Mədəniyyətə xidmətin yeni estetikası
   
   Paytaxtımızın memarlıq simasında xüsusi yeri olan bu məkan həm də ölkənin baş səhnəsi, əsas konsert salonudur. 40 ildir ki, ictimai-siyasi, mədəni-kütləvi tədbirlərə ev sahibliyi edən, Azərbaycan xalqının həyatında önəmli hadisələri, tədbirləri səhnəsindən geniş tamaşaçı kütləsinə çatdıran saray bu gün də qaynar həyatını yaşayır.
   
   Yüksək səviyyəli təmir-bərpadan sonra yenidən qapılarını tamaşaçıların üzünə açan Heydər Əliyev Sarayı 40-cı yaşını zəngin tədbirlərə səhnə açmaqla qeyd edəcək. Mədəniyyət müəssisəsinin fəaliyyətə başladığı gündən burada müxtəlif vəzifələrdə çalışan və 1989-cu ildən ona rəhbərlik edən Əməkdar mədəniyyət işçisi Fərhad Babayev bizimlə söhbətə də sarayın yaranma tarixi ilə başladı:
   - 1960-cı ildə Bakıda geniş ekranlı kinoteatr tikilməsi qərara alındı. Tikintiyə 1962-ci ildə başlandı. Lakin bir müddət sonra iş dayandırıldı. Ümummilli lider Heydər Əliyev respublika rəhbərliyinə gəldiyi ilk günlərdən, bir çox tikinti işləri ilə yanaşı, bu tikinti ilə də maraqlandı və onun başa çatdırılması üçün göstəriş verdi. Beləliklə, sarayın illərlə ləngiyən tikintisi böyük öndərin qayğısı nəticəsində iki ilə başa çatdı və 1972-ci ilin 11 dekabrında təhvil verildi. Dekabrın 14-də saray öz qapılarını tamaşaçıların üzünə açdı. Bu məqsədlə böyük konsert proqramı hazırlanmışdı. Təntənəli mərasim Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Ü.Hacıbəylinin “Koroğlu” operasından uvertüra və Q. Qarayevin «İldırımlı yollarla» baletindən parça ilə açıldı. Konsertdə Dövlət Rəqs Ansamblı, “Qaya” vokal kvarteti, SSRİ-nin xalq artistləri Lütfiyar İmanov, Zeynəb Xanlarova, Aşıq Pənah Pənahov və bir çox tanınmış incəsənət ustaları çıxış etdilər. O gündən 40 il keçsə də, bu gün Azərbaycan incəsənətinin nümayiş olunduğu əsas səhnə məhz bu məkan - Heydər Əliyev Sarayıdır. Bu səhnə bir çox möhtəşəm hadisələrə şahidlik edib. Xalqımızın böyük oğlu, ulu öndərin mədəniyyət sahəsinə olan sonsuz diqqəti və qayğısı hər zaman aydın nəzərə çarpıb. Elə bu səbəbdən də mədəniyyət ocaqları sırasında özünəməxsus yeri olan ölkənin mərkəzi konsert salonu öz qurucusunun - ümummilli lider Heydər Əliyevin adını daşıyır.
   Xatırladım ki, bu möhtəşəm saray özünün ikinci həyatına ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı ilə qədəm qoydu. Onun müvafiq qərarı ilə yüksək səviyyədə əsaslı təmir-bərpa olunan saray ümumilikdə dövlətimizin mədəniyyətə, onun inkişafına göstərdiyi münasibətin bariz nümunəsidir. Bunun nəticəsidir ki, bu gün paytaxt Bakımızın, ölkəmizin rəmzinə çevrilən bu konsert müəssisəsi özünün gözəlliyi və möhtəşəmliyi ilə dünyanın seçilən mədəniyyət məkanlarından birinə çevrilib.
   Bu gün bizim bir çox milli-mədəni dəyərlərimiz - muğam musiqisi, aşıq sənəti UNESCO-nun mədəni irs siyahısında yer alıb. Ölkənin əsas konsert salonu olan Heydər Əliyev Sarayı isə mədəniyyətimizin incisi hesab olunan bu sənət sahələrinin təbliği yönündə hər zaman çalışıb. Mədəniyyət ocağının tarixi yaddaşına nəzər yetirsək, müxtəlif dövlət əhəmiyyətli, beynəlxalq miqyaslı mərasimlərə, eləcə də insanların mədəni istirahətini təmin edən tədbir və konsertlərə ev sahibliyi etdiyini görərik. Məlumdur ki, ulu öndər bu sarayda xalq qarşısında and içərək, Prezident kimi ilk nitqini söyləyib. Onun layiqli davamçısı cənab İlham Əliyev də ölkə başçısı seçilərkən xalqa məhz bu məkandan səslənib. Azərbaycan Respublikasının bir çox dövlət əhəmiyyətli tədbirləri də məhz Heydər Əliyev Sarayının ev sahibliyi ilə reallaşıb.
   - Sarayın 40 yaşını geridə qoyduğunu dediniz. Adətən bu rəqəmi yubiley olaraq qeyd etmirlər...
   - Düzdür, 40 yaş adətən qeyd olunmur. Biz də, yəqin ki, bu ənənəyə sadiq qalarıq. Amma biz hər mövsümə böyük məsuliyyətlə, yüksək səviyyədə hazırlaşırıq. Bu mövsümdə də insanlar sarayın səhnəsindən maraqlı, rəngarəng tədbirlərə tamaşa edəcəklər. Zəngin proqramımız var. Mən sadəcə bir neçə tədbiri sadalamaq istərdim. Rusiyanın görkəmli sənətkarı, məşhur müğənni İosif Kobzon sentyabrın 18-də şəhərimizin qonağı olacaq, Heydər Əliyev Sarayında çıxış edəcək. Oktyabrın 7-də isə dünya şöhrətli sənətkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin 70 illik yubileyi keçiriləcək. Böyük musiqiçini xatırlamaq üçün Rusiyanın bir çox məşhur müğənniləri də bu mərasimdə iştirak edəcək. Bundan başqa, dahi Nizami Gəncəvinin 870 illiyi ilə bağlı böyük tədbir keçiriləcək. Saray bu il ənənəvi Bakı Caz Festivalına ev sahibliyi edəcək. Azərbaycan musiqisinə vurğun olan Rusiya müğənnisi Filip Kirkorovun sarayda solo konsert verməsi planlaşdırılır. Sözsüz ki, bu il qardaş ölkə Türkiyədən də qonaq sənətçilərimiz olacaq. Möhtəşəm performansı ilə hər zaman seçilən meqastar Tarkan bu il də tamaşaçılara gözəl anlar yaşadacaq. Bunlarla yanaşı, ənənəvi olaraq «Bakılı oğlanlar» və «Bu şəhərdə” konsertləri təşkil olunacaq. Xalq artisti Nisə Qasımovanın səhnə fəaliyyətinin 40 illiyi ilə bağlı tədbir, gözəl muğam ifaçısı Mələkxanım Əyyubovanın konserti də burada reallaşacaq.
   - Fərhad müəllim, son illər saray tərəfindən təşkil olunan layihələrdə milli musiqimizin təbliği və bu sahədə gənc istedadların təqdimatı xüsusi nəzərə çarpır. Bu hansı ehtiyacdan yarandı?
   - Şərqin ən qədim musiqi janrlarından olan, xalqımızın mədəniyyətində, mənəvi dünyasında mühüm rol oynayan muğam sənəti daim diqqət mərkəzindədir. Ona görə də Heydər Əliyev Sarayının təşkilatçılığı ilə artıq üç ildir ki, “Gəncləşən muğam” adlı layihəni hazırlayaraq yüksək səviyyədə təqdim edirik. Xalq artisti, professor Mənsum İbrahimovun iştirakı ilə reallaşan layihənin əsas məqsədi gənc muğam ifaçılarının tanınması və təbliğidir. Təbii ki, biz yalnız muğam ifaçılarına deyil, digər sənətçilərə də dəstək oluruq. Aşıq sənətinin layiqli davamçıları da bizim səhnədə öz istedad və bacarıqlarını göstərmək imkanı əldə edirlər. Gənclərə olan diqqətimiz yalnız istedadlı şəxslərə dəstək olmaqdan ibarət deyil. Düşünürəm ki, ali təhsil ocaqlarında təhsil alan sabahın mütəxəssislərini bu gün düzgün istiqamətləndirməyi bacarsaq, normal repertuar siyasəti müəyyənləşdirə bilsək, gənclərin zövqünə uyğun layihələr təqdim etsək, bu, çox yaxın bir zamanda bəhrəsini verəcək. Ona görə də repertuarı müəyyənləşdirərkən daha çox Azərbaycanın milli musiqisi, folklor sənət sahələri ilə yanaşı, müasir mədəniyyətdən də bəhrələnirik. Hər bir yaş təbəqəsinin istəyini nəzərə aldığımız üçün müasir dövrün tələblərinə uyğun musiqi janrlarının təbliği istiqamətində də tədbirlər təşkil edirik. Ümumilikdə bir missiyamız var: hər bir kəsin marağını nəzərə almaqla milli-mənəvi dəyərlərimizi əks etdirərək fəaliyyət göstərmək. Çalışırıq ki, ölkənin mərkəzi konsert salonu olaraq, ölkə əhəmiyyətli və eyni zamanda vətəndaşların istəklərinə uyğun tədbirlərə yer verək. Bir məqamı da deyim ki, istər özümüzün təşkil etdiyimiz tədbirlər, istərsə də dövlət əhəmiyyətli mərasimlər, təşkil olunan konsertlər olsun - hər bir halda işimizə eyni dərəcədə böyük məsuliyyətlə yanaşırıq. Çünki bu sarayın adı onun məsuliyyət yükünü daha da artırır.
   - Əksər müğənnilər üçün etalon sayılan bu səhnədə çıxış etmək üçün ilk olaraq sənət baxımdan nə tələb olunur? Yəqin canlı ifadan savayı başqa meyarlar da var.
   - Biz təsərrüfathesablı müəssisəyik, amma bununla yanaşı haqqını ödəyən, yəni maliyyə şərtlərinə cavab verən hər müğənni bu səhnədə çıxış edə bilməz. Səhnəni etibar etdiyimiz sənətçilər arasında daim müəyyən seçim edirik. Onun səhnə mədəniyyətindən ifasınadək bir çox məqamlara diqqət yetiririk. Tələblərə gəlincə, hər müğənni bu sarayda oxumağı bacarmaz. Baxın, indi çoxları özünə ulduz, məşhur ifaçı deyir. Bizə görə bu, heç də belə deyil. Amma bununla belə biz heç kimin xətrinə dəymədən bütün müraciətlərə baxırıq. Həmin müğənnilərin fəaliyyətini, repertuarını və tamaşaçı auditoriyasını mütləq nəzərdən keçiririk. Lazım gələndə bu və ya digər sənətçiyə nisbətən kiçik zallarda konsert verməsini məsləhət görürük. Eyni zamanda bildiririk ki, əgər tamaşaçı rəğbəti qazanarsa, ifa peşəkarlığı nümayiş etdirərsə, o zaman gələcəkdə bizim səhnədə də çıxış edə bilər.
   - Saray səhnəsində çıxışın ilk tələbi canlı ifadır. Amma hər canlı ifa oxuyan da geniş tamaşaçı auditoriyasına malik olmur.
   - Bizdə istənilən texniki avadanlıq var. Yəni kimsə bu barədə tərəddüd yaşaya bilməz. Qaldı ki, səsə, insanda ya olur, ya da olmur. Fonoqramla tamaşaçını aldatmaq olmaz, ən azı bizim səhnədə. Çünki bura professional səhnədir, burada çıxış edən mütləq canlı ifa və səhnə peşəkarlığına malik olmalıdır.
   - Sarayın səhnəsində müxtəlif musiqi janrlarında konsertlər olur. Bilet satışı, tamaşaçı sayı baxımdan yanaşsaq, son vaxtlar ən çox hansı musiqiyə maraq daha da artıb? Bu kontekstdə tamaşaçı zövqü məsələsinə münasibətiniz necədir?
   - Muğama, milli musiqimizə maraq daha çox artıb və bu, bizi çox sevindirir. Muğamın ifaçılar nəsli ilə yanaşı, dinləyici-tamaşaçı nəsli də dəyişib, gəncləşib. Ümumilikdə isə hər konsertin öz tamaşaçısı var və o, qiymətindən asılı olmayaraq, baxmaq istədiyi konsertə bilet alıb gəlir. Onu da deyim ki, bugünkü musiqi, konsertlər bolluğunda yumora maraq daha çoxdur. İnsanlar gülmək, əylənmək istəyirlər. Ona görə də 8 gün «Bu şəhərdə»nin konsertinə gəlirlər, gülürlər, əylənirlər. Amma elə müğənni də var ki, bir gün bu zalı doldura bilmir. Yəni insanlar görmək istədiklərini görməyə, mənəvi ehtiyaclarını ödəməyə çalışırlar. Buna görə tamaşaçı zövqü məsələsində kimisə qınamaq mənasızdır.
   - Hər kəs seçim edərək konsertlərə gəlir. Siz özünüz necə, hansı konsertləri izləyirsiniz?
   - Mən bütün konsertləri izləyirəm. Afişalara baxmadan da hansı tarixlərdə hansı tədbirin olduğunu sizə deyə bilərəm. Həm tamaşaçını, həm də tədbiri izləyirəm. Çünki bu mənim işimdir və mən hər zaman işimin başındayam. Hamıdan əvvəl gəlib, hamıdan sonra gedirəm. Çünki ortaya çıxa biləcək hər hansı məsələnin həllinə, hər şeyin yüksək səviyyədə təşkilinə ilk növbədə mən cavabdehəm.
   - Amma təbii ki, tamaşaçı kimi zövq aldığınız konsertlər, ifalar da olur?
   - Təbii ki, olur. Ad çəkməyəcəyəm, elə səslər, ifaçılar var ki, onları izləmək sadəcə insanı dincəldir. O zaman mənim də ruhum təzələnir.
   
   Söhbətləşdi:
   Həmidə Nizamiqızı