Punit Tandon: “Hər bir hotel öz xətti ilə ölkəyə turist cəlb edir, onun tanınmasına yardımçı olur”
   
   Ölkəmizdə fəaliyyət göstərən brend hotellər şəbəkəsinin baş menecerləri ilə müsahibələr silsiləsindən növbəti həmsöhbətimiz “Hyatt Regency Baku” hotelinin baş meneceri Punit Tandondur. Müsahibimizdən əvvəlcə özü barədə məlumat verməsini xahiş etdik:
   
   - Hindistanlıyam. Ailəliyəm, bir qızım, bir oğlum var. Bütün ailəmizlə buradayıq və Bakıda olmağımızdan da olduqca məmnunuq. Övladlarım burada təhsil alır. Şəxsən mənim üçün fəaliyyət göstərdiyim ölkələrdə əsas iki məsələ vacibdir - övladlarım üçün yaxşı təhsil və hamımız üçün yüksək səviyyəli səhiyyə xidməti. Bunlar olduqda istənilən ölkədə yaşayıb-işləmək o qədər də çətin olmur. Övladlarım, həyat yoldaşım burada özlərini doğma evdəki kimi hiss edirlər. İş həyatıma gəldikdə, artıq 25 ildir ki, hotel biznesindəyəm. Turizm mənə dünyanı gəzmək imkanı yaratdı, işlədiyim ölkələrin bir parçasına çevrildim, həmin ölkələrin mədəniyyətini, həyat tərzini yaşadım, müxtəlif təcrübələr qazandım. Hindistanda, Misirdə çalışmışam. Fəaliyyətimin daha böyük hissəsi isə keçmiş Sovet İttifaqı ölkələri ilə bağlıdır. Qırğızıstanda, Tacikistanda, Qazaxıstanda çalışmışam. Hazırda, Azərbaycan da daxil olmaqla, bu ölkələrdə fəaliyyət göstərən “Hyatt Regency” hotellər şəbəkəsinin bölgə direktoruyam.
   - Azərbaycanda işləməklə bağlı təklif aldığınızda ilk təəssüratlarınız necə oldu?
   - Bakıya ilk dəfə 2006-cı ildə gəldim. Burada 6-7 ay çalışdıqdan sonra Bişkekə getdim və bir də 2009-cu ilin yayında qayıtdım. Ölkənizdə işləməklə bağlı ilk təklifi alanda, etiraf etməliyəm ki, Bakı, Azərbaycan haqqında elə bir məlumatım yox idi. İnternetdə isə ən müxtəlif informasiyalara rast gəlmək olur. Qərara gəldim ki, Bakıya gəlim və real vəziyyətlə tanış olum. 2006-cı ildə Bakı simasını dəyişməyə başlamışdı, keçmiş sovet şəhərlərinə bənzəmirdi. Burada böyük turizm potensialının olduğunu gördüm, insanların qonaqpərvərliyi, hind mədəniyyəti ilə yaxınlıq məni özünə çəkdi. Burada yaşayıb-işləyə biləcəyim qənaətinə gəldim. Dediyim kimi, 6-7 ay çalışdıqdan sonra Bişkekə getdim və 2009-cu ildən Bakıdayam. Ötən müddətdə Bakıda inanılmaz dəyişikliklər olub, sürətli inkişaf, yeni tikililər, müasir dəbdəbəli hotellər şəhərin simasını dəyişib. Bundan əlavə, burada yaşadığımız müddətdə Hindistanla Azərbaycan arasında dil, mədəniyyət baxımından yaxınlığın olduğunu müşahidə etdim. Həyat yoldaşım hind və Azərbaycan dilində deyilişi və mənası eyni olan sözlərdən ibarət kitabça yaradıb. Mən həmin sözlərə baxanda təəccübümü gizlədə bilmədim. Bu da tarixdən, “İpək Yolu”ndan gələn bir yaxınlıqdır, məncə. Bizdə də “dünya”, “hava”, “karvansaray”, “kürsü” sözləri var və sizin dilinizdəki eyni mənanı ifadə edir. Atəşgah məbədində yazılı skirptlərin eynisi Hindistanda da mövcuddur. Zərdüştlük isə Hindistanının şimalında hələ də mövcudluğunu qoruyub saxlamaqdadır. Bütün bunlar ölkələrimiz, mədəniyyətimiz arasında yaxınlığın olmasını göstərir.
   - Bilirsiniz ki, Azərbaycan kimi ölkələrdə turizm mövsümü əsas etibarı ilə yay fəslindən ibarətdir. “Hyatt Regency” hoteli olaraq yeni mövsümə necə hazırlaşmısınız? Qonaqlar üçün hansısa proqramlar, turizm marşrutları nəzərdə tutulubmu?
   - Bu il üçün xüsusi bir hazırlıq görməmişik, əvvəlki illərdə olduğu kimi fəaliyyətimizi davam etdirəcəyik. Bilirsiniz, bizim hotelimizin əsas müştəriləri xarici neft şirkətlərinin əməkdaşları və biznes məqsədilə ölkəyə gələnlərdir. Bu üzdən xüsusi proqramlar, turizm marşrutları üzrə ölkədaxili turlar təşkil etməyə o qədər də tələbat yoxdur. Əslində tələb olsa, təşkilatçılıq baxımından, o qədər də çətin işlər deyil. Sadəcə, tələbat yoxdur. Ancaq gələcəkdə bu sahədə fəaliyyətimizi artırmağı planlaşdırırıq. Bunun üçün səyahət və mədəni turizmi inkişaf etdirməliyik. Yeni yaradılmış Azərbaycan Konqres Bürosunun da bu yöndə mühüm rolu olacağını düşünürük. Çalışırıq ki, Azərbaycanı sadə turistlərin səyahət məkanına çevirək. Bu sahədə uğurlar qazanacağımıza əminəm.
   - Turizm agentlikləri ilə əlaqələriniz necə qurulub? Agentliklər müştəri cəlb edilməsində kömək edə bilirlərmi?
   - Agentliklərlə normal münasibətlərimiz var. Ancaq bu sahədə hələ ki, effektiv işbirliyi qura bilməmişik. Məsələ daha çox obyektiv səbəblərə dayanır. Turizm şirkətləri daha çox işlərini sadə turistlərin cəlb edilməsi üzərində qururlar. Hazırda da bu cür turistləri ölkəyə cəlb etmək asan deyil. Xarici şirkətlərdə çalışanlar, biznes məqsədilə ölkəyə gələnlər isə hotellərlə birbaşa əlaqə qurmağa üstünlük verirlər. Bu səbəbdən hələ ki, agentliklərlə əlaqələrimiz müştəri cəlbində o qədər də böyük rol oynamır. Ancaq gələcəkdə bu əməkdaşlıq daha faydalı olacaq. Bu yenə də tələblə bağlıdır. Hazırda turizm agentlikləri daha çox xaricə səyahətlərin təşkili ilə məşğuldurlar, çünki tələb bu istiqamətdədir.
   - Sizcə, ölkəyə daha çox turist cəlb etmək üçün hansı bazara daha çox üz tutmalıyıq?
   - Yerli hotellər və turizm agentlikləri daha çox avropalı turistlərin arxasınca qaçırlar. Məncə, bu doğru yanaşma deyil. Bunun bir çox səbəbləri var. Birincisi, bu qitənin insanları daha çox tələbkardırlar. Onlar qısa vaxt ərzində səyahət edib, daha az xərcləyəcəkləri və daha yaxşı xidmət görəcəkləri ölkələri, məkanları seçirlər. Bu gün onları çoxlu alternativləri olduğu halda Azərbaycana səyahət etməyə gətirmək çətindir. Çünki onların Yaxın Şərq, Aralıq dənizi ölkələri kimi geniş seçimləri var. Azərbaycana, Bakıya bir çox Avropa şəhərlərindən birbaşa hava reysinin olmaması, viza rejimi ilə bağlı məsələlər də buna təsir göstərir. Düzdür, bu istiqamətdə işlər görülür, birbaşa reyslərin sayı artırılır, viza rejimi sadələşdirilir, ancaq avropalı turistin seçiminə təsir etmək üçün hələ çox işlər görmək lazımdır.
   Digər bir səbəb kimi isə Avropadakı iqtisadi böhranı göstərə bilərəm. Artıq bu qitənin sakinləri əvvəlki illərlə müqayisədə daha az səyahət etməyə üstünlük verirlər. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, Azərbaycan üçün turist cəlb edilməsi ilə bağlı əsas bazar MDB ölkələri olmalıdır. Çünki bu respublikalar artıq inkişaf dönəmini yaşayır, dünyaya çıxmaq istəyirlər. Dil, ortaq keçmiş, mədəni əlaqələr baxımından Azərbaycan bu ölkələrdən turistlər üçün həm rahat, həm də cəlbedici ola bilər. Məncə, əsas təbliğatı bu istiqamətdə qurmaq lazımdır. Türkiyə nümunəsini göstərə bilərəm. Bu gün Antalyada, Bodrumda daha çox ruslar istirahət edir, nəinki avropalılar.
   - “Hyatt Regency” paytaxtımızda fəaliyyətə başlayan ilk lüks hoteldir. Bu gün isə bu kateqoriyadan olan mehmanxanaların sayı kifayət qədər artıb. Bu sizin işinizə necə təsir edir?
   - Məsələyə sırf iqtisadi yöndən baxdıqda bu, rəqabətin artması, müştəri cəlbinin çətinləşməsi deməkdir. Ancaq burada başqa məqamlar da var. İlk illərdə bazarda yalnız biz idiksə, müştəri də az idi. Ancaq indi turist də artıb, hotel sayı da. Bu baxımdan yanaşdıqda elə ciddi fərq hiss olunmur. Sizə bir məqamı deyim. Əgər bu gün dünya miqyaslı hotellər Azərbaycanda fəaliyyətə başlayırsa, bu özü-özlüyündə ölkənin turizm potensialının göstəricisidir. Hər bir hotel öz xətti ilə ölkəyə turist cəlb edir, şəhərin tanınmasına yardımçı olur. Elə turistlər var ki, ölkəyə səyahət barədə qərar verərkən orada hansı brend hotelin fəaliyyət göstərdiyini də nəzərə alır. Bunlar çox ciddi amillərdir. Brend hotellərin Azərbaycanda təmsil olunması ölkənin beynəlxalq imicinin, rifah səviyyəsinin göstəricisidir. Digər bir amil isə rəqabətin turistlərin mənafeyinə xidmət etməsidir. Ölkəyə səyahət edən şəxs daha çox seçim istəyir ki, xidmətdən məmnun qalmadıqda hotelini dəyişə bilsin. Yeni dövrün insanları hər bir xırda detala diqqət yetirirlər. Bütün bunları nəzərə aldıqda yeni hotellərin açılması bizi əsl rəqabətli bazara hazırlayır və işarə edir ki, biz sabaha hazır olmalıyıq.
   - Artıq xeyli müddətdir ki, Azərbaycandasınız. Regionlarımızla tanış olmaq imkanınız olubmu?
   - Şəkidə, Qubada olmuşam. Bu yerləri çox bəyənmişəm. Regionlarınızın da turizm potensialı olduqca yüksəkdir. Bunun da əsas səbəbi fərqliliklərdir. Məsələn, Şəki ilə Quba bir-birinə heç bənzəmir. Fərqli iqlim, danışıq tərzi, adət, mətbəx. Bütün bunlar turistlər üçün maraqlıdır. Bir ölkədə bu qədər müxtəliflik görmək istənilən turist üçün maraqlıdır.
   
   Sadiq Musa