Ruslan Məmmədov: “Hər bir tələbə müəllimdən öyrənib öz üslubunu seçməlidir”
   
   Ruslan Məmmədov 15 ildir ki, fotoqrafiya ilə məşğuldur, bu sənətinin incəliklərini araşdırır, öyrənir. 1980-ci ildə Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra Dağıstan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Fotoya marağı isə uşaqlıqdan başlayıb. Əlinə ilk fotoaparat alanda 9 yaşı var idi. Lakin o zaman fotoqrafiya onun üçün hobbidən başqa bir şey deyildi. Bir təsadüf onu bu sənətə gətirir. 17 yaşında fotostudiyaların birinin laboratoriyasında işləməyə başlayır. 5 il sonra artıq fotostudiyaya rəhbərlik edirdi. Beləliklə, foto sənətinə bağlanır.
   
   - Fotoya olan sevgi məni bu sənətə gətirdi. Bir kadrda bəzən o qədər çox şey olur ki, həm düşünürsən, həm də gözəllikdən zövq alırsan. Həm də bu işdə yaradıcılıq üçün stimullar çoxdur. Bir sözlə, özümü bu sənətdə tapdım.
   - Hüquq üzrə ali təhsil və fotoqrafiya - bunları bir araya necə gətirdiniz?
   - Mən ali təhsilimi iş həyatıma başladıqdan sonra almışam. Öncədən düşünmürdüm ki, foto peşəmə çevriləcək. Lakin sonra həyat belə gətirdi. Amma mən buna sevinirəm.
   - Bu sənətdə müəllimləriniz olubmu?
   - Məşhur fotoqraflar Rafiq Bağırovu, Fərid Xayrulini özümə müəllim hesab edirəm. Onlardan öyrənmişəm və öyrənəcəyəm. Fotoda daha parlaq rənglərə üstünlük vermək, memarlığa olan marağı da onlardan əxz etmişəm. Ancaq hər zaman öz yolumun olmasına üstünlük verirəm. Məncə, hər bir tələbə müəllimdən öyrənib öz üslubunu seçməlidir.
   - Bəs fotoqraf kimi hansı janra üstünlük verirsiniz?
   - Ən sevimli janrım sferik panoramadır. Hazırda az adam bu janra üstünlük verir. Bu elə bir janrdır ki, təxminən 40-50 foto çəkilir. Hər hissə ayrıca çəkilir, yanaşı qoyulur və birləşdirilir. Daha sonra isə kadrı çevirərək bir dairədə birləşdiririk. Həmçinin uşaqları çəkməyi çox xoşlayıram. Onlar daim hərəkətdədir, hərəkət və davranışlarında çoxlu emosional məqamlar olur: gah ağlayırlar, gah gülürlər. Onlarla işləmək çətin olduğu qədər də zövq vericidir. Əsas odur ki, nəticədə maraqlı fotolar alınır.
   - Təxminən 15 ildir foto sənətindəsiniz. Yəqin fotoaparatınız çox olub...
   - “Zenit” markalı, plyonkalı fotoaparatlardan başlamış indiki müasir markalara qədər işlətmişəm. Təbii ki, ən dəyərli fotoaparat ilk fotoaparat olur. Daha sonra fotoaparatın sayı artır və yadda da qalmır. Müasir zamanda isə modellər tez-tez yenilənir...
   - Bəs professional olaraq hansı markaya üstünlük verirsiniz?
   - “Nikon” markası mənim üçün professionallığa daha yaxındır. Başqa markaya keçsəm belə, sonda “Nikon”a qayıtmışam.
   - Sizin üçün fotoda önəmli olan nədir?
   - Mənim üçün fotonun cəlbedici olması çox mühümdür. İnsan fotoya baxdıqda düşünməlidir. Fotoya baxıb axtarmalısan və müəllifin demək istədiyini tapmalısan. Bu zaman əsl sənətdən söhbət gedə bilər. O zaman fotoqraf da işindən razı qalır, tamaşaçı da məmnun olur. Hər hansı kadrı görmək, fotoaparatın yaddaşına köçürüb insanlara təqdim etmək yəqin ki, əsl sənət adlanır.
   - Hazırda işlətdiyiniz fotostudiya haqqında da məlumat verin.
   - “Photo Art Studio”da müxtəlif çəkilişlər həyata keçirik. Şəraitimiz də maraqlı layihələr həyata keçirməyə imkan verir. Bundan əlavə, AMEA-nın Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində fotoqraf kimi çalışıram. Fotoreportajlar edirəm.
   Foto işi biznes olduğu qədər də sənətdir, özü də incə sənət.
   - Pedaqoji fəaliyyətlə də məşğulsunuz...
   - XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində foto dərnəyində dərs verirəm. Çox maraqlı işdir. Çünki belə dərnəklər indi demək olar ki, yoxdur. Ötən il məktəbin III-VIII sinif uşaqlarının foto sərgisi keçirildi. Milli Dram Teatrında keçirilən sərgidə şagirdlərimin çəkdiyi fotolar sərgilənirdi. Belə bir sərgini yenidən keçirmək niyyətindəyik. Hazırda siniflər üzrə 7 qrup fəaliyyət göstərir. Hər bir şagirdin öz fotoaparatı var, çəkmək üçün, işıq qurmaq üçün kiçik pavilyonumuz da var. Bundan başqa açıq havada çəkilişlər edirik. Bu peşəni gənc nəslə öyrətmək bizim borcumuzdur. Nə qədər çox istedadlı gənclərimiz olsa, bir o qədər yaxşıdır. Mən də bu istiqamətdə əlimdən gələni edirəm.
   - Sərgiləriniz olubmu?
   - Fərdi sərgim olmayıb, amma daim keçirilən sərgilərdə iştirak edirəm. Həmçinin müxtəlif müsabiqələrə qatılıram. 2009-cu ildə Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin keçirdiyi “Qeyri-adi süjet” müsabiqəsində birinci yerə layiq görüldüm. 2011-ci ildə “Qədim şəhər gənc fotoqrafların gözü ilə” adlı müsabiqədə qalib oldum. Müsabiqəyə təqdim etdiyim “Əks” adlı fotoda “İçərişəhər” metrosunun şüşələrində qala divarlarının əksi yer alırdı. Bu da köhnə və yeni şəhərin sintezi təəssüratı yaradırdı. Foto şəhərimizin zəngin memarlığını əks etdirirdi və münsiflər tərəfindən yüksək qiymətləndirildi.
   - Ən sevimli fotonuz hansıdır?
   - Sevdiyim fotolarım çoxdur. Memarlığı əks etdirən fotolarımı daha çox bəyənirəm. Sferik panorama janrında çəkdiyim fotoları qeyd edə bilərəm. Bir neçə hissəni birləşdirən bu fotolar arasında - Xan sarayı, Qala muzeyindəki qüllə, A.S.Puşkin adına park və digərlərini sadalaya bilərəm. Ən sevimli fotolarımdan adını çəkdiyim “Əks” adlı işi göstərə bilərəm. Azərbaycan foto üçün unikal yerdir. Bura gələn xarici fotoqraflar bir dəqiqə belə boş dayanmırlar. Çox gəzib, çox çəkirlər.
    - Siz necə, səyahət etməyi xoşlayırsınız?
   - MDB ölkələrinin çoxunda olmuşam. İmkan düşən kimi harasa gedirəm. Fərq etməz, ölkə daxilində və ya xaricə. Fotoqraf üçün yeni məkan yaradıcı axtarış baxımından çox vacibdir. Nəsə tapırsan, maraqlı kadrlar görə bilirsən.
   
   Söhbətləşdi: Reyhan İsayeva