“İnsanların həyatı dəyişdikcə, yaxşılaşdıqca teatra həvəs də artır, itirilmiş zövq bərpa olunur”
2012-ci il ölkəmizin teatr sahəsində zəngin, maraqlı hadisələrlə yaddaqalan bir il oldu. Dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin 200 illiyi münasibətilə milli teatr festivalı, II Bakı Beynəlxalq Teatr Konfransı, teatrlarımızın müxtəlif beynəlxalq festivallarda iştirakı, gənclərin respublika teatr festivalı və s.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, rejissor, Xalq artisti Azər Paşa Nemətovla söhbətimizdə ilin teatr prosesinə qısa nəzər salmağa çalışdıq. Müsahibimiz rəhbərlik etdiyi ittifaqın gördüyü işlərdən də danışdı.
- Azər Paşa müəllim, noyabr ayında keçirilən II Bakı Beynəlxalq Teatr Konfransında əcnəbi rejissorların narahatlıq, böhran notları olan çıxışları içində sizin çıxışınız pozitivliyi, optimizmi ilə seçildi. Bu pozitivliyi nədə görürsünüz?
- Sizə bu pozitivliyin səbəbini deyim. Bizim cəmiyyətdə belə bir fikir var ki, guya bütün dünyada teatr elə səviyyədədir ki, elə şedevrlər yaradır ki, biz geri qalırıq. Qətiyyən elə deyil. Əlbəttə, yaxşı və pis tamaşalarımız var. Əvvəl informasiya az idi, indi informasiya mənbələri artıb və baxıb görürük dünyada nə var, nə yox. Sadəcə olaraq bizdə qəribə tendensiya var. Teatrdan söz düşən kimi deyirlər ki, teatrımız yaxşı vəziyyətdə deyil, islahatlara ehtiyac var, tamaşaçı gəlmir, təchizat zəifdir və s. Şükür Allaha, teatr binaları təmir olunur, təchizat yaxşılaşıb. Teatrın maddi-texniki bazası möhkəmlənib. Belə baxanda, çox pozitiv vəziyyətdir. Mən o tənqidlərlə razı deyiləm. Bu yaxınlarda gənclərin respublika teatr forumu oldu, mən orada çıxışımda da bunları dedim. Tənqid edənlər teatra getməyən adamlardır. Soruşanda məlum olur ki, teatra getmir, amma narazıdır. Doğrudur, 20 il əvvəl çox çətin idi. İnsanların həyatı dəyişdikcə, yaxşılaşdıqca teatra həvəs də artır. İndi itirilmiş zövq bərpa olunur. İtirilmiş tamaşaçı teatra qayıdır.
- Bu il teatr həyatı üçün qaynar il oldu. Festivallar, beynəlxalq teatr konfransı, gənclərin teatr forumu...
- Mən bu tədbirlərə bir az praqmatik yanaşıram. Yəqin ki, bu mənim rejissor sənətimlə bağlıdır. O tədbirlər, bu qaynar teatr həyatı ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının icrası ilə bağlıdır. Proqram hazırlanarkən Teatr Xadimləri İttifaqı da müəyyən təkliflər vermişdi. Bütün konfranslar, festivallar, forumlar bu proqramın sayəsindədir. I və II Beynəlxalq Bakı Teatr Konfransını xüsusi qeyd etmək istəyirəm. Bu konfransların çox böyük rolu oldu. Dünya teatr ictimaiyyətinin Azərbaycanı və Bakını tanımağına ehtiyacımız var idi. Dövlət Proqramına daxil olan, həyata keçən hər bir bənd öz töhfəsini verəcək. Mən hesab edirəm ki, məsələn, beynəlxalq teatr konfransı öz missiyasını başa vurub, artıq yeni bir layihə fikirləşmək lazımdır. Məsələn, dünyada belə bir festival var - Millətlərarası Teatr Festivalı. Son dərəcə maraqlı festivallardan biridir. Festivalın proqramına dünyanın ən yaxşı tamaşaları salınır. Hər iki ildən bir o festival hanısısa ölkədə keçirilir. Mən arzu edirəm ki, o festival Bakıda keçirilsin. Onun keçirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyi və Teatr Xadimləri İttifaqı birgə çalışa bilər. Bir az bu layihənin maliyyə məsələsi var. Bizim teatrlarımızın texniki təchizatı buna imkan verir: binalarımız gözəldir, təmirlidir. Dünya standartlı texnika var. Elə bilirəm ki, bu sürətlə ki inkişaf edirik, dünya teatrlarındakı ən müasir texnika da bizdə olacaq. Bu baxımdan yaxşı günlərimiz irəlidədir.
- Teatr Xadimləri İttifaqı bu il üçün nəzərdə tutduğu işlərdən hansıları gördü? Gələn ilə nə planlaşdırırsınız?
- Biz iki il əvvəl “Gənc Rejissorların Laboratoriyası”nı yaratmışdıq. Bu həm də teatr proqramına daxil idi. Burada iki tamaşa hazırlandı. Ora ayrı-ayrı teatrların gənc aktyorları toplandı. Tamaşalardan biri Milli Dram Teatrı ilə müştərək layihə olan «On ikinci gecə» tamaşası idi. Dramaturgiya ilə bağlı «Axundzadə dərsləri» də layihə kimi iki il bundan əvvəl başlayıb. Bu il Axundzadənin 200 illiyi keçirildi və həmin layihə çox yerinə düşdü. Bilirsiniz, bizdə dramaturgiya axsayan sahədir. Yeni, gənc dramaturqlar hazırlamalıyıq. Yaşlı nəsil var, amma gənclərdən yazan yoxdur. “Axundzadə dərsləri» məhz buna görə vacibdir.
Biz gələcəyi düşünməliyik. Mən öz təkliflərimdə də həmişə bunu irəli sürmüşəm. Gələcək gənclərlə bağlıdır. Gənc rejissorları təhsilini təkmilləşdirmək üçün xaricə kurslara göndərdik. Bu gəncləri seçmək asan olmurdu. Dil faktoru vardı - hər hansı bir xarici dili bilməli idilər. Bu kurslar gənc rejissorlar üçün səmərəli oldu. Məncə, bunu illərlə təkrarlamaq lazımdır.
Teatrşünasları teatra aktiv cəlb etmək üçün onların məqalələrini oxuyub müzakirələr etmişik. O məqalələrin içindən komissiyamız bəzi yaxşı məqalələri seçib, Teatr Xadimləri İttifaqının idarə heyəti bu yazılara baxıb, tərcüməyə göndərmişik. Tərcümə olunmuş məqalələri isə Beynəlxalq Teatr Konfederasiyasına təqdim etmişik. Onların seçdiyi bir neçə müəllif beynəlxalq forumlara çağırılıb. Bu il Kişineuda keçirilən gənclərin beynəlxalq teatr forumunda bizim teatrşünasların iştirak etməsi bu proseslərin nəticəsi idi. Forumda gənc teatrşünaslardan Elçin Cəfərov, Aygün Süleymanova, gənc dramaturqlardan Şəbnəm Xeyrulla, İsmayıl İmanov iştirak edirdi. Gənc dramaturqlar Natella Osmanlı və İsmayıl İmanovun birgə yazdıqları «Lift» pyesi forumda oxunub müzakirə olundu. Hətta o müzakirələrin rəhbəri - Moskva Bədaye Teatrının direktoru teatrlarının nəzdindəki studiyada bu pyesi tamaşaya hazırlayacaqlarını da söylədi. Bu yaxınlarda Gürcüstanda yenə gənclərin teatr forumu keçirildi. Bizim gənc dramaturqumuz İsmayıl İmanov da orada iştirak edirdi və məlum oldu ki, həmin «Lift» əsərini ingilis və gürcü dilinə çevirib Gürcüstanda tamaşaya qoymaq istəyirlər.
Baxın, bizim «Axundzadə dərsləri»nin nə qədər böyük səmərəsi oldu. Bu layihəni davam etdirmək istəyirik. Zaman göstərir ki, biz düz yoldayıq. Bu yaxınlarda bizim idarə heyətinin iclası keçirildi. İclasda təklif olundu ki, rejissor klubu təşkil olunsun. Gələn il “Axundzadə dərsləri”nin daha bir nəticəsi olacaq - gənc dramaturqların seçilmiş pyeslər toplusu ittifaq tərəfindən nəşr olunacaq. Bizim qazancımız o əsərlərin oxunmağı və tamaşaya qoyulmasıdır.
“Teatr antologiyası” hazırlanır və bizim ittifaq da öz rəyini yazıb. Teatr xadimlərinin xatirə günləri keçirilir. Çalışırıq ki, həyatını teatra həsr etmiş, fəxri adı olmayan sənət adamlarını unutmayaq, onlar üçün tədbirlər təşkil edək. Məsələn, bu yaxınlarda mərhum aktyor Elxan Qurbanova həsr olunmuş bir tədbir keçirdik. O, istedadlı bir aktyor idi. «Romeo və Cülyetta» tamaşasından əvvəl qrim otağında tamaşaya hazırlanarkən dünyasını dəyişmişdi. Biz belə insanları unutmamalıyıq.
Gələn ilin mayında görkəmli aktyor, qiraət ustası Müxlis Cənizadəyə həsr olunmuş tədbir keçirməyi düşünürük. Oktyabrda isə «2+1» eksperimental teatr festivalını təşkil etmək istəyirik. Planlarımız çoxdur...
- Teatr Xadimləri İttifaqının təsis etdiyi «Qızıl dərviş» mükafatının təqdim olunması dayandırılıbmı?
- Xeyr, sadəcə, müəyyən vaxt lazımdır ki, yaxşı tamaşalar hazırlansın və o tamaşaya biz mükafatlar verək. Mən hesab edirəm ki, bu mükafata layiq böyük, gözəl tamaşamız hələ yoxdur. Həm də teatr sahəsində başqa mükafatlar verilir. Pul mükafatları da var. «Qızıl dərviş» isə peşəkar, yaradıcı təşkilatın verdiyi mükafatdır.
Aliyə