Qurban İsmayılov: “Hərdən hiss edirsən ki, həyatda oynayırsan və bəzənsə səhnədə həqiqətən yaşayırsan”
   
   Qurban İsmayılov 1960-cı ildə Ağcabədi rayonunda anadan olub. 1975-ci ildə 8-ci sinfi bitirib Bakıya gəlir və texniki peşə məktəbində təhsilini davam etdirir. Bakıya gəlməyinin məqsədi əslində başqa idi. Gələcək aktyoru əyalətdən şəhərə uşaqlıqdan teatra, sənətə olan marağı gətirmişdi. Peşə məktəbində oxuduğu illərdə dram dərnəyinə yazılır. Hərbi xidmətdən sonra da teatra olan marağı ruhunda yaşayırdı. Gənc Tamaşaçılar Teatrında fəhlə kimi çalışmağa başlayır. 1981-ci ildə İncəsənət İnstitutunun kino-dram aktyorluğu fakültəsinə daxil olur.   

   İnstitutun son kursunda “Tədris” teatrında çalışır, rejissor Bəhram Osmanovun tamaşalarında oynayır. Ali təhsil ocağının rəhbərliyinin təklifi ilə həmin teatrda bir müddət fəaliyyət göstərir. İlk aktyorluq təcrübəsini bu teatrın səhnəsində keçir. Bir müddət sonra başqa teatrlara üz tutur. 1987-88-ci illərdə Gənc Tamaşaçılar Teatrında aktyor ştatı olmadığından fəhlə işləyir və gözləyir...
   1989-cu ildə martın 27-də Hüseynağa Atakişiyevin yaratdığı Gənclər Teatrı “Qətl günü” tamaşası ilə sənət aləminə qədəm qoyur. O da tamaşaçılar arasında idi. Zalda oturub səhnə əsərini izlədiyi zaman ağlında bircə fikir vardı: “Bu cür aktyor heyəti ilə birgə çalışmaq!”. Həmin tamaşanın növbəti nümayişində Qurban İsmayılov artıq teatrın səhnəsində idi. Doktor Mahmud rolunun ifası Hüseynağa Atakişiyevin də diqqətini çəkir və o, teatrın ştatlı aktyoru olur.
   Qurban İsmayılov bu gün Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. Bir çox tamaşalarda maraqlı obrazlar yaradıb: “Hamlet”də Hamlet, “Maqbet”də Maqbet, “Leyli və Məcnun”da Füzuli obrazı, “Yaşayan ömür”də Hacı Zeynalabdin Tağıyev, “Romeo və Cülyetta”da keşiş, “Evlənmə”də İvan Kuzmiç və s.
   2012-ci ilin mayında Prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar artist” adına layiq görülüb.
   - Bu gün bəziləri deyir ki, teatr və kino sənətinə tamaşaçı marağı azalıb. Siz bu barədə nə düşünürsünüz? Bu işdə aktyorun məsuliyyəti nə dərəcədədir?
   - Cəmiyyətdə baş verən hadisələr, digər sahələrdə olduğu kimi, mədəniyyətdə də özünü göstərir. Gəncliyim yenidənqurma illərinə düşdü. O vaxt sənət adamlarına çox çətin idi. Mən indiki cavanlara deyirəm ki, sizin üçün çox rahatdır işləmək. Bunun qədrini bilmək lazımdır. Keçid dövrü sənətkarın işinə birbaşa təsir edirdi. Teatrın əsas problemi aktyordan daha çox dramaturgiya idi. Bəzən zəif, bəzən də qeyri-aktual əsərlər səhnələşdirildi. Bu da tamaşaçını teatrdan qaçırtdı. Digər bir səbəb cəmiyyətdə toy mədəniyyətinin daha çox yer almasıdır. Bəzən bir ailə ayda 2-3 toya gedir. Əgər əvvəllər teatra getmək ənənəsi vardısa, indi toy ənənəsi formalaşıb. İnsanların mənəvi qidaya ehtiyacı yaranmalıdır. Dövlətin teatrla bağlı həyata keçirdiyi islahatlar, teatr binalarının təmiri artıq tamaşaçı üçün rahat məkan yaradır. Bu da onları cəlb etməlidir və edir. 10 il əvvələ nisbətən indi tamaşaçı axını da çoxdur. Təbii ki, bu prosesdə dövlət qayğısı, sosial şəbəkələrin rolu da danılmazdır. Məktəbləri, universitetləri də teatrlara cəlb etmək lazımdır. Teatr elit sənətdir, bu bütün dünyada belədir. Sənətin insanların dünyagörüşünün formalaşmasında çox böyük rolu var. Gəlib rahat zalda əyləşib “Hamlet”ə baxırsan. Ən azından əsər haqqında məlumatın olur.
   - Bəzən belə fikir də səslənir ki, bizim aktyorlar süni oynayırlar...
   - Bu fikirlə qəti razı deyiləm. Var istedadlı aktyor, var istedadı az olan aktyor. Ola bilər ki, aktyorun istedadı var, ancaq onu istiqamətləndirən rejissor olmayıb. İncəsənətin bütün növləri zövqə bağlıdır. Əgər bu gün seriallardakı, tamaşalardakı oyunlara süni deyilirsə, ola bilməz ki, onların arasında 3-5 diqqət çəkən aktyor olmasın. Burda aktyor istedadı, yönləndirmə önəm kəsb edir.
   - Filmlərdə çəkilməyə gec başlamısınız...
   - 90-cı illərin əvvəlində rejissor Ələkbər Muradovun “Güllələnmə təxirə salınır” filminə dəvət aldım. Film ekranlara 2000-ci illərin əvvəlində çıxdı. Müharibə gedirdi və filmlərin çəkilməsində bu qədər fasilənin olması təbii idi. Bu, kinoda ilk işim oldu. Lakin kinoda özümü göstərməyim rejissor Eldar Quliyevlə bağlıdır. Onun quruluş verdiyi “Girov” filmində əsas rollardan birini, erməni obrazını - oynadım.
   - Yeri gəlmişkən, hazırda rejissor Eldar Quliyevin lentə aldığı “Dərvişin qeydləri” filminə çəkilirsiniz. Deyəsən, rejissorunuzu tapmısınız. Yeni rolunuz barədə nə deyə bilərsiniz?
   - Kinoda, teatrda bu deyimi çox eşidirəm. Amma aktyor öz rejissorunu tapır fikri ilə razı deyiləm, əslində rejissor aktyoru tapır. Çünki rolu rejissor verir. Eldar Quliyevin yeni filmi tarixi detektiv janrındadır. Mən Abdal Kərim rolunu oynayıram. Qəhrəmanımın müsbət və ya mənfi olması göstərilmir. Tərbiyəçidir. Namusla xana xidmət edir. Xanın oğlunu tərbiyələndirir. Cinayət baş verəndən sonra da özünəməxsus xarakterini nümayiş etdirir.
   - Adətən, daim baş rollarda oynayan aktyorlar sonradan epizodik rollara çəkilmək istəmirlər. Siz buna necə yanaşırsınız?
   - “Girov” filmində əsas rolu oynadım. E.Quliyevin növbəti “İstanbul reysi” filmində isə epizodik bir obrazı canlandırmışam. Oktay Mir-Qasımın “Günyadın, mələyim” filmində də epizodik rolda oynamışam. Lakin burada önəmli olan epizodik rolun necə olmasıdır. Oynadığım rollar epizodik olsalar da, aktyor üçün önəmli sayıla bilən, istedadını ortaya çıxara biləcək obrazlardır. Ona görə də təqdim olunan ssenariyə, rolun yükünə önəm verirəm.
   - Aktyor üçün uğurun sirri nədədir?
   - Mən, sadəcə, işimi görürəm. Üzərimə düşəni edirəm. Daxili ziddiyyəti həll edirəm. Təbii ki, xarici olaraq plastikama görə də obraza uyğun hərəkətlər edirəm. Uğur elə bundadır.
   - Rollarınız həyatınıza təsir edə bilir?
   - Məncə, aktyor bəzən heç özü də bilmir ki, teatr harada bitir, həyat harada başlayır və ya əksinə. Bəzən müəyyən anda hiss edirsən ki, həyatda oynayırsan və bəzən səhnədə hiss edirsən ki, həqiqətən yaşayırsan.
   - Film çəksəydiniz, bu nə haqda olardı və özünüzə hansı rolu həvalə edərdiniz?
   - Mənim film çəkmək, yaxud tamaşa qoymaq iddiam yoxdur. Amma ola bilər dəvət etsinlər ki, tamaşaya bax, fikrini de və ya məsləhət ver. O zaman mütəmadi məşqlərə gedə bilərəm. İstiqamət verə bilərəm.
   - Hər dəfə səhnəyə çıxdıqdan sonra oyununuzu kiminlə müzakirə edirsiniz? Tənqidçiniz varmı?
   - Elə bir insan yoxdur. Ancaq bəzən olur ki, səhnədən yüngül çıxırsan, bəzən isə qəribə narahatlıq olur insanın içində. Hiss edirsən ki, oyun alınmır. Nə isə düz getmir. Bunu tamaşaçı hiss etməyə bilər. Amma aktyor özü dərhal anlayır. Sənətdə olmaq elə də asan deyil. Daxili həyəcan, keçirdiyin hisslər insana təsirsiz ötüşmür.
   - Aktyor nədən ilham alır?
   - Hər şeydən. Ən xırda bir detaldan belə. Bəzən uğurlu roldan o qədər zövq alırsan ki, adama elə gəlir illərin yorğunluğu çıxır candan.
   - Yaş təcrübədir, yoxsa səhvlər toplusu?
   - Məncə, səhvlər toplusu. Amma o səhvlərdən nəticə çıxarmağı bacarmalısan.
   - Sənətçi azadlığı - son illər bu fikir də dəb halını alıb. Nədir bu sənətçi azadlığı?
   - Dram əsərində yazılır ki, iştirak edirlər. Aktyor iştirakçıdır, icraçıdır. Müəllif mənə nə təklif edirsə, mən onu etməliyəm. Onu nə rəngarəng edirəmsə, bu artıq mənim ustalığımdır. Bəlkə də azadlıq budur. Əgər rejissor görsə ki, aktyorun tapıntısı maraqlıdır, ona mane olmayacaq.
   - Son illər dünya teatr və ya kino sənətində diqqətinizi çəkən nədir?
   - Bu ilin yanvarında Birləşmiş Ərəb Əmirliyində monotamaşalar festivalında iştirak etdim. Orada Latviyadan, Almaniyadan və digər ölkələrdən tamaşalar nümayiş olundu. Düzü, qeyri-adi bir şey görmədim. Mənə elə gəlir ki, biz özümüzə həddən artıq tənqidi yanaşırıq. Bunun yaxşı tərəfləri var. Ancaq mənfi tərəfi də odur ki, bəzən özümüzü düzgün qiymətləndirməkdən qorxuruq.
   - Yeri gəlmişkən, həmin festivalda uğurla çıxış etdiniz...
   - Festivalda Bəhram Osmanovun quruluşunda Avstriya dramaturqu Peter Turinin “Bu da axırı” tamaşası ilə iştirak etdik. Təxminən 2 ay ərzində hazırlanmış tamaşa idi. Nümayiş çox uğurlu keçdi. Orda mənə yaxınlaşıb təbrik edəndə təəccüblənirdim. Bu haqda teatrşünas Aydın Talıbzadə geniş yazı yazmışdı. Ona görə deyirəm ki, qorxmaq lazım deyil. Teatrımıza, sənətimizə inanmalıyıq. Teatrlar daha maraqlı tamaşalar səhnələşdirməlidirlər ki, tamaşaçılar gəlsin. Daha maraqlı reklam vasitələrinə əl atmalıyıq. Artıq növbəti mərhələdə rejissorlar, aktyorlar elə iş ortaya qoymalıdırlar ki, tamaşaçı yenidən gəlsin teatra.
   - Bu günün gənc aktyoruna məsləhətiniz.
   - Mən hərdən təəssüf edirəm ki, gəncliyim çətin dövrə təsadüf etdi. Demək olar ki, 10-15 il heç nə etmədik. Ən azından dil öyrənə, xaricə çıxa bilərdik. İndi gənclər üçün hər cür şərait var. Müstəqilliyimiz var. Sənətimiz də sərhədləri aşmağa imkan verir. İstənilən kitab, ədəbiyyat əl altındadır. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bu günlərdə mövsümün açılışında teatrımızdakı çıxışında da bildirdi ki, dil bilən gənclər gəlsinlər, göndərək xaricə, kurs keçməyə, təhsil almağa. Bundan istifadə etməmək artıq itkidir. Gənclər çalışsınlar, həm özləri üçün, həm də sənətimiz üçün.
   - Həyatının müəyyən dövründə insan düşünür ki, dünyaya nə üçün gəlib. Bəs sizin həyat rolunuz hansıdır? Məqsədiniz nədir?
   - Məqsədim odur ki, teatrla aramızda qarşılıqlı xoş münasibət olsun. Mənəvi qida olaq bir-birimizə. 52 yaşım var. Özümü teatra həsr etmişəm. Həyat rolum da teatrdır. Bir arzum da var ki, tamaşaçıların yenicə başlayan teatra axını davamlı olsun. Artıma doğru getsin. İstərdim ki, mən də həmkarlarım da daha çox teatrdan danışaq. Biz özümüzü deyil, teatrı təbliğ etməliyik. Teatrın faydasından danışmalıyıq ki, xalq da teatrı sevsin.
   
   Söhbətləşdi:
   Reyhan İsayeva