Xalq rəssamı, akademik Ömər Eldarov Beynəlxalq Sokrat Mükafatına layiq görülüb
   
   Tanınmış heykəltəraş, Xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov ölkəmizi dünyada tanıdan, adı dünya miqyaslı sənətkarlarla bir sırada çəkilən incəsənət xadimidir. Heykəltəraşın yaratdığı sənət əsərləri Azərbaycanla yanaşı, bir sıra ölkələrin şəhərlərini bəzəyir, dünyanın müxtəlif muzeylərində layiqli yer tutmaqdadır.
   
   Ömər müəllimin böyük dövlət xadimi Heydər Əliyevin xatirəsinə ucaltdığı möhtəşəm abidə, Füzuli, Natəvan, Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Səttar Bəhlulzadə, Vaqif Mustafazadə, Niyazi kimi ədəbiyyat və incəsənətimizin görkəmli simaların xatirəsinə yaratdığı heykəllər böyük sənət nümunələridir. Bu yaxınlarda isə Ömər Eldarov Böyük Britaniyanın Oksford şəhərində Beynəlxalq Sokrat Mükafatına (“İnternational Socrates Award”) layiq görülüb. Səfərdən yeni qayıtmış sənətkarla görüşüb təəssüratını, bu yüksək mükafatla bağlı fikirlərini öyrənmək istədik. Söhbətimiz Ömər Eldarovun doğum günü ərəfəsinə təsadüf etdiyi üçün ilk sualımız da bu barədə oldu.
   - Ömər müəllim, dekabrın 21-də 84 yaşınız tamam olur. Ölkəmizdə və dünya miqyasında tanınan sənətkar kimi yaşınızın bu müdrik çağında geriyə baxanda nələri görürsünüz, nələri düşünürsünüz?
   - Həyatda insan üçün ən başlıca olan meyarlardan biri eyni yerdə, ölkədə, hətta bir planetdə yaşadığı insanlarla xoş münasibətlərinin olmasıdır. Əgər cəmiyyətdə, səni əhatə edən mühitdə insanlarla xoşməramlı münasibətin olarsa, eyni zamanda insanlar da bir-biriləri ilə belə xeyirxah davranarlarsa, onda Yer kürəsi cənnət olar. O halda bütün problemlər də həll olunacaq. Lakin mən başa düşürəm ki, bu çətin məsələdir. Sadəcə olaraq insanların bir-biriləri ilə münasibətlərdə aqressiv davranması lazım deyil. Bir də, mənim fikrimcə, insanda hər zaman enerji, dinamika olmalıdır. Bütün fəaliyyət xeyirxah münasibətlər üzərində qurulmalıdır. Məsələn, götürək müəllimi. Əgər o şagirdi cəzalandırmaq qərarına gəlibsə, ona pis qiymət versin. Amma qarşı tərəf başa düşməlidir ki, bu onun xeyrinədir. Ona görə də ona 5 yox, 3 qiymət yazılıb. Hər zaman düşünmüşəm ki, əgər Yer kürəsində yaşayan biz insanlar bir-birimizə xeyirxah münasibət bəsləsək, xalqlar arasında xoş münasibət olarsa, heç bir problem yaranmaz. Əgər kiminsə milli və ya dini problemi varsa, onu da xeyirxah müstəvidə həll etmək lazımdır ki, insanlar sakit, normal yaşaya bilsinlər. Ən çətin məsələ də elə budur. Sadəcə olaraq bu yolu tutmaq lazımdır. Bu bir qədər fəlsəfi fikirlərdən sonra sualınıza cavab olaraq deyim ki, ömrümü xeyirxah münasibətlər üzərində quraraq yaşamağa çalışmışam. Buna nə qədər nail olduğumu demək isə mənə çətindir.
   - Bu günlərdə Böyük Britaniyanın Oksford şəhərində keçirilən Liderlər Sammitində layiq görüldüyünüz Beynəlxalq Sokrat Mükafatı barədə məlumat verməyinizi istərdik. Bu mükafatın mahiyyəti nədir, kimlərə və hansı meyarlar əsasında verirlər?
   - Bu, Avropa Biznes Assambleyasının təsis etdiyi mükafatdır. Mükafatın məqsədi dünya elitasının inkişafına yardımdır. Biznesdən başqa beynəlxalq aləmdə iqtisadiyyat, təhsil və mədəniyyətdə də təcrübə mübadiləsini dəstəkləyir. Bu baxımdan assambleya tədris ocaqlarına da diqqət yetirir. Onların mənə yazdıqları məktubda qeyd olunurdu ki, müstəqil ictimai rəyi analiz etdikdən sonra Azərbaycan Rəssamlıq Akademiyasına Şərqi Avropada ən yaxşı ali məktəb kimi Beynəlxalq Sokrat Mükafatını verilməsi qərara alınıb. Mükafatın bir neçə nominasiyası var. Məsələn, mənə bu mükafatı Beynəlxalq Sokrat Komitəsinin qərarı ilə elmi fəaliyyət və texnologiya sahəsində uğurlara görə verdilər. Bu nominasiyalardan biri tədris işləri üçündür. Ali təhsil müəssisələrinə bu mükafat qabaqcıl keyfiyyətlərə görə verilir. Onu da deyim ki, bir neçə il əvvəl bu mükafata Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev də layiq görülmüşdü.
   Beynəlxalq Sokrat Mükafatı böyük mütəfəkkirin bürüncdən hazırlanmış, qızıllı işləmələrlə bəzədilmiş fiqurudur. Eyni zamanda mənə Sokratın əksi olan fəxri fərman təqdim etdilər. Bundan başqa, sammit çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına beynəlxalq elmi, işgüzar və mədəni tərəfdaşlığın möhkəmləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə Avropanın ən nüfuzlu mükafatı olan «United Europe Award» nişanını təqdim etdilər.
   Qeyd edim ki, bu günə qədər aldığım mükafatların hər biri mənim üçün əzizdir. Mən Azərbaycanın ən yüksək təltiflərindən olan “İstiqlal” ordeninə, Heydər Əliyev Mükafatına layiq görülmüşəm. Bu mükafatın da mənim üçün öz yeri var.
   - Rəhbərlik etdiyiniz Rəssamlıq Akademiyasının Şərqi Avropada ən yaxşı ali məktəb kimi bu mükafata layiq görülməsi böyük nailiyyətdir. Bir qədər də tədris ocağındakı fəaliyyətiniz, burada həyata keçirilən layihələr, işlər barədə danışmağınızı xahiş edirik.
   - Mən Oksfordda Beynəlxalq Sokrat Mükafatını alarkən öz çıxışımda Rəssamlıq Akademiyasının fəaliyyətinə, onun yaranma tarixçəsinə toxundum. Qeyd etdim ki, biz Avropa klassik incəsənəti bazasında işləyirik. İndi Avropa dəyişib, amma biz dəyişməmişik. Biz klassik ənənələri qoruyub saxlamışıq. Çünki peşəkar baxımdan öyrənmək ancaq klassik incəsənət bazasında mümkündür. Sonra bildirdim ki, Akademiya cəmi 11 ildir ki, fəaliyyət göstərir və bizim təhsil müəssisəsində ən böyük uğurumuz xeyirxah atmosferin qurulmasıdır. Həmişə çalışmışıq ki, akademiyanın kollektivi, tələbələri bir ailə kimi olsun. Yəni pedaqoqlar tələbələrlə, tələbələr isə pedaqoqlarla xoş münasibətlərini qoruyub saxlasınlar. Ən başlıcası biz tələbələrimizə öz aralarında, öz qruplarında insanın hüququnu pozmağa imkan vermirik. İnsan hüquqları bizim təlim-tərbiyə işimizdə ən vacib amildir. Mən birinci kursa qəbul olan tələbələrimizi əvvəlcə bir yerə toplayıram və xəbərdarlıq edirəm: əgər kimsə kimisə incidəcəksə, deməli, onun hüququnu pozur. O halda həmin tələbə dərhal məktəbdən xaric ediləcək. Elə mən iştirakçısı olduğum sammitdə də bildirdim ki, Azərbaycan Rəssamlıq Akademiyasında tələbə ilə tələbə, eyni zamanda müəllimlə tələbə arasında çox xoş münasibətlər mövcuddur və bu da bizim böyük nailiyyətimizdir. Akademiyada 19 ixtisas tədris olunur. Həddindən artıq da istedadlı gənclərimiz var. Bir qədər əvvəl həmin gənclərin sərgisi keçirildi, hər kəs sadəcə olaraq heyran qalmışdı. Roma Rəssamlıq Akademiyasının rektoru da sərgiyə gəlmişdi və inana bilmirdi ki, bu sərgidəki işlər gənclərə aiddir. Onların istedadı tələb olunmalıdır. Yəni səni istəməlidirlər. Rəssamlıq Akademiyasında tələbələrin səviyyəsi məni qane edir və bunu hər kəs təsdiq edir. Şəxsən özümün 10 tələbəm var və onlar istedadlı gənclərdir.
   - Sənətdə ənənələrin, daha doğrusu, klassikanın qorunmasından söz açdınız. Son vaxtlar Şərq-Qərb mədəniyyəti, xüsusilə də bu mədəniyyətin Azərbaycanda sintezindən bəhs edilir. Siz necə düşünürsünüz, doğrudanmı, bu mədəniyyəti sənətdə sintez edə bilirik. Biz bu baxımdan şərqliyik, yoxsa qərbli? Ümumiyyətlə, sənətdə qloballaşmaya münasibətiniz necədir?
   - Düşünürəm ki, bizim musiqimiz buna çox düzgün nümunədir. Üzeyir Hacıbəyli Avropanın deyil, Azərbaycanın bəstəkarıdır. Amma ilk dəfə Avropada mövcud olan opera janrını müsəlman Şərqində o yazdı. Musiqili komediya, simfoniya, operettanı ona qədər Şərqdə heç kim yazmamışdı. Çünki bunlar Şərq forması deyildi. Səttar Bəhlulzadə, Mikayıl Abdullayev da eynilə müasir Avropa üslubunda təsvirlər yaradıblar. Amma onlar bizim milli sənətkarlarımızdır. Lakin indi biz istəsək də, istəməsək də qloballaşma baş verir. Bu rəssamlar Avropa formasını qəbul etmələrinə baxmayaraq, qloballaşmamalıdırlar. Amma indi bizim müasir gənclərimizin yaradıcılığında qloballaşma özünə yer edib. Ümumiyyətlə, indi yaradıcı insanları nədənsə qloballaşma özünə çəkir. Məsələn, indi bir əsəri oxuyanda bilmirsən ki, onu amerikalı və ya azərbaycanlı yazıb. Düşünürəm ki, bu yaxşı hal deyil. Ümumiyyətlə, hesab edirəm ki, təsviri incəsənət elə təsviri olmalıdır. Avanqard sənətə gəlincə, əsəri hansısa görüntülərlə deyil, olduğu kimi təsvir etmək lazımdır. Təsviri hansısa kodlarla, tapmacalarla görmək olmaz. Çünki ifadə forması öz yerinə qalmalıdır.
   - Ömər müəllim, siz vaxtilə həm də millət vəkili kimi parlamentdə fəaliyyət göstərmisiniz. Bir sıra qanunların, o cümlədən şəhərsalma ilə bağlı qanunvericiliyin təşəbbüskarlarından biri olmusunuz. Maraqlıdır, həm heykəltəraş, həm keçmiş millət vəkili, həm də bir ziyalı kim paytaxt Bakının memarlıq quruluşu ilə bağlı nə deyə bilərsiniz?
   - Düz qeyd etdiniz, millət vəkili olarkən şəhərsalma ilə bağlı qanun layihəsinin təşəbbüskarı olmuşam. O zaman bizdə belə bir qanun yox idi. Mən bununla bağlı bir sıra layihələrə də təşəbbüs göstərmişəm. Biz bu şəhəri hər gün gördüyümüzə görə bəzən ona qeyri-obyektiv yanaşırıq. Əgər mən 20 ildən sonra Bakıya gəlsəydim şəhərə məftun olardım. Və təəccüblə öz-özümə deyərdim, bu bizim Bakıdır? Doğrudur, şəhərsalmada səhvlər də var. Amma şəhər günü-gündən gözəlləşir, memarlıq baxımından yüksək səviyyəyə çatır. Mən bu günlərdə “Azneft” meydanından başlayaraq Dənizkənarı bulvarı gəzirdim. Öz-özümə deyirdim, bax bu mənim şəhərim, doğma Bakımdır. Yeni mehmanxanalar çox gözəldir. Şəhər doğrudan da gözəl məkana çevrilib.
   - Ömər müəllim, həyatda əldə etdiyiniz uğurlara görə istedad, zəhmət və ya şansınızın böyük rolu olub?
   - Mən bilmirəm ki, uğurlarım böyük və ya kiçikdir. Amma bütün bunlar daha çox vəziyyətlərdən asılı olub. Elə bir vəziyyət yarana bilərdi ki, bu nailiyyətlər olmazdı. Hərdən mən hansısa uğuru əldə etdiyimə görə şübhə edirəm. Məsələn, tarixdə qorxulu, şiddətli müharibələr baş verib. Eyni zamanda dəhşətli aclıqlar olub. Sonra elə olub ki, mən təhsil almışam. Doğrudur, bizim sayımız az idi. Lakin fəaliyyət diapazonumuz çox geniş idi. Əlbəttə, o zaman heykəltəraşlara böyük tələbat var idi. İndi heykəl qoyulur, amma heç kim onun müəllifini tanımır. O yaxşıdır, yoxsa pisdir, onu da təyin edə bilmirlər. Bunlar heç də yaxşı hal deyil.
   - Doğum gününüzü necə qeyd edəcəksiniz?
   - Mən həmin gün Türkiyədə olacağam. İstanbulda Memar Sinan Universitetində sərgimiz açılacaq. Yəni ad gününü xüsusi olaraq qeyd etməyəcəyəm. Düşünürəm ki, elə belə də yaxşıdır.
   - Biz də sizi həm aldığımız mükafat, həm də doğum günü münasibətilə təbrik edirik, cansağlığı arzulayırıq.
   
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar