Azərbaycanın böyük ənənələri olan rəssamlıq sənəti və dünya rəssamları ilə bir sırada dayanan görkəmli fırça ustaları var. Milli rəssamlıq sənətimizi dünyada tanıdan sənətkarlardan biri də Əməkdar incəsənət xadimi, Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professor Arif Əzizdir.
   
   Arif Möhübəli oğlu Əziz təsviri sənətə ötən əsrin ikinci yarısında gəlib. Məlumdur ki, bu dövr milli rəssamlıq sənətinin inkişafı və şaxələnməsi ilə xarakterizə olunur. Bu zaman sənətə gələn gəncləri əsasən monumental rəngkarlıq və qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət sahələri daha çox cəlb edib. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini yeni bitirən Arif isə Azərbaycan rəssamlığı üçün yeni olan təsviri sənətin tətbiqi qrafika və dizayn ixtisasını seçir. Stroqonov adına Moskva Dövlət Ali Bədii-Sənaye Məktəbində təhsil alır. Moskvadakı təhsil illəri ona görkəmli sənət adamları ilə tanış olmaq və təşkil olunan sərgilərdə iştirak etmək imkanı verir. 1971-ci ildə təhsilini başa vuraraq Bakıya dönür. İndiki Mədəniyyət və İncəsənət Universitetində işləməyə başlayır. Dizayn və sənaye qrafikasından dərs deyir. Bu vaxta kimi onlarla rəssam yetişdirib. Uğurlu pedaqoji fəaliyyəti ilə tanınıb. Müvəffəqiyyətli işinə görə dövlət mükafatları, “Şərəf nişanı” ordeni ilə təltif olunub...
   - Arif müəllim, çoxcəhətli yaradıcılıq yolunuzun ana xəttini nə təşkil edir?
   - Yaradıcılığımın leytmotivi Abşerondur. Bu mövzunu yaradıcılığımın ana xətti hesab etmək olar. Abşeronun təbiəti, mənzərələri, xarakterik qızılı rəngi işlədiyim bir çox əsərlərdə əksini tapıb. Onu da deyim ki, müraciət etdiyim mövzular heç də hamının görə bilmədiyi səmtlərdən və nöqtələrdən təsvir olunub.
   - Sizdə bu sənətə maraq necə yaranıb? Səcərənizdə incəsənət adamı olubmu?
   - Nəslimizdə rəssam, memar və yaxud heykəltəraş olmayıb. Dayım Ağamusa Hüseynov tarzən idi, Dövlət Filarmoniyasının solisti olub. Bununla yanaşı, uşaqlıqdan evimizdə xalq tətbiqi sənəti nümunələri görmüşəm. Anam tikmə toxuyardı. Rəngli saplarla ağ parçalara çeşni salar və bəzək vurardı. Bütün bunlar məndə maraq doğururdu. Uşaqlıq illərim Şüvəlanda və qədim Qala kəndində keçib. Məlumdur ki, o yerlər qədim yaşayış məskəni olub. Oradakı tarixi abidələr, qayaüstü yazılar hələ erkən yaşlarımdan məndə bədii yaradıcılığa həvəs yaradıb. Abşeronun gözəl təbiəti - üzüm, əncir bağlarının mənzərəsinə, estetik gözəlliklərinə maraqla tamaşa edərdim. Atamın dayısı Məşədi Əbdül Kərim tanınmış daş ustası idi. Erkən yaşlarımda onun yanında tez-tez olardım. Onun daşlar üzərində yonduğu ornamentlər, quş, heyvan rəsmləri diqqət çəkər, maraq doğurardı.
   - Yaradıcılığınızda Seneqal mövzusuna geniş yer vermisiniz. Afrikanın bu ölkəsi nədən sizdə maraq doğurdu?
   - Seneqal o vaxtlar inkişaf yolunda olan Afrika ölkəsi idi. Orada iki dəfə olmuşam. Birinci dəfə 1983-cü ildə, sonra 1987-ci ildə. “ Seneqal maskaları”, “Oyanma”, “Dakarda məscid”, “Rəqs” və “Seneqal mənzərələri” adlı əsərlərim əvvəl Dakarda, sonra Moskvada, Bakıda uğurla nümayiş olunub. Yeri gəlmişkən, Bakı və Dakar qardaşlaşmış şəhərlərdir. O vaxt “Seneqal panoramı“ sərgisi qardaşlaşmış Dakarla Bakının sıx əlaqələrini ifadə edirdi.
   - Təsvir etdiyiniz mənzərələrdə, kompozisiyalı tablolarda ağ rəngdən bolluq rəmzi kimi geniş istifadə edirsiniz. Bu nə ilə bağlıdır? Niyə qara, qırmızı yox, məhz ağ rəng?
   - Ağ rəng qəlbimin aynasıdır. O aynada həyatın bütün gözəlliklərini görürəm. Bir də ki, ağ rəng müəyyən hərəkət donuqluğunda verilən insan fiquruna genişlik gətirir. İşin mahiyyətini açır. Məlumdur ki, qədim türk düşüncəsinə görə, ağ rəng səadətin rəmzidir. Mifik inamımızın bədii obrazı “Ağ atlı oğlan“ nağılında haqsızlığa qarşı mübarizə aparan qəhrəman ağ paltarda, ağ atın belində necə əzəmətli görünür. “Məlikməhəmməd“ nağılında da dara düşmüş qəhrəmanı qaranlıq dünyadan xilas edən, onu işıqlı dünyaya çıxaran da ağ qoç olur. Ağ rəng, həm də ümid rəmzi kimi mənalandırılır... Baxmayaraq ki, avropalılar ağ rəngi təslimçilik rəmzi kimi tanıyırlar...
   - Dünya Rəssamlıq Akademiyasının respublikamızda nümayəndəliyi açılıb. Siz də bu qurumun rəhbəri seçilmisiniz. Bu hadisə hansı cəhətləri ilə əhəmiyyətlidir?
   - Dünya Rəssamlıq Akademiyası 2009-cu ildə Xorvatiyanın paytaxtı Zaqreb şəhərində yaradılıb. Təsis olunduğu gündən Azərbaycan üç, sonra altı tanınmış rəssamı ilə orada təmsil olunub. 2011-ci ilin oktyabrında qurumun Bakı şəhərində nümayəndəliyi açılıb. Həmin vaxt Vəcihə Səmədova adına sərgi salonunda qurumun üzvü olan rəssamların əsərlərindən ibarət sərgi keçirildi. Dünya Rəssamlıq Akademiyasının prezidenti Anatoli Silovun başçılığı ilə nümayəndə heyəti də gəlmişdi. Orada təklif olundu ki, qurumun Bakı nümayəndəliyi yaradılsın. Əlbəttə, bu təşkilatla əməkdaşlığımızda qurumun maraqlı və əhəmiyyətli cəhətləri var. Xarici ölkə rəssamları ilə sıx əlaqələrimiz yaranacaq. Xüsusilə Avropa ölkələrində qurumun üzvü olan rəssam həmkarlarımızın sərgilərini keçirmək asanlaşacaq. Bilirsiniz ki, rəssam üçün sərgi keçirmək önəmli bir hadisədir. Harada olmasından asılı olmayaraq rəssam əsərlərini sərgiləyirsə, bu onun yaradıcılığı üçün çox vacibdir. Xaricdə Azərbaycan mədəniyyətini, milli incəsənətimizi təmsil etmək hər sənətkar üçün fəxrdir...
   - Vaxtilə “Azərbaycan reklamının tarixi” jurnalının dizayn, “Azərbaycan reklamçısı” qəzetinin bədii tərtibat müəllifi olmusunuz. Bu işlər yaradıcılığınızda öz əksini tapıbmı?
   - O dövr plakat janrında işlədiyim nümunələr, doğrudan da, yaradıcılığım üçün xarakterikdir. 1976-cı ildə bir neçə sənət dostum ilə “Əsrin tikintisi” sayılan Baykal-Amur Magistralına - uzaq Sibirə səfər etdik. Həmin mövzuya həsr olunan “Tayqanı ram edək”, “Gənclik bizi zəfərlərə səsləyir”, “Baykal-Amur Magistralı başa çatdırılacaq”, “BAM mərdlik məktəbidir” kimi plakatlar romantik vüsəti, qrafik dilinin yığcamlığı və təsiri üslubun yeniliyi ilə fərqlənib. Bu əsərlərdə təbliğatdan daha çox BAM-da çalışan insanlar, onların mövcud çətinlikləri, nikbin ruhları və iradələri öz bədii əksini tapmışdır. O vaxt bu silsilə işlərimə görə Azərbaycan Gənclər İttifaqının (komsomol - red.) mükafatına layiq görüldüm. On il sonra indiki Mədəniyyət və İncəsənət Universitetində rəhbərlik etdiyim kafedrada “Təbliğat və reklamın təsvir vasitələri” adlı ixtisasın bütün metodik ədəbiyyatını, tədris planı və fənn proqramlarını hazırladıq. Kadrlar hazırlığında uğuruma görə 1986-cı ildə “Şərəf nişanı” ordeni ilə təltif olundum.
   - Əsərlərinizdən xarici ölkə muzeylərində nümayiş olunanı varmı?
   - Dəfələrlə ABŞ, Rusiya, Finlandiya, İran, Türkiyə, Seneqal, Almaniya, Fransa və digər ölkələrdə fərdi yaradıcılıq sərgilərim olub. Həmin sərgilərdə bir neçə əsərim alınıb. Moskvada “Şərq muzeyi”ndə, Tehranda “Şəhriyar muzeyi”ndə, Ankarada “Dövlət muzeyi”ndə , Bakıda Milli İncəsənət Muzeyində əsərlərim var. Onu da deyim ki, əsərlərim daha çox şəxsi kolleksiyalarda saxlanılır...
   - Övladlarından atasının sənətini davam etdirəni varmı?
   - Üç qızım var, üçü də rəssamdır. Atalarının sənətini davam etdirirlər. Böyük qızım Ayan Rəssamlıq Akademiyasının, ikinci qızım Aysel Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir. Kiçik qızım Ayləl tələbədir, Londonda oxuyur.
   
   Söhbətləşdi: Savalan Fərəcov