Teymur Göyçayev: “Uşaqların akademik konsertlərdə çıxışları, daim səhnə ilə təmasda olmaları çox vacibdir”
Təməli Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəyli tərəfindən qoyulan Bülbül adına orta ixtisas musiqi məktəbi Azərbaycanda unikal tədris sisteminə malik təhsil ocağıdır. 20-ci illərin sonunda yaranan məktəb özünün hazırkı statusunu alana qədər uzun, islahatlı bir yol keçmişdir. İlk direktoru Kövkəb xanım Səfərəliyeva olan təhsil müəssisəsi 1961-ci ildən Azərbaycan vokal məktəbinin banisi, dahi Bülbülün adını daşıyır. Musiqi tariximizin görkəmli şəxsiyyətlərindən Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev, Vasif Adıgözəlov, Emin Sabitoğlu, Sərvər Qəniyev, Nazim Əliverdibəyov, tanınmış bəstəkarlar Xəyyam Mirzəzadə, Aqşin Əlizadə, Polad Bülbüloğlu, Firəngiz Əlizadə və başqaları bu məktəbin məzunları olublar.
Hazırda təhsil ocağına rəhbərlik edən Xalq artisti, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbər və dirijoru Teymur Göyçayev də 70-ci illərdə bu məktəbin yetirməsi olub. Onunla söhbətimizdə təhsil ocağının son tarixi və bugünkü uğurlarına, idarəçilik və yaradıcılıq məsələlərinə nəzər saldıq.
- Teymur müəllim, böyük bir orkestrin bədii rəhbəri və dirijoru, eyni zamanda, musiqi məktəbinin direktoru kimi bu iki idarəçilik istiqaməti arasında hansı oxşar və fərqli cəhətləri qeyd edərdiniz?
- Oxşar cəhət ondadır ki, hər iki tərəfdə iradə göstərmək, çalışmaq lazımdır. Fərq ondadır ki, orkestrdə bir növ dirijorun diktəsi hökm sürürsə, bütün kollektivin dirijora, rəhbərə tabeçiliyi mütləqdirsə, məktəbdə bu məsələ fərqlidir. Burada improvizasiyaya, sərbəst yaradıcı yanaşmaya daha çox yer ayırıram. Məsələn, şagirdin tədrisində düzgün olmayan istiqamətə meyil müşahidə edirəmsə, çıxış yolunu onun məktəbdən uzaqlaşdırılmasında deyil, digər alətə və ya nəzəri bilikləri imkan verirsə, nəzəriyyə şöbəsinə yönəldilməsində görürəm. Yaxud belə hallar da olur ki, uşağın yaxşı göstəriciləri və ümidverici istedadı var, lakin səhnədən “qorxur”. Bu halda da şagird nəzəriyyə şöbəsinə istiqamətləndirilir. Bir sözlə, hər bir halda istedadın yaratdığı imkanlar nəzərdə tutulur, yaradıcı yanaşma öndə durur. Digər tərəfdən, etiraf edim ki, mənə məktəbdə çalışmaq daha xoşdur. Ətrafımda uşaqlar olduğu üçün burada daha mülayiməm və onları çox sevirəm.
- Özünüz də bu məktəbin məzunu olmusunuz. Sizin məktəb illərinizlə bugünkü təhsil sistemi arasında hansı analogiyalar müşahidə olunur?
- Mən hər şeydən əvvəl bizim illərin “ruhu”nu qaytarmaq istəyirəm. Həmin dövrdə sağlam rəqabət duyulurdu, hər kəs digərlərindən yaradıcı mənada üstün olmağa çalışırdı, eyni zamanda bilik və bacarığımızı bir-birimizlə paylaşmaq ənənəsi var idi. Məsələn, kimimiz yaxşı əsər oxuyurduqsa, mütləq digərlərimizə ötürür, incəsənət, ədəbiyyat sahəsində müzakirələr edərdik. Bizim dövrümüzdə musiqi fənlərini bilməmək, əsərləri düzgün ifa etməmək ayıb sayılırdı. İllər sonra məktəbə başqa vəzifədə qayıdanda artıq müşahidə etdim ki, əvvəlki dövrün bir sıra qiymətli cəhətləri itib. Məktəb sanki təhsil mərkəzi olmaqdan uzaqlaşıb. Bu bəlkə şagirdlərin düzgün meyarlarla qəbul olunmamasından, bəlkə də başqa məqamlardan asılı idi. Fakt olaraq birinci rəhbərlik ilində 200-dən artıq şagirdin məktəbdən uzaqlaşdırılması onu göstərdi ki, həmin uşaqlardan peşəkar musiqiçi tərbiyə etmək qeyri-mümkün olacaqdı.
- İdarəçilikdə hansı sələfinizin prinsiplərini rəhbər tutursunuz?
- Mən çox vaxt Nazim Əliverdibəyov dövrünün sisteminə əsaslanıram. Çünki özüm də onun idarəçilik dövründə təhsil almışam. Kiçik yaşlarımızdan hamımız ona dərin hörmət göstərirdik. Əsas odur ki, rəhbərin idarəçiliyi onun professionallığı üzərinə qurulsun. Belə olduqda, o, istənilən vaxt şagirdi artıq direktor kimi deyil, dirijor kimi səhnəyə - birgə çıxışa dəvət edə bilər. Bu zaman uşaqların ümidi, inamı da artır. Deyilən sözə riayət olunarkən uşaqların gözündə qiymətləndirmə meyarı dəyişir, yüksəlir və gözlənilən nəticə əldə edilir. Rəhbərliyə gəldiyim il burada ən çoxu 20 parlaq şagird var idi və yalnız onlar konsertlərə çıxarılırdı. Ancaq bu gün biz -məktəbin musiqi işləri üzrə direktor müavini Aytən Əhmədova ilə - belə bir siyasət yürüdürük ki, təhsil alan şagirdlərin böyük hissəsi yaradıcı atmosferə qoşulsun. Bu prinsip N.Əliverdibəyov dövründən bizə yadigar qalmışdır. Uşaqların akademik konsertlərdə çıxışları, daim səhnə ilə təmasda olmaları vacibdir. Çünki səhnə təcrübəsi olmayan musiqiçi heç vaxt sözün əsl mənasında musiqiçi ola bilməz. Bu baxımdan tez-tez şagidləri orkestrə solist kimi dəvət edirəm. Əsas məqsədimiz şagirddə əsl ifaçılıq məktəbinin təməlini yaratmaq, sonradan məzunlarımızla fəxr etməkdir.
- Məktəbdə rəhbərlik prinsipləri və idarəçiliklə əlaqədar hansı dəyişikliklər nəzərdə tutulur?
- Məktəbdə fəaliyyətə başladığım müddətdə hər şeyi yenidən başlamağa məcbur idik. Yeni alətlər -qoboy, arfa, kontrabas almışıq, şöbələrdə şagird balansı bərabərləşdirilir. Məsələn, mənim gəldiyim vaxtda fortepiano şöbəsində 300-ə qədər şagird vardısa, hazırda onların sayı 125-dir. Orkestr şöbəsində 20 şagird var idisə, indi 100-ə qədər artırılıb. Orkestrdə ehtiyac duyulan violonçel aləti üzrə cəmi 1 şagird var idi, bu gün onların sayı 5-dir. Hər şey tədricən yoluna qoyulur. İlk mərhələ üçün özümə 5 il vaxt vermişəm, artıq 2 ili geridə qalıb. Bu il, yəni 2011 -2012-ci tədris ili artıq ciddi iş, qiymətləndirmə ili oldu.
- Şagirdlərin istedad və dünyagörüşləri hansı səviyyədədir?
- Səmimi deyəcəyəm, bizdə istedadlı şagirdlər çoxdur, lakin onların dünyagörüşü istənilən səviyyədə deyil. Bu problemi aradan qaldırmaq üçün yeni metodlar axtarırıq. Düşünürük ki, tədris planına incəsənətin bütün sahələri ilə bağlı fənləri daxil edək. Çalışırıq ki, muzeylər, sərgi və konsert salonları ilə danışıb uşaqların bu məkanlara sərbəst girişini təmin edək və onların dünyagörüşünün genişlənməsinə yardımçı olaq. Yeri gəlmişkən, şagirdlərimiz üçün bütün konsertlərə sərbəst giriş imkanı yaratdığına görə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının rəhbərliyinə dərin təşəkkürümü bildirirəm.
Mən şagirdlərimizin kütlə arasından özlərini idarə etməsi, xarici görünüş, zövq, ümumiyyətlə, bütün cəhətlər üzrə seçilməsini istəyirəm. Çünki onlar cəmiyyətin, gələcək nəslin qabaqcılları olaraq hər şeyə düzgün münasibəti və seçimi diktə etməlidirlər.
- Hazırda məktəbdə hansı şöbələr fəaliyyət göstərir?
- Rəhbərlik fəaliyyətimin ilk dövründə məktəbdəki vokal və xalq çalğı alətləri şöbələrinin bağlanması haqqında yanlış fikirlər yayılmışdı. Bizdə nəinki bütün şöbələr fəaliyyətdədir, hətta əvvəllər fəaliyyət göstərməyən və ya zəif fəaliyyətdə olan şöbələr (məsələn, nəfəs alətləri) bərpa olunmuşdur. Artıq nəfəsli alətlər orkestri yaratmaq üzərində iş aparırıq. Orkestr alətləri şöbəsi acınacaqlı vəziyyətdə idi. Bu günə qədər bizdə kontrabas sinfi yoxdur. Yeni tədris ilindən etibarən bu problemi həll etməyi düşünürəm, artıq müəllim dəvət olunub və alət alınmışdır. Məktəbimizdəki şöbələrdən bəstəkarlıq və xalq çalğı alətləri şöbəsi daha fəal şəkildə yaradıcılıqla məşğuldur.
- Bəstəkarlıq şöbəsi haqqında məlumat vermənizi rica edirəm...
- Azərbaycan bəstəkarlıq məktəbi böyük ənənəyə malikdir və bu ənənələr uğurla davam etdirilir. Bu gün məktəbimizin bəstəkarlıq şöbəsi məni çox sevindirir. Bu şöbə üzrə fəaliyyət göstərən müəllimlər, sözün əsl mənasında, yaradıcı insanlardır. Pikə Axundova, İlham Abdullayev və Ayaz Qəmbərlinin çox böyük əməyi sayəsində bəstəkarlıqla məşğul olmağı arzulayan şagirdlərin sayı günbəgün artır. Kamera orkestrinin şagirdlər üçün bir növ yaradıcılıq laboratoriyası olmasına çalışırıq, heyətdə müəllimlərin uşaqlara məsləhət gördükləri, maraqlı əsərləri ifa edəcəyimə söz vermişəm. Artıq konsertlərimizdə bu, ənənə halını almağa başlayıb. İnanıram ki, gələcəkdə bizim məktəbimiz Azərbaycan bəstəkarlıq məktəbi üçün layiqli simalar yetişdirəcək.
- Qısa müddətdə bir sıra tədbirlər və hesabat konsertləri keçirmisiniz. Bu barədə məlumat verərdiniz.
- Filarmoniyada kamera orkestri ilə birgə iki dəfə konsertimiz olub. Bu konsertlərdə 40-dək uşaq çıxış edib. Dahi vokalçı Bülbülün 115 illik yubileyi münasibətilə Beynəlxalq Muğam Mərkəzində keçirilən musiqi festivalında məktəbin xalq çalğı alətləri şöbəsinin istedadlı şagirdlərinin ifaları dinlənildi. Mayın sonunda Respublika Günü münasibətilə Kapellhausda (Filarmoniyanın kamera və orqan musiqisi zalı - red.) keçirilən konsert çox əhəmiyyətli idi. Nəfəs alətləri, alt və violonçel ifaçıları, eləcə də pianoçular bu konsertdə çox uğurla çıxış etdilər. Konsertlərdən sonra onların simalarındakı xoşbəxtliyi görmək bilirsiniz necə sevindiricidir?! Bizim məqsədimiz təkcə müsabiqələrdə və festivallarda çıxış edərək yer qazanmış uşaqları nümayiş etdirmək deyil, həmçinin digər uşaqlarda da stimul yaradaraq onları ruhlandırmaqdır.
- Şagirdlərin yerli və xarici müsabiqələrdə qazandığı nailiyyətlər barədə nə deyə bilərsiniz?
- Biz şagirdlərimizin Azərbaycan mədəniyyətini gələcəkdə uğurla təmsil etmələri üçün əlimizdən gələn şəraiti yaratmağa çalışırıq və bunun müqabilində gözlədiyimiz nəticələri əldə edirik. Şagirdlərimizin 2011-2012-ci tədris ili ərzində xarici festival və müsabiqələrdə uğurlu çıxışları da buna misaldır. Məsələn, Estoniyanın Narva şəhərində keçirilən gənc ifaçıların F.Şopen adına IX Beynəlxalq müsabiqəsində Prezident təqaüdçüləri Rüstəm Zeynalov (XI sinif, piano) müsabiqənin Qran-pri mükafatına, Nərmin Nəcəfli (IX sinif, piano) I mükafata və F.Şopen İnstitutunun xüsusi diplomuna layiq görülmüşdür. Prezident təqaüdçüsü Vurğun Vəkilov (VIII sinif, piano) İtaliyada keçirilmiş VIII “Citta di Pesaro” Beynəlxalq müsabiqəsinin qalibi olmuş, digər Prezident təqaüdçümüz Ceyla Seyidova (XI sinif, skripka) Belçikada keçirilən beynəlxalq müsabiqədə I yeri qazanmışdır. Emil Bağırov (X sinif, klarnet) Y.Başmetin “Gənc istedadlar” festivalı və V.Spivakov Fondunun təşkil etdiyi “Moskva dostları qarşılayır” festivalında uğurla iştirak etmişdir. Nəzrin Aslanlı (XI sinif, skripka) Türkiyədə keçirilən kamera ansamblı müsabiqəsində çıxış edərək III yerə, Aytən İbrahimova (VIII sinif, skripka) İslam ölkələri gənc klassik musiqi ifaçılarının I beynəlxalq müsabiqəsində I yerə layiq görülmüşdür. Nəzrin Abbaslı (fortepiano) Mahaçqalada keçirilən beynəlxalq festivalda Qran Pri mükafatçısı olmuşdur. Gənclər və İdman Nazirliyinin təşkil etdiyi “Hünər” vətənpərvərlik festivalında çıxış edən xanəndə Səidə Babışova (VIII sinif) diplomla təltif olunmuşdur. İsmayıl Zülfüqarov (X sinif, tar) müstəqilliyimizin 20 illiyinə həsr olunmuş Respublika müsabiqəsinin qalibi olmuşdur. Bir neçə gün əvvəl isə Gənc Pianoçuların II Respublika müsabiqəsində X sinif şagirdi Lalə Hüseynzadə I yerə layiq görülmüşdür.
- Gələcək planlarınızı da eşitmək istərdik...
- Qarşıya qoyduğumuz başlıca məqsəd 5 il müddətində məktəbin bütün yaradıcı, qeyri-yaradıcı problemlərini həll etmək, onu əvvəlki “qızıl dövr”ünə qaytarmaqdır.
2012-ci ili İ.Haydn, N.Paqanini və F.Əmirovun yubiley ili kimi nəzərdə tutmuşuq. Bununla əlaqədar ilin sonunadək adıçəkilən bəstəkarlara həsr olunmuş festival və müsabiqələr keçirəcəyik. Prezidentin sərəncamı ilə 2012-ci ilin noyabr ayında keçirilməsi nəzərdə tutulan F.Əmirovun yubiley tədbirində məktəbimiz də fəal iştirak edəcək. 2013-cü ildə isə böyük öndər Heydər Əliyevin 90 illik yubileyini layiqli şəkildə keçirməyə hazırlaşırıq. Bununla əlaqədar festival, müsabiqə və çoxsaylı tədbirlər nəzərdə tutulub. Ümumilli lider incəsənətə böyük diqqət ayıran şəxsiyyət olmuşdur. Prezident təqaüdünün təsis olunması, “Qızıl kitab”ın yaradılması məhz onun adı ilə bağlıdır. Biz - incəsənət adamları dahi rəhbərin mədəniyyətimizə diqqət və qayğısını heç vaxt unutmarıq.
Söhbətləşdi: Aybəniz Məmmədova, musiqişünas