Ozan Sağdıç: “İnsanın daxilində lirizm, poeziya varsa, o mütləq sənətə gəlməlidir”
   
   Fotolentə köçürülmüş məqamlar tarixi təhrifsiz yazır. Ətrafda baş verənlər anlığa - fotoaparatın düyməsini basmaqla dayanır. Əbədiyyətə keçir. Türkiyəli fotoqraf, jurnalist Ozan Sağdıç 60 ildir bu sənətlə məşğuldur. Bu yaxınlarda (2 may) onun foto işləri Bakıda açılan “Tale bağları” sərgisində yer aldı. İnsan həyatının önəmi ömrünü həsr etdiyi işin mahiyyətində özünü büruzə verir. Türkiyəli fotoqrafın da həyatı boyu yaşadıqları, gördükləri, hiss və həyəcanı 60 ilin fotolentlərində əks olunub.
   
   Ozan Sağdıç 1934-cü ildə Türkiyənin Balıkesir şəhərində anadan olub. Lisey təhsilini İstanbulda alıb. Fotoqrafiya ilə liseyin son sinfində məşğul olmağa başlayıb. 1956-cı ildən dövrün tanınmış mədəniyyət nəşrlərindən olan “Hayat Mecmuası” jurnalında fotomüxbir kimi işə başlayıb. Türkiyə fotojurnalistikasının ilk təmsilçilərindən sayılan Ozan Sağdıç hər il bir çox fərdi fotosərgilər təşkil edir. Bakıda fotolarının sərgilənməsinə çox sevindiyini bildirdi:
   - “Tale bağları” sərgisinə 14 foto işi ilə qatıldım. Mövzular müxtəlifdir. Bunlar daha çox fotojurnalistikaya aid, sadə insan münasibətlərinin təsvir fotolarıdır. 60 ildir ki, foto işindəyəm və zəngin arxivim var. Sərgiyə qatılarkən uzun zaman seçim etməli oldum.
   - Fotolarda daha çox nəyə önəm verirsiniz?
   - Fotoların öz anlamı, mesajı olmalıdır. Mən hekayə anlatmıram. Sadə bir durumun təsvirini verirəm. Fotoya baxan hər kəs öz hekayəsini yaza bilər. Gələcəkdə bunlara sosioloji tarix kimi baxacaqlar.
   - Sərgidə nümayiş olunan fotolarınızın hamısı ağ-qaradır. Rəngli fotoqrafiyanın üstünlük təşkil etdiyi bir dövrdə nədən ağ-qara fotoları seçmisiniz?
   - Dahi heykəltəraş Mikelancelo deyir ki, iş gördüyüm zaman artıq olan hər nə varsa atıram, ortada sənət qalır. Sənətdə hər zaman nələrisə atacaqsınız və bu zaman geridə qalan sənət adlanacaq. Mən də rəngləri atıram. Çünki rənglər olan zaman hər şey gözəl görünə bilər. Lakin arxasındakı sənət nəzərə çarpmır. Mən foto sənətinə başlayanda rəngli fotoqrafiya hələ yox idi. Ağ-qara ilə başladım. Bunu çox sevdim və üslubuma çevrildi. Başqa tərəfdən bu mənim sənətimi ortaya çıxarma şəklimdir.
   - Qeyri-professional fotoaparatdan da istifadə edirsinizmi? Buna nə zaman ehtiyac olur?
   - Bəzən kiçikölçülü fotoaparatla maraqlı anları tutmaq mümkündür. Hamımız bu sənətə belə gəlmişik. Professional fotoaparatı hər hansı tədbirə aparmaq mümkünsüz olduqda cibimdə gəzdirdiyim kiçikölçülü fotoaparat köməyimə gəlir.
   - Rəqəmsal fotoaparatdan istifadə edirsiniz?
   - Bəli, hazırda rəqəmsal fotoaparatdan istifadə edirəm. Zamanın tələbinə uyğun işləmək lazımdır. Artıq plyonka dövrü keçdi. Ona görə texnikanın tələbinə uyğun biz də dəyişməliyik.
   - 60 ildə çoxmu fotoaparatınız oldu?
   - Bəlkə də 60-dan çox. Hamısını da saxlayıram. Muzeydə olduğu kimi.
   - Necə oldu fotoya gəldiniz?
   - Uşaqlıqdan həvəs, maraq var idi. İnsanın daxilində lirizm, hadisələri poeziya formasında görmək bacarığı varsa, o, mütləq sənətə gəlməlidir. Mən də bunu hiss etdim. Daxilimin səsini dinlədim. Yaşadığım məmləkətin fotolarını çəkə-çəkə sənətə gəldim desəm, yəqin yanılmaram.
   - Poeziyaya böyük marağınız var. Tərcümələr edirsiniz. Bəs özünüz necə, şeir yazırsınız?
   - Arada yazmışam. Lakin onları önəmli saymıram. Çünki düşünürəm ki, əgər mənim daxilimdə şeir varsa, fotolarımda yaşasın, büruzə versin. Şeir tərcüməsi də daxildə lirizmin olmasını tələb edir. Dili yaxşı bilmək şərt deyil. Çünki Sədi Şirazi bir şeirində nə demək istədiyini hər kəs başa sala bilər. Lakin şairi öz dilində danışdırmaq önəmlidir. Tərcümə zamanı şeiri yenidən inşa edirsən. Təbii ki, öz dilini də mükəmməl bilmən şərtdir.
   - Foto məktəbiniz varmı? 60 illik təcrübənizi necə bölüşürsünüz?
   - Elə bir tədris ocağım yoxdur. Lakin daim konfranslara dəvət alıram. Gənclərlə işləyirəm. Onların suallarına, öyrənmək istədiklərinə cavab verirəm.
   - Foto haqqında kitab yazmağı düşünürsünüzmü?
   - Hazırda çap edilməmiş, lakin çapa hazır 11 kitabım var. Bunlar şeir dünyasına aid kitablar, həmçinin xatirələrimi yazdığım kitablardır. Ancaq ümid edirəm ki, foto sənətinə aid kitabım daha çox olacaq. Hələlik fotoya aid kitab yazmağa başlamamışam. Plyonka dövründə çəkdiklərimi rəqəmsal formata keçirirəm. Sənədləşdirirəm, arxiv yığıram. Onların hər biri bəlkə bir kitab olacaq. Mövzu və dövrünə görə hər biri tarixdir.
   - Bakıya ilk gəlişinizdir?
   - Üçüncü gəlişimdir Bakıya. İlk dəfə sovet dövründə, daha sonra 2000-ci ildə gəlmişəm. Bakı çox dəyişib. Şəhərə heyran oldum. Yeni tikililər və onların yanında qədim tikililər maraqlı kompozisiya yaradır. Yaradıcılıq üçün çox gözəl məkandır.
   
   Söhbətləşdi:
   Reyhan İsayeva