Fərid Ələkbərli: “Avropa kitabxanalarındakı Şərq əlyazmaları arasında ən çox nümunələr Nizami Gəncəvi ilə bağlıdır”
   
   Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi geniş tədbirlərlə qeyd olunmaqla yanaşı, zəngin irsi də bir daha araşdırılır, tədqiq edilir. Böyük mütəfəkkirin dünyanın müxtəlif məşhur kitabxanalarında saxlanılan, Azərbaycan mədəniyyətinin inciləri hesab edilən əlyazmalarının araşdırılmasında və tərcüməsində Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu mühüm rol oynayır. İnstitutun Tərcümə və informasiya şöbəsinin müdiri Fərid Ələkbərli ilə söhbətimiz bu mövzuda oldu. 

   - Fərid müəllim, Əlyazmalar İnstitutu Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı hansı işləri görür?
   - Nizami Gəncəvi nəinki Azərbaycanın, bütün Şərqin və eləcə də dünyanın ən böyük söz ustadlarından biridir. Ona görə yüz illər boyu onun əsərlərinin əlyazmaları dünyanın müxtəlif ölkələrinə yayılıb. Zaman-zaman Azərbaycana, Yaxın Şərq ölkələrinə səfər edən avropalı alimlər, tədqiqatçılar, səyyahlar Nizaminin əlyazma əsərlərini, kitablarını özləri ilə aparıblar. Bu gün aparıcı Avropa kitabxanalarındakı Şərq əlyazmaları arasında ən çox yayılan və fondlarda, arxivlərdə saxlanılan məhz Nizami Gəncəvi ilə bağlı əlyazmalarıdır. Nizamiyə aid əlyazmalarına Vatikan kitabxanasında da rast gəlmək mümkündür. Məlum olduğu kimi, Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikan Apostol Kitabxanasındakı Azərbaycanla bağlı əlyazmaların bərpası, onların surətlərinin ölkəmizə gətirilməsi istiqamətində mühüm işlər görülür. Bu da bizim qədim mədəniyyətimizin təbliğidir. Bundan başqa, Türkiyədən XVII əsrə aid çox qiymətli əlyazma gətirilib. Londondan Nizaminin XVII əsrə aid nadir əlyazmasının nüsxəsi gətirilib.
   - Dünyanın bir çox ölkəsində Nizaminin indiyədək bizə məlum olmayan əlyazmaları aşkar edilib. Qeyd etdiyiniz kimi, həmin yazılı nümunələr tədqiq olunur. Bu əlyazmalarda hansı yeni məlumatlar, faktlar aşkar edilib?
   - Ümumiyyətlə, Nizaminin irsi haqqında dünyada çox tədqiqat işləri, elmi araşdırmalar aparılır, onun yaradıcılığı ilə bağlı müxtəlif mülahizələr söylənilir. Bu tədqiqatlarda bizim üçün önəmli olan odur ki, Nizami Azərbaycanın dahi şairi və mütəfəkkiri kimi dünya tərəfindən qəbul olunur. Nizami Gəncəvinin əsərləri Azərbaycan tarixi, Azərbaycan coğrafi adları, şəhərləri, tarixi şəxsiyyətləri ilə bağlıdır.
   Hazırda yeni gətirilən əlyazmalar, Nizaminin əsərlərinin indiyədək məlum olmayan mətnləri üzərində tədqiqat işləri aparılır. Daha doğrusu dəqiqləşdirmə işləri gedir. Çünki yeni tapılmış əlyazmalardakı misralar, məlumatlar bir çox başqa əsərlərdə bəzən yoxdur. Hərdən əlyazma əsəri yazılanda orada səhvlərə yol verilir. Ona görə də bütün nüsxələr tutuşdurulmalı və onun əsasında da tərcümə olunmalıdır.
   - Fərid müəllim, Nizaminin əsərlərində həm də miniatürlər mühüm yer tutur. Əlyazmalar İnstitutunda belə nümunələr varmı?
   - Bizim institutda Nizami ilə bağlı çoxsaylı əlyazmaları var. XVI əsrin ortalarına və XVII əsrə aid əlyazmalarda Nizaminin əsərlərinə aid gözəl miniatürlərə rast gəlmək mümkündür. Onlardan biri Məhəmməd ibn Dərviş tərəfindən 1636-cı ildə köçürülmüş əlyazmadır ki, çox gözəl miniatürlərlə bəzədilib. Ümumiyyətlə, Nizami yaradıcılığı Azərbaycan miniatür məktəbinin inkişafına çox böyük təsir göstərib. Və təkcə Azərbaycan deyil, bütün Şərq miqyasında öz izlərini qoyub. Ona görə ki, ən çox miniatür çəkilən əsər məhz Nizaminin “Xəmsə”sidir. Bu miniatürləri çəkən rəssamlar və onların davamçıları sonralar başqa Şərq şəhərlərində məktəblər yaradıblar. Şərq dünyasının müxtəlif ölkələrində, indiki Mərkəzi Asiyada, Buxarada və başqa yerlərdə çəkilmiş bu miniatürlər onu göstərir ki, Nizaminin yaradıcılığı geniş bir coğrafiyada, Yaxın və Orta Asiyada yaşayıb-yaradan rəssamların yaradıcılığına ilham verib. Məsələn, «Sirlər xəzinəsi», «Leyli və Məcnun» əsərlərinə aid çoxlu miniatürlər var. Bunların da öyrənilməsinə və yenidən albom şəklində nəşr edilməsinə böyük ehtiyac var. Hazırda Əlyazmalar İnstitutunda bu sahədə böyük işlər görülür.
   - Bu tədqiqatların nəticələrinin, ümumilikdə Nizami irsinin dünyaya daha geniş şəkildə təqdim olunması həm də mədəniyyətimizin, zəngin tarixi irsimizin təbliği deməkdir...
   - Əlbəttə. Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan insanlar elektron resurslarda bizim zəngin mədəniyyətimizlə tanış olurlar. Bu baxımdan həmin saytlarda, elektron mənbələrdə mədəni irsimizlə bağlı, o cümlədən dahi şairimiz Nizaminin yaradıcılığından bəhs edən materialları zənginləşdirmək vacibdir. Müxtəlif saytlarda Nizaminin əsərlərinə çəkilmiş miniatürlər də təqdim olunmalı, Nizaminin Şərqdə mədəniyyətin və ədəbiyyatın inkişafında böyük xidmətləri qeyd edilməlidir. Biz bilirik ki, Nizamidən sonra Şərqin bir çox tanınmış şairləri onun yaradıcılığından bəhrələnərək əsərlər yazıblar, onun «Xəmsə»sinə bənzətmələr qələmə alıblar. Bu qəbildən olan fars şairləri Cami, Hindistanda yaşayan türk əsilli Əmir Xosrov Dəhləvinin əsərlərini misal göstərə bilərik. Böyük özbək şairi Nəvainin «Xəmsə»si ədəbiyyatın inkişafında çox böyük rol oynadı. O, kitabın müqəddiməsində dönə-dönə yazır ki, bu əsərin yaradılmasında ona Nizami ilham verib və əsər Nizaminin əsərlərinin süjetləri əsasında yazılıb. Özbəkistanda özbək mədəniyyətinin inkişafına böyük təsir edib. Bütün bunlar Nizaminin dahiliyini, onun ümumbəşəri şair və mütəfəkkir olduğunu bir daha təsdiqləyir.
   
   Mehparə