Fidan Nəsirovanı oxuculara Şərq incəsənətinin vurğunu kimi təqdim etmək daha doğru olardı. Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi II Respublika dekorativ-tətbiqi sənət festivalının Bakı şəhəri üzrə təşkil olunan sərgisində onun əl işləri xüsusilə fərqlənirdi. Ərsəyə gətirdiyi işlər, ikebana sənəti barədə ziyarətçilərin suallarını həvəslə cavablandırırdı. Biz də Fidan Nəsirovanı oxuculara tanıtmaq üçün ona bir neçə sualla müraciət etdik.
   
   - Uşaqlıqdan Şərq fəlsəfəsinə, incəsənətinə maraq göstərmişəm. Hazırda AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda çalışıram. İkebana sənəti ilə məşğul olmağa əvvəllər hobbi kimi baxmışam. Gül-çiçəklərdən kompozisiyalar hazırlamaq mənə xüsusi zövq verirdi. Artıq beş ildir ki, elmi fəaliyyətimlə bərabər, bu sənətlə də məşğulam. 500 ildən artıq yaşı olan ikebana təbiət və bəşəriyyətin bir araya gətirdiyi harmonik bir sənətdir. Əsasən gül və digər bitkilərin kompozisiyalarının hazırlanması ilə xarakterizə olunan bu sənətin vətəni Yaponiya hesab edilir. Çində və başqa Şərq ölkələrində də bu sənət geniş yayılıb. İkebanalar vaxtilə dini məbədlərin bəzədilməsi üçün hazırlanıb. XV əsrin sonlarından isə ayrıca bir sənət formasına çevrilib.
   - Təbiət özü də bir kompozisiyadır və yaradılan hər nə varsa gözəldir. Məsələyə bu prizmadan yanaşsaq, ikebanaların hazırlanması nəyi ifadə edir?
   - İkebanalar floristlərə və bu sənətlə məşğul olanlara, yaradılanı fərqli bir şəkildə nümayiş etdirməyə imkan verir. Məsələn, ağac budaqları quruyur, güllər solur, yosunlar müəyyən zaman və şəraitdə məhv olur - bütün bunlar ilk baxışda tullantı kimi görünür. Amma ikebanist üçün onların hər biri gözəllikdir. Qurumuş budaqlardan, solmuş güllərdən, müxtəlif bitkilərdən incəsənət nümunəsi hazırlamaq böyük zövq verir. Bu özlüyündə xoş əhval-ruhiyyə yaradır. İkebana bir növ təbiətdə gözəlliklərin heçdən yaranmadığı və heç bir gözəlliyin itmədiyi mesajını verir. İkebana hazırlanmasında kağız, ipək lentlər, daş və digər süni bəzək elementlərindən qismən istifadə olunur. O həm də müəyyən məna daşıyır və hədiyyə olunacaq insana münasibəti bildirir.
   - Əl işlərinizdə daha çox nəyi çatdırmaq istəmisiniz?
   - Allah ən böyük Yaradandır. Təbiətdə heç nə itmir, bizim “soldu, qurudu, çürüdü” - deyə düşündüklərimiz əslində bir şəkildən başqa şəklə dəyişir. Necə ki, fizikada enerjinin itməməsi qanunu var, ikebanada da gözəlliyin itməməsi fəlsəfəsi var, yəni gözəllik başqa bir gözəlliyə çevrilir. Əl işlərimdə göstərmək istəmişəm ki, həyat davam edir. Balaca bir toxumdan gül yaranır, güllər təbiətin şıltaqlığıdır. Gözümüzü oxşasa da, solandan sonra atırıq. Əslində atılan gül baxımlı incəsənət əsərinə çevrilə bilir. İkebanistlər əsasən güllərlə işləyirlər. Solandan sonra güldə başqa bir gözəllik olur. Onu göstərməyə çalışmışam. Əslində qurumuş güllər indi zibil qutusunda olmalı və ya torpaqda çürüməli idi. Amma bu gün insanlar onları sərgilərdə görürlər, zövq alırlar. Bu sənətin fəlsəfəsi budur.
   - İkebana hazırlayarkən kimyəvi maddələrdən istifadə olunurmu?
   - Nadir hallarda qurumuş gül ləçəklərinin uzun müddət qalması üçün laklardan istifadə edirəm. Materiala gəldikdə isə, floranın hər bir hissəsi, ağaclar, budaqlar, saçaqlar, kollar, yosunlar, meyvələr, onların tumları və s. istifadə etmək olar. Hətta pomidorların qurumuş kökləri belə gözəl sənət əsərinə çevrilə bilir. 70-dən artıq əl işim var. Çalışmışam ki, təbiətin yaratdıqlarına çox az müdaxilə etməklə kompozisiyalar hazırlayım. İkebana ilə məşğul olan insan botanika ilə bağlı məlumatlı olmalı, təbiəti sevməlidir. Məsələn, saçaqlı kök mil kökə nisbətən ikebana üçün daha gözəl materialdır. Fikus ədabaz bitkidir. Quruyanda özü istədiyi vəziyyəti alır. Bu kimi amilləri mütləq nəzərə almalısan.
   - Sizi həm də həvəskar rəssam və kolleksiyaçı kimi də tanıyırlar...
   - II Respublika dekorativ-tətbiqi sənət festivalı çərçivəsində açılan sərgidə rəsm əsərlərim də nümayiş olunurdu. İlk dəfədir ki, bu festivalda iştirak edirəm. Açığı, hazırladığım ikebana və rəsmlərin bu qədər diqqət çəkəcəyini gözləmirdim. Kolleksiyaçı kimi isə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin keçirdiyi tədbirlərə vaxtaşırı qatılıram. Kolleksiyamda qədim mis qazanlar, samovarlar və digər məişət əşyaları var. Hər birini evimdə qoruyub saxlayıram. İmkan düşən kimi nümayiş etdirirəm. Çünki onlar Azərbaycanın qədim mədəniyyətini, məişətini əks etdirir.
   
   Ceyhun Zərbəliyev