Gənc rejissor Mikayıl Mikayılov “Şah və Şair” tamaşasının uğur qazanacağına inanır
   
   Son illər Akademik Milli Dram Teatrında gənc rejissorlara geniş yaradıcılıq imkanları yaradılır. Mikayıl Mikayılov da ölkənin baş teatrında iki tamaşaya quruluş vermək şansı qazanıb. Ötən il gürcü dramaturqu Avksenti Saqarelinin “Xanuma” pyesi ilə Milli Dram Teatrında debüt edən rejissor bu yaxınlarda tanınmış yazıçı-dramaturq Kamal Abdullanın “Hamı səni sevənlər burdadır” əsəri əsasında hazırladığı “Şah və Şair” tamaşasını teatr ictimaiyyətinin mühakiməsinə verib.
   
   - “Şah və Şair” tamaşasının premyerası anşlaqla keçdi. Bir tamaşaçı kimi belə başa düşdüm ki, Şahın eyni zamanda Şair ola biləcəyini mümkünsüz hesab edirsiniz...
   - Əslində məsələni konkret belə qoymuruq. Ortada bir sual var - Şah və Şair bir yerdə ola bilirmi? Bu suala cavab tapılmalıdır. Puşkin “Motsart və Salyeri” əsərində yazırdı ki, dahilik və canilik bir araya sığmayan məfhumlardır. Dahilərin həyatı, yaradıcılığı ilə maraqlanırıq, əsərlərini oxuyuruq. Bəzən bizə elə gəlir ki, həmin insan haqqında hər şeyi bilirik. Amma dahilərin bizə məlum olmayan, bilmədiyimiz tərəfləri çoxdur.
   - Bugünkü tamaşaçı xəyali oyun üslubunda qoyulan “Şah və Şair” kimi səhnə əsərini qəbul etməyə hazırdırmı?
   - Hesab edirəm ki, hazırdır. “Şah və Şair” tamaşasının uğur qazanacağına məndə böyük əminlik var. Tamaşaçıların bu əsərə maraqla baxacaqlarına inanıram. Bəzən elə fikirləşirlər ki, bizim tamaşaçı ancaq komediyaya baxmağı xoşlayır. Bu o qədər də doğru yanaşma deyil. Müxtəlif zövqlü insanlar var. Teatr da müxtəlif zövqlü insanların marağını təmin etməyi bacarmalıdır. Biz restorana gedəndə ilk növbədə təklif olunan menyuya baxır, xoşladığımız yeməyi sifariş veririk. Teatrda da çeşid bol olmalıdır ki, tamaşaçı öz zövqünə uyğun tamaşanı seçmək imkanı qazansın.
   - “Şah və Şair”də Gənc Tamaşaçılar, “Yuğ” və Sumqayıt Musiqili Dram teatrlarından aktyorları bir səhnədə gördük. Özü də hər aktyoru bir neçə rolda...
   - “Yuğ” Teatrından dəvət etdiyimiz Vidadi Həsənov Professor, Hüseyn bəy Lələ və Şahın Lələsi obrazlarını yaradır. Sumqayıt teatrından dəvət olunan Oqtay Mehdiyev bundan öncə Milli Dram Teatrının səhnəsində Napoleon kimi mürəkkəb obrazla debüt edib. Oqtay bizim tamaşada Usta, Rəhim yüzbaşı, Fərraşbaşı Səfiyar rollarındadır. Hikmət Rəhimov “Yuğ”dan tanınsa da, Akademik Milli Dram Teatrında da maraqlı rollar oynayıb. “Şah və Şair”də isə onu II Aspirant, Xızır və Şahın bənzəri kimi görürük. Əsərdə I Aspirantı və Şah İsmayılı yaradan Elşən Rüstəmov da son vaxtlar bu teatrın səhnəsində müxtəlif rollar oynayıb. Belə bir aktyor heyəti ilə və fərqli bir janrda çalışmaq maraqlı idi. Elə bilirəm ki, aktyorların özlərinə də maraqlı gəldi. Hamımız birlikdə özümüz üçün yeni üfüqlər kəşf etdik.
   - Tamaşa üzərində yaradıcılıq işi apararkən müəlliflə münasibətləri necə qururdunuz? Kamal Abdullanın bu prosesdə mövqeyi necə idi?
   - Teatr təkcə sözdən yox, həm də əməldən, hərəkətdən ibarətdir. Tamaşaya quruluş verən rejissor səhnədə hər sözün arxasında hansı hərəkətin durduğunu düşünür. Kamal Abdulla teatr qayda-qanunlarını yaxşı bilən müəlliflərdəndir. Ona görə də yaradıcılıq prosesində mənim quruluşçu rejissor kimi düşüncələrimi, yanaşmamı qəbul edirdi. Müəyyən məsələlərdə mübahisələrimiz də olurdu. Yaradıcılıq prosesi elədir ki, sən gərək öz fikrini sübut etməyi bacarasan. Mən də arqumentlərimi deyirdim. Hər halda, Kamal Abdulla kimi istedadlı bir müəlliflə çalışmaq çox maraqlı idi.
   - Ötən il Qazaxıstanın Karaqanda şəhərində tamaşa hazırlamışdınız. Eşitdik, yenə səfərə gedirsiniz...
   - Karaqanda teatrında quruluş verdiyim Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası bu yaxınlarda Antalyada beynəlxalq festivalda uğurla nümayiş olunub. İndi isə bu əsərə quruluş vermək üçün Rusiyanın Tümen vilayətinə dəvət olunmuşam. Tümen teatrı milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin yaradıcılığına müraciət edib. Son illər Azərbaycan dramaturqlarının əsərləri müxtəlif ölkələrin teatrlarında səhnəyə qoyulur. Əvvəllər biz əcnəbi rejissorlar dəvət edirdiksə, indi bizim rejissorlar xaricdə tamaşa hazırlamağa dəvət olunur. Bu, çox faydalı prosesdir və önəmli bir məsələdir. Ədəbiyyatımızı, mədəniyyətimizi və teatrımızı başqa dövlətlərdə təbliğ etmək imkanı qazanmışam. Bu fürsətdən uğurla istifadə etməyə çalışacağam.
   
   Etibar Cəbrayıloğlu