 dəfə, “Səhər” publisistik-musiqili proqram ayda 60 saat canlı efirdə olur. Radionun canı onun canlı olmasındadır.
   
   Bağban olmaq istəyirəm
   
   - Yubiley ərəfəsində radionun ən uzunömürlü verilişləri barədə nə deyərdiniz?
   - Ötən il “Bulaq” verilişinin 40 illik yubileyini qeyd etdik. “Klassik irsimizdən”, “Ovqat”, “Lirika dəftərindən” verilişləri ən uzunömürlü verilişlərimizdəndir. Ən uzunömürlü verilişlərimizdən biri də “Muğam konserti”dir. Yarım əsrdən çoxdur ki, ən böyük şəhərlərdən tutmuş ən ucqar kəndlərə qədər bazar günləri dinləyicilər bu verilişə qulaq asırlar.
   - Azərbaycan radiosu 85 illik yubileyi ilə bağlı tamaşaçılara hansı sürprizləri hazırlayır, hansı yeni verilişlər gözlənilir?
   - Bu sirri ilk dəfə sizə açıram: yeni bir ideyam var, “Göstərir Azərbaycan radiosu” adlı bir veriliş hazırlamağı düşünürəm. Verilişin ideyası da, adı da bir qədər qeyri-adidir, ancaq çalışacağıq ki, səslə, sözlə fikrimizi göstərə bilək, insanların beynində sözün şəklini çəkək. O ki, qaldı başqa yeni verilişlərə, bu işdə ifrata varmaq olmaz. Radiomuzda 91 adda orijinal veriliş var. Dünyanın heç bir radiosunda bu qədər orijinal veriliş yoxdur. Ona görə də yeni ideya deyəndə çətinlik çəkirik. Hansısa özünü doğrultmayan verilişi yenisi ilə əvəz edirik, amma elə verilişlər var ki, onlara əl vurmaq, hətta onların efir vaxtını dəyişmək olmaz. O verilişlər radionun məhək daşları, səs yaddaşlarıdır.
   - 85 il müddətində Azərbaycan radiosu həm də Azərbaycan dilinin keşiyində dayanıb. Bu barədə nə deyərdiniz?
   - Ötən 85 il ərzində istər dillər institutları olsun, istər filologiya fakültələri olsun, Azərbaycan ədəbi dilini Azərbaycan radiosu qədər qoruyan və tələb edən ikinci bir struktur təsəvvür eləmirəm. Azərbaycan radiosu xalqın danışan dili, milli-mənəvi dəyərlərimizin təbliğatçısı, səs xəzinəmizin beşiyidir.
   - Azərbaycan radiosuna, Azərbaycan televiziyasına və özünüzə nə arzulayardınız?
   - Arzu edirəm ki, Azərbaycan radiosu tək danışmasın, həm də duyduqlarını, hiss etdiklərini, demək istədiklərini sözlə göstərsin. 85 il böyük rəqəmdir. 85 yaşlı adama ixtiyar qoca deyirlər. Mən istəyirəm radiomuzun ixtiyarlığı müasirliklə, gəncliklə qovuşsun. Baxmayaraq ki, Azərbaycan radiosu MDB ölkələrinin ən yaşlı radiolarından biridir. Cənubi Qafqazda və Şərqdə ilk radiodur.
   Azərbaycanın çox qiymətli maddi-mənəvi sərvətləri var. Bu təbii sərvətlərin siyahısına mən Azərbaycan radiosunu da əlavə edirəm. Azərbaycan radiosunda çox nadir səslər var, o səslər sərvətdir. Əgər başqa sərvətlərin qiyməti varsa, bu sərvətlərin qiyməti yoxdur.
   Biz bu yubiley münasibətilə çoxmilyonlu dinləyicilərimizi təbrik etməklə yanaşı, 85 il ərində Azərbaycan radiosunda əməyi, zəhmətli olan çox dəyərli insanları xatırlayırıq, yad edirik. Radiomuz 13 dildə xarici ölkələrə də verilişlər yayımlayır. O kollektivin 70 illik yubileyini də ürəkdən təbrik edirəm. O ki, qaldı televiziyaya, mənim həyatım televiziya ilə bağlıdır. Dostlarım, yoldaşlarım, həmkarlarım hamısı ordadır. Onları təbrik edirəm.
   Özümə isə arzulayıram ki, həmişə sevdiyim işlə məşğul olum, mən burda işləmişəm, burda formalaşmışam, azdan-çoxdan burda uğur qazanmışam. Mən doğma televiziyamı, doğma radiomu həddindən artıq çox istəyirəm. Fikirləşirəm ki, təqaüdə çıxanda da burda bağban olum.
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar